O SƏNMİSƏN? (Virtual eşq haqqında)

O SƏNMİSƏN? (Virtual eşq haqqında)

O sənmisən?
Nağıllardan, xəyallardan gəlmisən qonaq?
Bəlkə də sən heç nağıla inanmırsan.
Amma varsan, İNSAN!
Varsan və nə yaxşı ki,
Mən bunu duya bilirəm.
Bilirəm?
Yox, aldadıram özümü…
Aldadıram ki, guya səni tanıyıram,
Guya bilirəm…
Haqqında nə bilirəm ki?
Adını, soyadını…
Bəlkə elə bunlar da yalandır.
İçimdəki səs isə deyir:
“Olsun, amma sən özün özünü inandır.”
Əsas odur ki, sən mövcudsan,
Yaşayırsan, İNSAN!

*****

Necə də doğmadır gözlərin…
Heç zaman görmədiyim bu gözlərin rəngi belə tanışdır.
Bu necə işdir?
Harada duymuşam bu rəngi?
Bəlkə rəngsiz röyalarımda
tək işıldayan ümidin rəngi belə olub?
Bəs necə olub, bu rəng
röyalardan köçüb,
yollar keçib
gözlərinə dolub?
Səsin belə tanış gəlir…
Bəlkə heç vaxt duymadığım bu səsi də görmüşəm,
…Kim bilir?
Nə vaxtsa eşidəcəyinə ümidi olan karın
qulağına qonaq gələn səs sənindir?
Dilində kilid olan lalın dodağında oxumağa çalışdığım söz bəs?
Sənindir?
Xəttin necədir, İNSAN?
İnanmıram soyuq klavişlərin
isti əllərinin təmasından yaranan
bu eyni biçimli, səliqəli şriftlərin sənə məxsusluğuna,
İnanmıram bu qara hərflərin
səninki olduğuna.
Sənin xəttin başqa cür dadar:
bir az turş,
bir az da şirin.
Axı bu sənin xəttindir, sənin!
Həm də bir az yumşaq olar xəttin,
Elə ki, qayada yazsan,
Xəfifliyindən para-para olar qaya.
Bir az da kiçik…
Elə ki, hərfinin birincisini Yerdə yazırsan,
İkincisi çatır Aya.

*****

Eşitmədiyim gözlərin,
Görmədiyim səsin,
Dadmadığım xəttin…
Niyə bu qədər əzizdir?
Niyə bənzərsizdir?
Bəlkə də xatırlardım,
Cavabını ala bilsəydim,
Səninlə qurduğum xəyallara
Səninlə birgə dala bilsəydim…
Danışan gözlərinə doyunca qulaq asıb,
Gəzişən səsinə doyunca baxardım…
Bəs sonra?
Uydurduğum nağılı öz əlimlə yıxardım?
Yox, sən elə nağıllarda qal, İNSAN!
Gəlmə, qorxuram, birdən sən də başqaları kimi olarsan.
Birdən sənin gözünün rəngi də başqalarındakı kimi olar:
qəhvəyi, ala, qara…
Ümid rəngi hara,
Bu rənglər hara?
Birdən səsin də adidən adi olar:
Radio DJ-in, xanəndənin, xlorsatanın səsi kimi…
Gəlmə, göstərmə mənə arzuladığım səsini, səsimi.
Xəttini görəcəyimdən də ehtiyat edirəm,
Birdən başqa cür dadar:
Səliqəsiz bir məktəbli xətti kimi şit,
Orta əsrlər mirzəsinin lələyindən çıxmış,
Muncuqdan seçilməyən düzülüşü ilə damaq dadımı qaçıran,
dadsız, bəsit,
Ya da özündən savayı kimsənin anlamayacağı həkim xətti,
Dərman kimi acı –
İstəmədən qəbul etdiyin dərd əlacı…

*****

Köhnə tanış,
Səni tapdığıma elə şadam ki…
Madam ki, xəyallar gerçək olur,
O zaman…
Yox!
Əvvəlcə kömək et mənə, İNSAN,
Səni “O” sanmağımla səhv etmirəm ki, görəsən?
Ümid rəngli gözlərinlə cavab ver,
İNSAN, cavab ver:
“O SƏNMİSƏN?”

11 mart, 2009

»

  1. Şəbnəm, burada da ürək ağrıdan nəsə var. Sətirlər o qədər ağirdi ki, bu ağırlığın altından çıxmaq olmur. Mənə elə gəlir ki, əsl sənətkarı yazmağa məcbur edən dərddir, faciədir (sohbət fərdi və cılız problemlərdən getmir) və hesab eləmirəm ki, əsərdə sohbet nə vaxtsa baş vermiş virtual tanışlıqdan gedir, burada nəsə insanın ürəyini qazıyan başqa bir şey var. Bəlkə də, o dərd məsələsi daxilə hopmuş bir şeydir, məcbur edir ki,yazasan. Sadəcə xətti “duymaq” sözü mənə elə gəlir bir az uğursuz ifadədi, bəlkə səhv edirəm, mənim fikrimdi.

    • Bu şeirdən əvvəl də nələr isə yazsam da, elə bilirəm ki, ilk şeirim məhz budur. Çünki birinci dəfə idi, heç nə haqqında fikirləşmədən yazırdım.
      Hə, orada “eşitmədiyim gözlər” və “görmədiyim səs” də var hələ… :-)
      Virtualda yəqin ki, hər şey fərqli olur. Xüsusilə də, eşq…

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s