Ey məzar, görmədəsən yenə üzüqarə məni.
Sualların çevirib sənə – lal məzarə məni.
****
Hələ də torpağımın bir hissəsi məndə deyil,
Hələ də beş-üç dığa edibdir avarə məni.
****
Bu günü bilsə idin, köçməzdin o dünyaya,
Qoymaz idin keşikçi sən bizim diyarə məni.
****
Bilirəm, hərb yoludur bu dərdlərin tək çarəsi,
Nə edim, gəl, qorxudur nədənsə, bu çarə məni.
****
Haqlısan qeyrətimə rişxənd edib gülməyinlə,
Belə qeyrətlə çox azdır çəkələr darə məni.
****
Ey məzar, çox danlama, gəl, sülh yoluynan danışaq,
Keçən illər öyrədib bax, belə rəftarə məni.
****
Bu axan göz yaşı yox, qərənfilin şəbnəmidir,
Quruyubdur göz yaşım, zənn etmə fəvvarə məni.
19 Yanvar, 2007