Şəbnəmin bloqu

Şəxsi xarakterli ədəbiyyat bloqu

  • HAQQIMDA
  • KEÇİDLƏR

YANĞINDAN SONRA

Posted by Şəbnəm on Yanvar 3, 2013
Dərc edildi: Şeirlər. 2 Şərh

od çərşənbəsiKədər də olub həyatımda,

Sevinc də yəqin ki…

Amma qalmayıb yadımda,

Duymamışam heç birini ürəkdən.

Elə ürəyimin özünü də.

…Ehtiyat qapılar olur ha,

Sahibinin belə unutduğu,

Qəfil yanğın vaxtı yada düşən,

Təpiklə açılan paslı qapılar…

Bax, ürəyim də elə imiş…

Yanğına – Səni tanıyana qədər,

Bilmirdim ki, o var…

İndi…

İndi kədəri də, sevinci də

Başqa cür duyuram,

Adi tozdan qıcıqlanan

Allergik xəstə kimi,

Ürəyimin səsini də eşidirəm,

Eşqdən dəm vuran həzin bəstə kimi.

Bəlkə bu yanğın sönsə, yaxşıdır?

O qapı bağlansa,

Hər şey əski halına dönsə, yaxşıdır?

Axı bir ürəyi belə yükləməzlər,

Onsuz da tək olanı,

Bu qədər həsrətlə, qəzəblə,

Dərdlə, əsəblə təkləməzlər.

Qərarın nədir, əzizim –

Getmək, ya qalmaq?

Yanğını söndürmək,

Yoxsa yeni alov qalamaq?

2 Yanvar, 2013

Qiymətləndirin:

2012-ci ilin yekunları

Posted by Şəbnəm on Dekabr 30, 2012
Dərc edildi: Uncategorized. Bir şərh yazın

The WordPress.com stats helper monkeys prepared a 2012 annual report for this blog.

Here’s an excerpt:

600 people reached the top of Mt. Everest in 2012. This blog got about 2,100 views in 2012. If every person who reached the top of Mt. Everest viewed this blog, it would have taken 4 years to get that many views.

Click here to see the complete report.

Qiymətləndirin:

İŞGÜZAR YUXULAR

Posted by Şəbnəm on Noyabr 27, 2012
Dərc edildi: Şeirlər. ölüm,film,keiko matsui,qorxu,veriliş,yuxu,şeir ilə etiketləndi. Bir şərh yazın

Yuxular görürəm,

Qarmaqarışıq,

Filmlər kimi,

Əvvəli-sonu bilinməyən…

Fonda qırmızı işıq,

Kadr, bəlkə də gözlərim əyri, köndələn.

Üç günlük körpə danışar:

“Məni gəzməyə apar”,

Sonra da durub özü gedər gəzməyə,

Qorxusu qalar, canına hopar.

Fonda Keiko Matsui səslənər ağır-ağır,

Ekranda balaca gölməçə – qan.

Bu qanın içində bir qız bağlı gözləri ilə baxar fağır-fağır.

Bir gənc asıb özünü tavandan,

Masanın üzərində iki yanan siqaret

Və kiçik vida məktubu:

“Əzrayılın arxasınca get!”

Bir də sakitcə ürəyini tutub ölən var,

Bu sakitlikdən əsir

Ürəklər,

Dodaqlar,

Kadrlar…

Qorxudan “stop”u basmaq istəyirsən,

Amma yuxudan ayılmaq olmur,

Və ya hamısını işarələyib “delete”-i sıxmaq…

O da alınmır – insan istədiyi vaxt ölmür.

Kadrda göy dənizdir,

Orada da kimsə boğulur…

“Eybi yox, su aydınlıqdır” –

Yuxudaca ümid doğulur.

Və qəbrlər görünür,

Rəngbərəng, cürbəcür…

Fonda musiqi kəsir,

Qəfil “Külək” səslənir, əsir:

“O deyir astaca “sevmirəm səni””

Və sən gəlirsən o anda,

Final maraqlı olsun deyə,

Ala gözlər iri planda,

Pıçıldayırsan:

“Sevirəm səni.”

Bu etirafdan tüklərim biz-biz olur,

Özümə gəlməmiş gülürsən:

“Amma bu yuxudur, yuxular tərs yozulur.”

Ardınca da titrlər…

Saxlamaq istəyirəm onları,

Amma çətin…

Yarımçıq qalır son kadrarxası mətn,

Deyə bilmirəm:

“Nolar, yuxuda mənə nifrət et…”

 

27 noyabr, 2012

Qiymətləndirin:

AYIN ON SƏKKİZİ

Posted by Şəbnəm on Noyabr 25, 2012
Dərc edildi: Nəsr. 21 dekabr,dünyanın sonu,dialoq,Qarşılıqsız sevgi,sevgi,Vaqif Mustafazadə,Şəbnəm Xeyrulla ilə etiketləndi. Bir şərh yazın

– Deyirlər, dünyanın sonuna az qalıb. Hazırsan?

– Nədir? Dünya mənim hazır olub-olmamağımdan asılıdır ki? Dağılacaqsa, dağılsın.

– Yəni bu qədər soyuq münasibət?

– Əminəm ki, Allah yaratdığını dağıtmaq qərarına gəlibsə, mənim haray-həşir salmağıma o qədər də önəm verməyəcək.

– O da düzdür. Amma bu qədər laqeydlik də yaxşı deyil. Təsəvvür elə ki, dünyamız mayalıların dediyi kimi, düz bir aydan sonra – dekabrın 21-də dağılacaq.

– İnanmasam da, hərdən təsəvvür edirəm.

– Amma heç narahat olmursan.

– Narahat olmaq mənə bir növ ikiüzlülük kimi görünür.

– Necə yəni?

– Ona görə ki, bütün günü dünyanın o bucağını söyüb, bu bucağını lazımsız sayırıq, bir millətini alçaldıb, o birini heç adlandırıq, bir ölkə düşmənimizdir, o biri guya paxıllığımızı çəkir… Amma “dünya dağılacaq” deyəndə birdən-birə “Yer kürəsi hamımızın evi”, “bütün insanlar qardaş” olur. Səncə, bu ikiüzlülük deyil?

– Yox, bu qorxu qarşısında birləşmədir.

– Hansı qorxu? Allahın öz yaratdığını dağıdacağından qorxmaq nə qədər doğrudur?

– Filosof! Bilirəm, deyəcəksən ki, biz dünyamızı sona doğru sürükləyib, uçurumun bir addımında olanda etdiklərimizin nəticəsi haqqında düşünən rəzil məxluqlarıq.

– Görürsən ki, özün də bilirsən.

– Gəl, bir az real danışaq. Bax, təsəvvür elə ki, dünyanın sonuna bircə ay qalıb. Bu bir ayı istədiyin kimi keçirmək imkanın var. Nələr edərsən?

– Bir ayı istədiyim kimi keçirmək? Yox, bu çox böyük zamandır.

– Bir ay?

– Hə, insanın istədiyini etməsi üçün bir ay həddindən çoxdur.

– Bəs nə qədər bəs edər?

– Üç gün.

– Cəmi? Yaxşı, bu üç gündə neyləyərsən?

– O qədər şey var ki… Əvvəlcə, hər gün işdən evə gələndə arxamca bütün yolu gələn küçə itini evimizdə saxlayaram.

– Onu indi eləyə bilməzsən ki?

– Yox, evdəkilər qoymur. Amma dünyanın sonuna üç gün qalacaqsa, onları da birtəhər dilə tuta bilərəm.

– Bəs bundan sənə nə olacaq? Savab qazanacaqsan?

– Dedim axı, istədiyimi edəcəyəm.

– Elə budur istədiyin?

– Yox, bir də “sevirəm” deyəcəyəm.

– Kimə?

– Deyirsən ki, bu fani dünyada 25 il yaşayıb sonunda da heç kimə “sevirəm” demədən ölək?

– Elə bircə buna görə “sevirəm” demək istəyirsən?

– Yox, sevdiyim üçün.

– Nədir, indi o sözü deməyə də evinizdəkilər icazə vermir?

– Yox, abır-həya deyilən bir şey var ki, o, yol vermir.

– Əgər dünyanın sonuna üç gün qalmış abır-həyanı itirəcəksənsə, elə bu gün dağılsın dünya.

– Yaxşı, yaxşı, hirslənmə. Ancaq bircə kəlmə deyəcəyəm və gözdən itəcəyəm.

– Başa düşmədim, necə yəni gözdən itəcəksən?

– Yəni həmin adamın gözündən itəcəyəm, daha işə getməyəcəyəm. Hər halda o vurhavurda üç gün işə getməməyimi kimsə qəbahət bilməz.

– Deməli, o adam iş yoldaşındır?

– Hə…

– Bəlkə elə bu gün deyəsən?

– Yox, mən bir ay bu zülmü çəkə bilmərəm. Üç gün isə birtəhər çəkiləcək vaxtdır.

– Başa düşmürəm, niyə buna zülm deyirsən? Axı sevgi xoş bir şeydir.

– Ayın 18-i onun nə qədər xoş olduğunu öyrənəcəyəm. Sonra isə dünyanın sonuna kimi o üç günü yaşamağa çalışacağam.

– Başa düşmürəm, niyə sevgi etirafın haqqında belə danışırsan?

– Çünki ölümdən başqa yolu yoxdur. Qarşılıqlı olsa, xoşbəxtliyimdən öləcəyəm, qarşılıqsız olsa, utanc hissimdən. Heç nə başa düşməsə, onsuz da öləcəyəm. Axı cəmi üç gün sonra dünyanın sonu olacaq.

– Amma sən dünyadan rahat gedəcəksən.

– Hə, ayın on səkkizini gözləmək lazımdır, on səkkizini… Mən də, küçə iti də, o da gözləməlidir.

Qiymətləndirin:

Əvvəlcə AZADLIQ gəldi

Posted by Şəbnəm on Oktyabr 17, 2012
Dərc edildi: Şeirlər. Bir şərh yazın

Əvvəlcə Azadlıq gəldi,

Yığışdırıb yollarına dikilmiş baxışları.

Ardınca çıxdı gizləndiyi yerdən Ümid, nəhayət.

Cəsarətləndi İnam, Dilək, hətta Cəsarət!

Ümid buludların arxasındaymış,

Günəşlə bərabər…

Əvvəlcə Azadlıq gəldi,

Dağıtdı buludları birər-birər…

Ümid də Günəş kimi şəfəq saçdı,

unutdurdu neçə illik yoxluğunu.

Əvvəlcə Azadlıq gəldi,

Sonra İnam yağışları yağdı

Ümidi gizlətmiş buludlardan,

Ürəyə axıtdı

İnam adlı inanılmaz duyğunu.

Əvvəlcə Azadlıq gəldi,

Sonra külək əsdi bilmirəm, haradan,

Adı Dilək!

Əsdi Külək, coşdu Dilək…

Yeni arzularla daşdı ürək…

Əvvəlcə Azadlıq gəldi,

Ardınca deyəsən,

boylanır Sevgi

Bir cüt ala göz şəklində.

Ümidlə işıqlanmış,

İnamla yuyulmuş,

Diləklə açılmış

Pəncərəmdən…

 

18 oktyabr, 2012

Qiymətləndirin:

QAN PULU

Posted by Şəbnəm on Avqust 30, 2012
Dərc edildi: Nəsr. Bir şərh yazın

“Bu ayın da pulu gecikir. Gərək, bir poçta baş çəkim,” – bu fikirlərlə evdən çıxıb rayonun mərkəzinə tərəf üz tutdu. Qarşısına çıxan hər kəs onunla ədəb-ərkanla salamlaşıb kef-əhval tutsa da, səslərindəki soyuqluğu, hətta tənəni də çox yaxşı hiss edirdi. Neçə il idi ki, bu tənə də onunla birgə dolaşırdı. Öz-özünə “sonra da deyirlər, bizimkilər unutqandır, hanı” fikirləşir, amma elə tezcə də “bəlkə də mənə elə gəlir” deyirdi. “Əlbəttə, mənə elə gəlir. Axı neyləmişəm ki, məni ittiham da eləsinlər? Bir oğul böyütmüşəm, müharibəyə yola salmışam. O da şəhid olub. Əksinə, hamı mənə hörmət eləməlidir. Elə edir də. Bax, yol boyu kimi görürəmsə, salamlaşır, ailəmi, qoca anamı soruşur. Bu hörmət deyil, nədir? Bircə o tənəli baxışları olmasaydı…”

Bu düşüncülərlə poçtun qarşısına necə gəlib çatdığını heç özü də bilmədi.  Öz yaşıdı olan poçtalyon Akif onu görər-görməz, salamsız-filansız “pul yoxdur, deyəsən, bu yaxınlarda da olmayacaq” dedi. “Bax, əsl tənə Akifin səsində idi. Daha burada mübahisə edəcək nə var ki? Məndən zəhləsi gedir, heç vaxt da bunu gizlətmir. Hələ pul verəndə… Elə bil oğlumun “şəhidlik pulu”nu yox, dədəsindən qalmış vərəsənin bir hissəsini verir. İmkanım olsaydı, heç almazdım da o pulu. Amma bu imkansızlıq…”

–         Akif, yəni, bu həftə heç olmaz da? – bayaqkı fikrini beynindən çıxarıb mümkün qədər gülər üzlə soruşdu.

–         Yox, məncə, gələn həftə də gözləmə,- sözlərdəki soyuqluq və nifrət açıq-aşkar hiss olunurdu.

–         Bəs mən neyləyim? – ürəyində demək istədiyi sözləri özü də bilmədən ucadan dilinə gətirdi.

–         Neyləyəcəksən? İşlə. Hamı necə, sən də elə. Maşaallah, hələ canın suludur, harada desən, iş tapa bilərsən.

Bəli, köhnə söhbət təzələnmişdi. Həmişəki kimi susmaq, başını aşağı salıb səssiz-səmirsiz evə yollanmaq istəmədi. Heç özü də bilmədi, illər boyu içinə yığılan sözlər dilindən necə çıxdı:

–         Axı məndən nə istəyirsən? Sənin də, elə bütün rayonun da mənə bir can borcunuz var. O boyda oğul vermişəm bu vətənin yolunda. İndi qoy, bu vətən məni bu qoca yaşımda saxlasın. Deyirsən, canım suludur. Axı haradan biləsən ki, oğlum öləndən sonra belim necə qırıldı? Nə biləsən bunları?

Sözlərindəki naləni özü hiss etsə də, Akifin heç tükü də tərpənmədi. Deyəsən, ona inanmaq fikri yox idi. Bu az imiş kimi dilini də dinc qoymadı:

–         Neçə ildir oğlunun ruhu naminə heç kim səsini çıxarmır. Sən də elə fikirləşirsən, heç nə bilmirik. Çox da uzaq tarix deyil ki, unudaq. Elə sən özün isti-isti hər şeyi bütün kəndə danışmışdın. Oğlunun hansısa zabitlə dalaşdığını, sonra həmin zabitin onu güllələdiyini özün deməmişdin?

Eşitdiklərindən tutuldu. Ən pisi odur ki, yenə də həmin hadisələr gözlərində canlandı. Oğlu hərbi xidmətə yollansa da, əslində müharibədə idi. Atəşkəs yenicə imzalanmışdı, amma hələ də cəbhə xəttində atışmalar davam edirdi. Belə günlərin birində oğlunun ölüm xəbərini aldı. Əvvəl 19 yaşlı Rəsulun düşmən tərəfindən güllələndiyini düşünsə də, bir müddət sonra hər şeyin üstü açılmışdı. Əsl baş verənləri öyrənəndə əvvəlcə hiddətindən yerə-göyə sığmayıb hərbi hissə komandirlərini tribunal-filanla qorxutsa da, səsini tez kəsmişdi. Daha doğrusu, ona başa salmışdılar ki, oğlunun adi qətl qurbanı olduğunu deməkdənsə, qoy, “şəhid” adını düzəltsinlər. Sən demə, qatil zabitin əli çox yuxarılara çatırmış. O vaxt nə düzüb-qoşdularsa, Rəsulun düşmən gülləsindən öldüyü haqqında sənəd hazırladılar. Beləliklə, artıq neçə illər idi ki, həmin “şəhid” adına görə dövlətdən pul alırdı. Bunu hamı bilir, elə bu səbəbdən ona nifrət edirdilər.

…Evdə onu ailəsi gözləyirdi. Əliboş gəldiyi üçün heç kimin üzünə baxa bilmirdi. Yadına nə düşdüsə, qoca anasından kömək istəmək qərarına gəldi:

–         Ana, o işlətmədiyin xalçanı verə bilərsən, satım?

Anası çaşqın baxışları ilə illərdir yığılıb divarın bir küncünə söykənmiş xalça bükməsini göstərdi: “Bunumu deyirsən? Bu xalçanı satmaq istəyirsən?”

–         Hə, onu. Rəsulun pulunu yenə vermədilər. Evə də çox şey lazımdır. Ümidim o pula idi, bilirsən də. Deyirəm, onsuz da o xalçanı işlətmirik. Bəlkə verəsən, satım?

Anası çətin vəziyyətə düşmüşdü. Gözlərindən yaşlar süzüldükdə dediklərindən peşman oldu: “Yaxşı, bir şey fikirləşərəm. Vermirsən-vermə, amma ağlama.”

–         Bala, xalça üçün ağlamıram. Yadıma o xalçanı alıb evə gətirdiyim gün düşdü. Atanın bolşevik olduğunu bilirsən də. O vaxt qaçaqlarla döyüşəndə güllələndiyini, öldüyü dərəyə adının verildiyindən də xəbərdarsan.

–         Hə, ana, bunların hamısını bilirəm. İndi niyə danışırsan bunları?

–         O vaxt Sovet hökuməti atanın qan bahası olaraq mənə pul kəsmişdi. Həmin pula heç nə edəcəyimi bilmirdim. Nəhayət, bu xalçanı alıb evə gətirdim. Nənən – qayınanam xalçanı hansı pula aldığımı görəndə qəzəbindən üstümə qışqırdı: “Sən oğlumun qan puluna alınmış xalçanı yerə sərəcəksən, gəlib-gedən də onu tapdalayacaq?” O vaxtdan bu xalça bir dəfə də yerə dəyməyib. Elə bükülü halda evin bir küncündədir. İldə bir dəfə havaya çıxarıb, yenə də qaytarıb yerinə qoyuruq. İndi bunu satsan, kimsə də ayağının altına salıb tapdalasa…, – anası daha göz yaşlarını saxlaya bilmədi. Hıçqıra-hıçqıra “axı o qan puludur” deyə bildi.

“Qan pulu? Axı o nə olan şeydir, ana?”

 

2012

Qiymətləndirin:

“ASSORTI FOR YOU”

Posted by Şəbnəm on Avqust 30, 2012
Dərc edildi: Nəsr. 5 Şərh

Ayrılığımızdan üç ildən çox vaxt keçirdi. İlk ayları, bəlkə də ili çətinliklə yaşamışdım. Hər günü “sabaha çıxa bilmərəm, ölərəm” fikri ilə keçirdiyim o vaxtlarda həmdəmim ondan qalan xatirələr olurdu. Lənətə gəlmiş xatirələrdən beynimin hansısa yerində qorunub saxlananlar da var idi, maddi olanları da. Telefonumun gizli hissəsində yerləşdirdiyim 713 SMS-lik qovluğu, heç kim tapmasın deyə, noutbukumun “ən dərin” yerlərinə atdığım məndə olan yeganə fotoşəklini və səs yazısını hansı bölgüyə əlavə etməyi dəqiq bilmirəm. Axı onları da əldə tutmaq olmur. Baxmayaraq ki, hər gün bu xatirələri üzə çıxarandan sonra noutbukumun ekranını qucaqlaya, telefonumu köksümə sıxa bilmək imkanım olurdu. Hə, ondan mənə qalan bir şey də var: hədiyyə etdiyi musiqi diski. 172 musiqi nömrəsindən ibarət bu diski öz zövqünə uyğun olaraq mənim üçün yazmışdı.

Bir gün anladım ki, hər dəfə yenilədiyim, izlərinə taxılıb qaldığım bu xatirələr düşündüyüm kimi həmdəmim, yardımçım deyil, əksinə düşmənlərimdir. Onlardan aldığım qüvvə təsəlli yox, özünüməhvdir. Həmin gün tövbə elədim: onunla bağlı hər şeyi həyatımdan çıxaracağıma, daha haqqında düşünməyəcəyimə söz verdim. Çətin idi, bir günün içində həyatı dəyişə bilməzsən. Gör, nə qədər şeyin üstündən xətt çəkməli idim… Əvvəlcə SMS, fotoşəkil, səs yazısı və diskdən başladım. Onları silməyə, atmağa gücüm çatmasa da, bir daha baxmayacağıma, oxumayacağıma, dinləməyəcəyimə and içdim. Bunlar onu unutmaq yolunda çox adi şeylər olsalar da, hər halda irəliləyiş idi. Getdikcə onun sevdiyi filmlərə baxmamağa, xoşladığı müəlliflərin əsərlərini oxumamağa, onun ola biləcəyi yerlərə getməməyə çalışırdım. Çətin olsa da, alınırdı. Bu minvalla bir gün onu tamamilə unudacağıma da inanırdım. Bircə gecələr yatağıma uzananda biixtiyar gözümdən axan yaşlar olmasaydı, hər şey yaxşı olacaqdı. Neyləyim ki, o göz yaşlarını saxlamaq əlimdə deyildi. Nə qədər xoş şeylər haqqında düşünməyə çalışsam da, hər şeyi beynimdən bir kənara atsam da, “gecə ağlamaqları” kəsmək bilmirdi.

Bir dəfə təsadüfən maraqlı xalq inancı haqqında oxudum. Sən demə, göylərdə bir pəri, ya da mələk var. O pəri gecələr ağlayan qızların səsinə həzin bir musiqi kimi qulaq asıb zövq alırmış. Buna görə də hər dəfə gecə düşən kimi həmin pəri səsini dinlədiyi qıza səslənib yenə də ağlamasını istəyər. Qızların səbəbsiz (guya) göz yaşları da buna görə olur. İnanca görə həmin pəriyə ağlamamaqla qalib gəlmək lazımdır. Yoxsa ömrünün sonuna kimi onun “nəğməkarı” olacaqsanmış.

Bəlkə də çoxlarını bu əhvalat qorxudardı. Amma mən bunları oxuyandan sonra sevinirdim. Bu dünyada heç kimi, hətta özünü belə xoşbəxt etməyi bacarmadığım halda göylərdəki bir pərini, mələyi ağlamağımla bəxtəvər edə bilirəmsə, nə mutlu mənə. Ömrünün sonuna qədər bir pərinin nəğməkarı olmaqdan, göyləri sevindirməkdən gözəl nə ola bilər?! Bundan sonra hər gecə o pəriyə səslənib, “sənin üçün ağlayıram, qulaq as” deyib göz yaşlarımı axıdardım. Fikrimdə pərinin obrazını da yaratmışdım. Mənim pərim imperissionist rəssamların çəkdiyi qıvrım, sarı saçlı qız deyildi, cavan, keçəl, ümid rəngli gözləri ilə ətrafdakılardan təbəssümünü əskik etməyən bir oğlan idi. Bir sözlə, O idi!

Yuxuya gedə bilmədiyim gecələrin birində radio dinləmək qərarına gəlmişdim. Gecə biri keçmişdi, FM dalğasında musiqilər səsləndirilirdi. Təqdimatsız-filansız bir-birinin ardınca səslənən musiqi nömrələri məni elə bir vəziyyətə saldı ki, göz yaşlarım da qurudu. Bu musiqilərin hər biri mənim diskimdən idi – onun mənə hədiyyə etdiyi, adını “Assorti for you” (“Sənin üçün assorti”) qoyduğu diskdən. Bir saatlıq konsert proqramında o diskdən kənar bircə musiqi də səslənmədi. Bu təsadüf həmin gecə yatmağıma da mane oldu. Növbəti gecə yenə də həmin saatı gözləyib radionu qoşdum. Daha burada təsadüf deyilən bir şey yox idi. Bu dəfə səslənənlər dünənki musiqilər olmasa da, yenə də həmin diskdən idilər. Artıq yatağıma ağlamaq ümidi ilə deyil, mənim diskimdən olan musiqiləri dinləmək üçün uzanırdım. Onun mənə sevdirdiyi Enio Morikkone, Alim Qasımov, Akif İslamzadə, Maksim, Faiq Sücəddinov, Ramozotti bu dəfə təkcə mənim üçün deyil, bütün dinləyicilər üçün səslənirdi. Buna görə də hər gecə həmin musiqiləri dinləməyi tövbəmi pozmaq kimi deyil, adi qəbul etməyə çalışırdım.

Kim olsa fikirləşərdi ki, yəqin gecə konsertlərini təşkil edən odur. Amma mən belə düşünə bilmirdim. Çünki onu kifayət qədər tanıyırdım. Bilirdim ki, o indi təsəvvür etdiyim kimi göylərdə, hansısa mələk məqamındadır, yerlə, özü də hansısa radio ilə bağlılığı ola bilməz.

Təsadüf olmadığı açıq-aşkar olan bu gecə konsertləri beynimdə belə fikir yaradırdı: dicey bir xanımdır. Nə vaxtsa Onu sevib. Elə o xanıma da mənə hədiyyə etdiyi diskdən verib. Nə qədər ağlasığmaz görünsə də, mən belə qəbul edirdim. Yox, bu, qısqanclıq hissi-filan deyildi. Axı onun məni heç vaxt sevmədiyini çox yaxşı bilirdim. Bilirdim ki, o mənə ancaq dost kimi baxıb. Yalnız mən axmaq onu sevmişəm. Buna görə də ikimiz də ayrılmağa qərar vermişik. İndi həmin xanıma da yazığım gəlirdi. Çünki hiss edirdim ki, o da mənim kimi ondan ayrılığının acılarını yaşamaqla məşğuldur. Axı qadınlar qarşılıqsız sevdikləri hallarda məhəbbətlərini bu şəkildə ictimailəşdirirlər. Yalnız bircə ümidlə ki, məhəbbətlərindən xəbərdar olanlar arasında sevdikləri də olacaq.

Günlərin birində həmin xanımla tanış olmaq, söhbətlərini dinləmək istəyim yarandı. Radioda işləyən tanışlarımdan birindən gecə 1-2 arası hansı diceyin çalışdığını öyrənmək istədim. Məlum oldu ki, həmin saatlarda radioda heç bir dicey olmur, konsertləri daha erkən saatlarda tərtib edib diskə yazırlar. Kompyuter avtomatik olaraq ardıcıllıqla musiqiləri səsləndirir. O zaman tərtibçinin kimliyini bilmək istədiyimi dedim. Tanışım növbəti gün zəng edib tərtibçinin bir gənc xanım olduğunu dedi. Onunla görüşmək istəyimi bildirdim. Tanışımın böyük səyləri ilə nəhayət ki, görüşümüz baş tutdu…

Qarşımda gözəl, incə bir qadın durmuşdu. Üzündən sual və qorxu oxunurdu. Çəkinə-çəkinə kim olduğumu soruşdu. Sualına sualla cavab verdim, Onun adını çəkib, hələ də sevib-sevmədiyini soruşdum.

Ağzımdan çıxan adı eşidən kimi yerində quruyub qaldı. Elə sifət almışdı ki, az qala səhv etdiyimi düşündüm. Üzr istəyib uzaqlaşmaq istədiyim məqamda o da mənə sual verdi. Həm də mənim sualımdan daha sarsıdıcı birini. Adımı çəkib o olub-olmadığımı soruşdu. Əvvəl elə bildim ki, yəqin radioda işləyən tanışım ona adımı deyib. Amma üzündəki ifadə onun da mənim kimi nələr isə bildiyinindən xəbər verirdi. Çaşqınlığımdan istifadə edib danışmağa başladı:

–                    Onunla dörd ay əvvəl evlənmişik.

Eşitdiyim xəbər ayaqlarımı yerdən üzdü. Axı onun nə vaxtsa evlənəcəyini bilirdim. Bu xəbərə niyə təəccüb edirdim ki. Üzr istəyib uzaqlaşmaq lazımdır. Ailə dağıtmaq, həm də sevdiyimin ailəsini dağıtmaq mənə yaraşmaz. Olmaz!

–                    Bağışlayın… Deyəsən, səhv salmışam. Sizi başqası bilmişəm… Mən…

–                    Narahat olmayın, artıq boşanırıq, – bu sözləri elə sakit dedi ki…

Yox, uzaqlaşmaq lazım deyil. Əvvəlcə, hər şeyi öyrənmək lazımdır. Üç ildən sonra yenidən izinə düşmüşəm. Öyrənməmiş getmək düzgün deyil:

–                    Axı niyə? Onu sevmirsiniz ki?

–                    Mən? Mən sevirdim. İndi də sevirəm. Amma o sevmədi. Bilirsiz, əslində bu yenilik deyil. Lap əvvəldən, evlənməmişdən məni sevmədiyini, heç vaxt da sevə bilməyəcəyini demişdi. Ümumiyyətlə, o heç kimi sevmədiyini deyirdi.

Heç kimi sevə bilməyəcəyi xəbəri mənim üçün yenilik deyildi. Amma bu gənc xanımın ona ərə getməsi məni təəccübləndirirdi. Təəccübümü boğmayıb soruşdum:

–                    Bəs siz? Bunu bilə-bilə evlənməyə razılaşmışdınız?

–                    O mahnılarda deyildiyi kimi, ikimizin yerinə sevə biləcəyimi düşünürdüm. Sevdim də.

–                    Ancaq dörd ay?

–                    Yox. Bu dörd ayda anladım ki, onun “heç vaxt heç kimi sevməyəcəyəm” deməsi yalandır. Əslində o sevir.

–                    Sevir? Kimi?

–                    Sizi!

Deməyə, sual verməyə söz tapa bilmirdim. Necə yəni məni? Bu mümkün olan şey deyil. Axı bu dünyada heç kəs onun sevgisinə layiq deyil. Mən isə ümumiyyətlə!

O isə hələ də davam edirdi:

–                    Bəli, sizi. Təəccüblənməyin, etiraf eləməsə də sizi sevir. Hərdən düşünürəm ki, heç özü də sevdiyindən xəbərsizdir. Bilirəm ki, bura diskinizin səsləndirilməsi marağı ilə gəlmisiniz. Düzdür?

Danışa bilmədiyim üçün başımın işarəsi ilə sualına təsdiq cavabı verdim. O elə bil daha təmkinli olduğunu göstərmək üçün dayanmadan danışırdı:

–                    Bu diski nə vaxtsa sizə hədiyyə etdiyini bilirəm. Kompyuterində qovluq kimi bir nüsxəsini də saxlayır. Qovluğun adında da sizin adınız var. Ona görə kimliyinizi bildim. Hər gecə bu musiqilərə qulaq asırdı. Mən başa düşürdüm ki, o, məhz sizi xatırlamaq üçün musiqiləri dinləyir. O sizi sevir. Əmin olun… İndi də dinləməyini istəyirəm. Bu musiqiləri onun üçün, sizə olan sevgisinə görə səsləndirirəm.

Ağlayırdım. Özümü saxlaya bilməyib onu qucaqladım. Deyəsən, o da buna bənd idi. Hönkürməyə başladı. Hıçqırıqlarla qulağıma pıçıldayırdı:

–                    Yerini deyim. Gedin yanına.

–                    Deməyin, mən onsuz da onun yerini bilirəm. Bilirəm ki, göylərdədir. Hər gecə onun üçün ağlayıram. O da məni eşidir.

Dediyimdən heç nə anlamasa da, başı ilə təsdiq edirdi. Sözlərimə inandığını görüb məni narahat edən sualı da ona verdim:

–                    Bacım, siz bilərsiz, görəsən, o gündüzlər də bizim ağlamağımıza qulaq asır? Asırsa, ağlayaq. Qoy, qulaq asıb özünü xoşbəxt hiss eləsin…

 

2012

Qiymətləndirin:

OYNANILMAMIŞ ROLLAR

Posted by Şəbnəm on Avqust 23, 2012
Dərc edildi: Dramaturgiya. amma,Aydın,Cəfər Cabbarlı,dram,kitab,Platonik sevgi,pyes,Qarşılıqsız sevgi,sevgi,tamaşa ilə etiketləndi. Bir şərh yazın

İştirak edirlər:

Qadın – 28-35 yaşlarında, qara geyimli, üzü görünməyən

Qız: – 20-25 yaşlarında, bədən quruluşuna görə Qadına oxşayır, səsləri də bəznərdir

Oğlan: – 23-28 yaşlarında, hündürboy, idmançı görkəmində

Bukinist – 50-50 yaşlarında kişi

Nənə: – 65-75 yaşlarında, Qızın nənəsi

Ər: – 30-35 yaşlarında

Birinci epizod:

Səhnə qaranlıqdır. Lap ön hissədə yuxarıdan yalnız bir yer işıqlandırılıb. Orada qadın əyləşib. Əynində qara rəngdə geyim var. Əlində güzgü və qrim var. Əvvəlcədən də rəngli olan üzünə müxtəlif boyalar çəkir.

Qadın: – O günü indi də yaxşı xatırlayıram. Kitab kimi, roman kimi başlayan sevgilər deyirlər ha, bizdə də elə olmuşdu. Amma sözün əsl mənasında. (Danışdıqca üz-gözünü rəngləyir. ) Yox, yolda nə qədər keçiləsi yer olduğu halda gəlib bir-birimizlə toqquşub əlimdən kitabları salmamışdım. Hər şey başqa cür olmuşdu. Başqa cür… (Son sözlər təkrarlandığı vaxt qarşıdakı işıq sönür. Arxa tərəf işıqlanır. Orada qarşısına çoxlu kitab yığmış qoca Bukinisti görürük. Fikizi görünüşünə görə həmin qadına bənzər, amma daha gənc görkəmdə bir qız yaxınlaşıb maraqla kitabları nəzərdən keçirir. Bukinistin onu tanıdığı hiss olunur.)

Bukinist: – (gülümsünərək) Qızım, yenə hansı məsələni araşdırmaq istəyirsən?

Qız: – Hə, əmi, budəfəki lap ciddi məsələdir.

Bukinist: – Ciddi? Yenə müəlliminiz nə danışıb elə?

(Söhbətin bu yerində Oğlan onlara yaxınlaşır. Diqqətlə gah qıza, gah da Bukinistə baxır)

Qız: – Dərsimiz Əhməd Cavadın həyat və yaradıcılığı olub. Hamımızı maraqlandıran bir sual var idi ki, o vaxt hansı şairimiz Əhməd Cavada qarşı çıxışlar edib, onun haqqında danoslar yazıb.

Bukinist: – Yəni müəlliminiz bu suallara cavab verdi?

Qız: – Yox, demək istəmirdi. Amma biz də əl çəkmək istəmirdik.

Oğlan: – Axırı nə oldu?

Qız: – (təəccüblə Oğlana baxır) Başa düşmədim.

Oğlan: – Deyirəm, Əhməd Cavadın qatilini müəyyənləşdirə bildiniz?

Qız: – Qatili deyəndə ki, onu hamı bilir də.

Oğlan: – Kim?

Qız: – Rejim. Bizə maraqlı olan “sapı özümüzdən olan baltalar” idi.

Oğlan: – Hər şeyi adı ilə çağırmaq, daha yaxşı olmazmı? Elə “sapı özümüzdən olan balta” dedikləriniz də qatildir. Qatil sadəcə tapançanın tətiyini çəkənə demirlər ki. Həmin silahı işə salmağa təhrik edən bircə kəlmə söz deyən də “qatil”dir.

(Qız cavab verə bilmir, tutulur. Bukinist bunu hiss edib, müdaxilə edir.)

Bukinist: – Hə, indi bu sualına cavab tapmaq üçün sənə hansı kitab lazımdır?

Qız: – (çətin vəziyyətdən çıxdığına sevinirmiş kimi) Hə, müəllim bircə bunu dedi ki, 90-cı illərin əvvəllərində Əhməd Cavadla bağlı bir kitab çap olunub. Həmin kitabda adlar göstərilməsə də, Cavadın əleyhinə çıxışların tam mətni verilib. Dedi ki, diqqətli oxucu onları oxuyub kimliklərini müəyyənləşdirə bilər. İndi həmin kitabı axtarıram.

Oğlan: – (şaqqanaq çəkib gülür) Əladır ki…

Qız: – (hiddətlə) Başa düşmədim, nəyə gülürsünüz?

Oğlan: – Sən demə, qarşımda əsl detektiv dayanıb.

Bukinist: – (gülümsünür) Hə, bu balaca xanım heç vaxt elə-belə kitab almır. Həmişə nə isə məqsədi olur. Keçən dəfə Ərtoğrol Cavidin “9 variasiya” kitabını almışdı. Onu da xüsusi məqsəd üçün.

Oğlan: – Xüsusi məqsəd e. (gülür) Yox bir, xüsusi tapşırıq.

Qız: – (hirslə oğlanı göstərir) Əmi, tanışınızdır?

Bukinist: – Yox, sənin kimi alıcıdır. İntəhası, birinci dəfədir görürəm.

Oğlan: – Xanım, alış-verişinizə mane oluramsa, gedə bilərəm.

Qız: – Yox, istəmərəm, mənə görə əminin alverinə ziyan dəysin. (kinayə ilə) Qalın, bəlkə siz də bir kitab aldınız.

Oğlan: – Desəm ki, ehtiyacım yoxdur?

Qız: – İnanaram. Adətən başqalarına lağ edənlərin oxumağa ehtiyacı olmur.

Oğlan: – Mən alsam, xüsusi tapşırıqsız, məqsədsiz alacağam ha.

Bukinist: – Oğlum, bax, burada kitabların hamısı deyil. Maraqlandıran bir şey varsa, de, tapa bilərəm.

Oğlan: – Maraqlandıran şey bu xanımın Ərtoğrol Cavidin “9 variasiya” kitabını hansı məqsədlə almasıdır.

Bukinist: – (xatırlamış kimi) Hə, onu deyirdim axı… Deməli, keçən dərslərində Hüseyn Cavidi keçibmişlər.

Oğlan: – (sözünü kəsir) Nədir, siz repressiya ədəbiyyatı keçirsiniz?

Qız: – Nəzərinizə çatdırım ki, mən universitetin filologiya fakültəsinin tələbəsiyəm. Ədəbiyyatımızı bütünlüklə keçirik.

Oğlan: – Aha… Maraqlıdır. Demək ki, qarşımdakı elə-belə adam deyil. Nə isə… Harada qalmışdıq? Hə, Cavidi keçmisiniz.

Qız: –  (maraqla danışmağa başlayır) Hə, deməli, söhbət Cavid ailəsindən düşəndə müəllimimiz maraqlı bir fikir işlətdi. Ərtoğrol Cavidin bəstəkarlıq fəaliyyətindən danışdı.

Oğlan: – Bunu hələ keçən dərs öyrənmisiniz?

Qız: – İmkan verin, sözümü bitirim də. Əlbəttə, Ərtoğrolu tanıyırdım. Amma müəllimimiz dedi ki, onun əsərləri bizim tanıdığımızdan daha çox olub. Ölümündən sonra vəziyyətdən istifadə edən tələbə yoldaşlarından hansısa Ərtoğrolun əsərlərini öz adına çıxıb.

Oğlan: – Nədənsə heç təəccüblənmədim. Amma həmin bəstəkarın adını bilmək istərdim.

Qız: – Müəllim demədi. Ancaq bunu dedi ki, hazırda hamımızın çox hörmətlə adını çəkdiyimiz bir şəxsdir, artıq dünyada da yoxdur, ona görə də kimliyini bilməyimiz vacib deyil.

Oğlan: – Qəribə müəlliminiz var. Əgər bir sözü deməyəcəksə, əvvəlini niyə danışır?

Qız: – Görürsünüz ki, sizdə də maraq yarandı.

Bukinist: – Qızımızda da maraq yarandığı üçün Ərtoğrolun kitabını almışdı.

Oğlan: – Siz filoloqsunuz, ya musiqiçi?

Qız: – Musiqi təhsilim də var. Fortepiano sinfini fərqlənmə ilə bitirmişəm.

Oğlan: – Deyirəm də, qarşımdakı elə-belə adam deyil.

Qız: – (əsəbi) Yenə də lağ etməyə başladınız.

Oğlan: – Yox, ciddi deyirəm. Hə, indi isə deyin görək, araşdırmanızın nəticəsi nə oldu? Plagiatla məşğul olan hörmətli bəstəkarımız kim olub?

Qız: – Düzü, bəzi nəticələrə gəldim. Amma dəqiq olmadığı üçün deməyəcəyəm. Günaha girmək istəmirəm.

Bukinist: – Heyf… Mən də elə bilirdim, bu gün böyük bir sirrin üstünü açacağıq.

Oğlan: – Əmi, yox, bu qız təriflədiyiniz qədər də qoçaq deyil. İnanmıram ki, indi alacağı kitabdan da bir şey araşdırıb çıxara bilsin.

Bukinist: – (əlində qəhvəyi üzlü bir kitab tutub) Deyəsən, müəllimin bu kitabı deyib, qızım.

Qız: – (kitabı alır) Qoy, baxım.

Oğlan: – Bir kitabdan ki, heç nə öyrənə bilməyəcəksən, oxumağın nə faydası?

Qız: – (diqqətini kitabdan ayırıb hirslə oğlana baxır) Hə, deməli, siz buna görə kitab oxumursunuz?

Oğlan: – Onu kim dedi sizə?

Qız: – (sualı qulaqardına vurub, üzünü bukinistə tutur) Əmi, hə, bu kitabdır. Neçəyədir?

Bukinist: – Sənin üçün bir manata.

Oğlan: – (qıza) Bir sual verəcəyəm, amma düşünmədən cavab verin.

Qız: – (Çantasından pul çıxarır) Buyurun.

Oğlan: – Sevdiyiniz pyes hansıdır?

Qız: – Cəfər Cabbarlının “Aydın”ı.

Oğlan: – Hm… Onda yəqin ki, Şillerin “Qaçaqlar”ını da bəyənirsiniz. Düz tapdım?

Qız: – Hə, düzdür.

Oğlan: – İstəsəniz, bunlara əsasən xasiyyətinizi də deyə bilərəm.

Qız: – Psixoloqsunuz?

Oğlan: – Yox, iqtisadçıyam. Amma psixologiyanı psixoloqlardan daha yaxşı bilirəm.

Qız: – Ədəbiyyat kimi?

Oğlan: – Elə də demək olar. Amma sizdən sonra. (pauza) Hə, nə deyirsiniz, xasiyyətinizi deyim?

Qız: – Əgər “Aydın”a və “Qaçaqlar”a görə romantik olduğumu deyəcəksinizsə, səhviniz var. Mən əsərləri oxucu kimi deyil, peşəkar kimi qiymətləndirirəm.

Oğlan: – Yəni romantik deyilsiniz?

Qız: – Bəli!

Oğlan: – Yaxşı, belə olsun. Amma yadda saxlayın ki, mən də səhv eləmirəm.

Qız: – (pulu Bukinistə uzadır) Əmi, bu da sizin pulunuz. Çox sağ olun.

Bukinist: – Sağ ol, qızım. Tez-tez gəl.

Qız: – Baş üstə. (oğlana) Siz də sağ olun, hörmətli psixoloq! (uzaqlaşır)

Qız səhnədən tam uzaqlaşmamış oğlan da tez-tələsik Bukinistlə vidalaşır, qızın arxasınca qaçıb, ona çatır.

Oğlan: – Yolunuz uzaqdır?

Qız: – Bəs siz kitab almayacaqdınız?

Oğlan: – Dedim axı, almağa ehtiyacım yoxdur.

Qız: – Hə, doğrudan, yenə də unutdum ki, sizin kimilərin oxumağa ehtiyacı olmur.

Oğlan: – Oxumağa yox, almağa. (bu sözləri deyə-deyə pencəyinin iç hissəsindən bir kitab çıxarıb göstərir və göz vurur)

Qız: – Başa düşmədim, nədir ki bu? Almısınız?

Oğlan: – Almamışam, götürmüşəm. Mən həmişə belə eləyirəm.

Qız: – Yəni, oğurlamısınız?

Oğlan: – Kitab götürmək oğurluq sayılmadığı üçün sadəcə, “götürmüşəm” deyək.

Qız: – Necə yəni oğurluq sayılmır? Siz nə danışırsınız?

Oğlan: – Bəs eşitməmisiniz ki, kitabı oğurlamaq günaha yazılmır?

Qız: – O qoca əmidən oğurlamaq günahdan da artıqdır. Heç utanırsınız? Verin o kitabı. (oğlanın əlindən kitabı alır)

Oğlan: – Neyləyirsiniz?

Qız: – Geri verəcəyəm. (Bukinistə doğru qaçır. Oğlan da biixtiyar onun arxasınca düşür)

Bukinist: – Qızım, nə oldu?

Qız: – Əmi, bu kitab… (cümləni necə bitirəcəyini bilmir, Oğlana tərs-tərs baxır) Bu kitab… Bayaq baxırdım, elə yadımdan çıxıb, yerinə qoymamışam, əlimdə qalıb. Yolda yadıma düşdü.

Bukinist: – (kitaba baxır) Cəfər Cabbarlının pyesləri. Yəqin bayaq “Aydın” haqqında danışanda əlinə almısan. Çox sağ ol, qızım. Səninkimiləri azdır. İstəyirsənsə, sənə hədiyyə edərəm bu kitabı.

Qız: – Yox, əmi, sağ olun. O kitaba daha artıq ehtiyacı olanlar var yəqin ki. (xüsusi vurğu ilə) Pulunu verib, alıb oxuyarlar. Bir daha sağ olun. (oğlana doğru çevrilir) Arxamca düşməyi heç ağlınıza da gətirməyin. (pıçıltı ilə) Yoxsa sizi polisə verərəm.

Oğlan: – (pərt halda) İnanıram. (Qız səhnədən uzaqlaşır)

İkinci epizod:

Yenidən səhnənin ön hissəsi işıqlanır. Biz bayaq əlində güzgü və rənglər tutmuş qadını görürük. Üzündə gülüş ifadəsinə bənzər bir qrim var.

Qadın: – O gün elə bilirdim ki, daha onu görməyəcəyəm. Niyə də görməliydim? Adi bir yoldan keçən müştəri idi. Özü də oğru. (gülür) Qəribədir, əlindən o qədər əsəbiləşsəm də, sonradan onu pərt etdiyim üçün özümü qınayırdım. Baxmayaraq ki, Bukinist əmiyə onu satmamışdım. “Düz eləmişdim, ya yox” – yəqin ki, ilk dəfə idi etdiyim hərəkət haqqında bu qədər düşünürdüm. (pauza) Bu sualın cavabını onunla növbəti görüşümdə tapdım. Hə, növbəti görüşdə… Növbəti…

Yenidən səhnənin ön hissəsi qaralır, arxa tərəfi görürük. Adi bir yol kənarı, səkidir, ətraflarında mağazalar var. Tələbələrin səs-küyü, maşın səsləri eşidirik. Arada insanlar o tərəf-bu tərəfə keçir. Oğlan divara söykənib, keçənlərə diqqətlə baxır. Birdən Qızın gəldiyini görür. Cəld üst-başını düzəldib, ona tərəf gedir. Qız onu görüncə çaşır.

Oğlan: – Bu, yaşadığım mühit və həyat şərtlərinin mənə vеrdiyi tərbiyədir. Mən çocuqkən yеtim qaldığımdan, bircə bacımdan başqa kimsə mənə baхmazdı. Bacımın əri və günüsü həmişə məni və mənim üstümdə yazıq bacımı danlayar,kimsə məni insan bilməzdi.

Qız: – (çaşqın halda) Başa düşmədim, indi hərəkətinizə bəraət qazandırmaq fikrinə düşmüsünüz? Bunları mənə niyə danışırsınız?

Oğlan: – (şaqqanaq çəkib gülür) Tanış gəlmədi? Bu ki sizin sevdiyiniz əsərdən – “Aydın”dandır. Dram elə bu sözlərlə də başlayır. Bu da bizim filoloq…

Qız: – (pərt kimi) Hə… Deyirəm axı, sizdən belə sözlər çıxmaz.

Oğlan: – Siz məni tanıyırsınız ki, necə sözlər deyə biləcəyimi də deyəsiniz?

Qız: – Məncə, tanıyıram. Özünü bütün elmləri bilən hesab edən, özündənrazı, başqalarını lağa qoymağı xoşlayan birisiniz. Üstəlik də… (sözünü bitirə bilmir)

Oğlan: – Üstəlik də oğruyam. Çəkinməyin, üzümə deyin. (kinayə ilə) Siz ki qoçaq qızsınız. Yalanı qəbul eləmirsiniz…

Qız: – (bir müddət söz tapa bilmir) Bura niyə gəlmisiniz? Deməyin ki, təsadüfən keçibsiniz.

Oğlan: – Yox, niyə ki, mən də sözün düzünü deyə bilirəm. Bura sizi görməyə gəlmişəm.

Qız: – Niyə?

Oğlan: – (haradansa kitab çıxarır) Bunu sizə verməyə.

Qız: – (təəccüb və hirslə) Necə? Yenə həmin kitab?

Oğlan: – Hə, Cəfər Cabbarlının pyesləridir. “Aydın” da var. Yenidən oxusanız, pis olmaz. Görürəm, yadınızda qalmayıb.

Qız: – (ehtiyatla) Kitabı yenə də götürmüsünüz?

Oğlan: – “Götürmək” nədir, “oğurlamaq” deyin də. Yox, bu dəfə oğurlamamışam. Pulla almışam, 3 manata. İstəsəniz, Bukinist əmidən soruşa bilərsiniz.

Qız: – Lap yaxşı. Amma mən istəmirəm. Siz oxusanız yaxşıdır.

Oğlan: – Mən? Mən lap uşaq yaşlarından Cabbarlının bütün yaradıcılığını əzbər bilirəm. Ona görə ehtiyacım yoxdur.

Qız: – Elədirsə, o gün niyə bu kitabı götürmüşdünüz?

Oğlan: – Oğurlamışdım. Sizin üçün.

Qız: – Niyə?

Oğlan: – İstəyirdim ki, mənim necə biri olduğumu biləsiniz. Beləcə, tanış olaq.

Qız: – Deyəsən, heç də yaxşı yol deyildi.

Oğlan: – Əksinə, ən düzgünü idi. Sizə əvvəldən kim olduğumu göstərdim. Çünki… Çünki (aktyorlara bənzər bir vəziyyət alır) Mən kimsə üçün görünməz qala bilmərəm. Məni hər kəs görməli, tanımalıdır. Çünki mən bir həqiqətəm, mən bir hеç dеyiləm, mən bir divar da dеyiləm.

Qız: – Yenə də “Aydın”dan?

Oğlan: – Bəli, “Aydın”dandır. Bir bilsəniz, mən necə də böyük səhnədə Aydın rolunu oynamaq istərdim…

Qız: – Siz hələ aktyorluq da bacarırsınız?

Oğlan: – Bilmirəm. Yoxlamamışam da. Amma Aydını oynayardım.

Qız: – Mən isə Gültəkini yox.

Oğlan: – Bilirəm niyə.

Qız: – Niyə?

Oğlan: – Mənim sevgilim rolunu oynamaq istəməzdiniz. (gülür)

Qız: – Haqlısınız. Bu dəfə psixoloqluq qabiliyyətiniz köməyinizə çatdı. (gülür)

Oğlan: – Amma nə еtmək ki, əsrimizdə şöhrət və böyüklük qapalı bir еvdədir ki, yiyəsi altun, açarı təsadüf, qorucusu isə ölümdür.

Qız: – Aydın, Aydın…

Üçüncü epizod:

Yenə səhnənin arxa tərəfi qaralır, ön tərəfdəki hissə işıqlanır. Həmin qadın yenə də güzgü və rənglərlə qarşımızdadır. Üzündə tam bir gülüş ifadəsi var.

Qadın: – O gündən görüşlərimiz adi bir həyat qaydasına çevrildi. Günüm kitablarsız və onsuz boş bir şey idi. Artıq hər gün universitetin qarşısına gəlib məni gözləməyinin səbəbini də soruşmurdum. Axı nə mənası vardı bunun? Əsas o idi ki, bizə birlikdə maraqlıdır, yaxşıdır. Bu sevgi idi? Bilmirəm. Nə o sevgidən danışırdı, nə mən. Bizim daha maraqlı mövzularımız var idi: ədəbiyyat, incəsənət, musiqi, teatr, kino. Hərdən siyasət, hərdən də din. Hər görüşümüzdə məni öz ağlı, dərrakəsi ilə təəccübləndirirdi. Evdə isə… Evimizdə yeni dostum haqqında heç nə bilmirdilər. Klassik azərbaycanlı ailəsi olaraq onların bir oğlanla dostluğumu yaxşı qarşılamayacaqlarını bilirdim. Buna görə də onu, onunla olan görüşlərimi hər kəsdən gizləyirdim. Mən bunları gizlətdiyim vaxt evimizə gələn elçilər, onların aldıqları rədd cavabları da bir-birini əvəzləyirdi.

Səhnənin ön tərəfi qaralır. Arxada sadə bir həyət evi görünür. Daha doğrusu, həyət hissəsi və evin qapısı görünür. Həyətdə stol, stullar, yelləncək var. Qız yelləncəkdə yellənir. Üzündə təbəssüm var, hiss olunur ki, xoşbəxtdir. Evin qapısından Nənə çıxır. Qızın xoşbəxtcəsinə yelləndiyini görür.

Nənə: – Yenə də Gülçöhrə kimi yellənirsən?

Qız: – (gülür, sanki acıq verirmiş kimi, Gülçöhrənin ariyasını oxuyur) Aşiq oldum, aşiq oldum…

Nənə: – Hə? Hanı o aşiq olduğun? Heç görmürəm.

Qız: – Kim? (gülür)

Nənə: – Hələ bir soruşur da. Ay qız, elçilərə “yox” deməkdən dilimiz tük götürdü e. Sən əvvəl-axır birinə gedəcəksən?

Qız: – (Gülçöhrə sayağı) Nənə, mən görməsəm, sevməsəm, ərə getmərəm.

Nənə: – Ay qız, kimdir sənin qabağını alan? Gör, sev, get də. Bizim vaxtımız deyil ki. Şükür Allaha, gözüaçıq qızsan, hər gün dərsə, şəhərə gedirsən. Yəni bir bəyəndiyin yoxdur?

Qız: – Nənə, səncə, ərə getmək üçün görüb sevmək bəs edər?

Nənə: – Başqa nə istəyirsən ki?

Qız: – Bəs mənim görüb sevdiyimin sevməsi lazım deyil?

Nənə: – O adamın gözü kordur ki, sənin kimi qızı sevməsin?

Qız: – (ah çəkir) Bilmirəm, ay nənə.

Nənə: – Doğrudan, ay qız, kimdir o bəxtəvər?

Qız: – Bəxtəvər? Bəs deyirdin ki, məni alan adam bədbəxt olacaq? Əlimdən iş gəlmir, bütün günü kitab-dəftərdən danışacağam, baş-beynini siyasətlə-zadla xarab edəcəyəm. (gülür)

Nənə: – Orası elədir. Amma yəqin ki, sən bəyənmisənsə, özünə uyğunu olar da. Doğrudan, kimdir o? Haralıdır? Biz tanıyırıq?

Qız: – Sən də ki, nə tez inandın mənim sevdiyimə. Zarafatdır da eləyirəm. Yoxsa mən hara, sevmək hara?

Nənə: – Yəni deyirsən, heç kim yoxdur?

Qız: – Yox!

Nənə: – Onda nə özünü naza qoymusan? Bu gələnlərdən birinə “hə” de, qurtarsın da. Yoxsa kənddə söz-söhbət gəzir ki, qız niyə hamıya “yox” deyir. Şəhərdə gəzdiyi-zad var yəqin.

Qız: – (hirslə) Kim deyir onu?

Nənə: – Daha gəlib sənin üzünə deməyəcəklər ki? Bu gün bir-iki nəfər pıçıltı ilə deyirsə, sabah hamı danışacaq. Boş-boş şeylərə görə hamıya yox deməzlər axı.

Qız: – Səncə, mənim dediklərim boş səbəblərdir? Axırıncı gələn hansısa özəl universitetin hüquq fakültəsinə pulla daxil olmuşdu. Səncə, eləsi ilə mənimki tutardı?

Nənə: – Sən də lap ağını çıxarırsan e. İndi işləyir ki. Heç kim də demir, pulla oxuyub. Həm də ki, pulun olmağının nəyi pisdir?

Qız: – Ağıl olmayandan sonra nə qədər olsa da, heç nəyə lazım deyil o pul.

Nənə: – Yaxşı, bunu başa düşdük. Bəs ondan əvvəlki? Həm qohum idi, həm də universitet oxumuşdu.

Qız: – (gülür) Gördüm də oxumağını. Şairi nasirdən ayıra bilmirdi.

Nənə: – Axı o sənin kimi ədəbiyyatçı deyil.

Qız: – Belə şey üçün universiteti qurtarmaq lazım deyil. Elə adamlar var ki, iqtisadiyyatı qurtarıblar, amma ədəbiyyatı məndən yaxşı bilirlər.

Nənə: – Onda get, elələrini tap. Özü də tez. Bax, bu ilin axırına kimi bəyəndiyin biri gəlib səni bizdən istəməsə, öz bildiyimiz adama verəcəyik.

Qız: – Məcburən?

Nənə: – Məcburən niyə? Hələ iki ayın var, gör də nə fikirləşirsən.

Dördüncü epizod:

Səhnənin ön hissəsi işıqlanır. Qadın yenə də üzünü rəngləməkdə davam edir. İndi üzündə təşvişi xatırladan bir qrim var.

Qadın: – Nənəmin nə qədər ciddi olduğunu bilirdim. Bilirdim ki, qərarının arxasında atamın da fikri durur. Amma bir kişiyə qızı ilə belə məsələləri danışmaq yaraşmadığı üçün iş başına nənəm keçmişdi. Demək olar, hər gün evimizdə eyni söhbətlər gedirdi. “Filankəsin qızı məndən kiçikdir, ərə getdi, mən isə hələ də evdəyəm”. “Keçmiş sinif yoldaşlarımın uşaqları bu gün-sabah məktəbə gedəcəklər, mən isə hələ də dərs oxumaq haqqında fikirləşirəm.” Gizli-gizli öz bəyəndikləri, bir neçə dəfə evimizə xəbər göndərmiş namizədin də tərifi gedirdi. Bunları vecimə almırdım. Axı o var idi. Elə bilirdim, o bütün bunlardan xəbər tutsa, hər şey dəyişəcək. Necə də inanırdım… Uşaq kimi…

Yenidən səhnənin arxa hissəsi işıqlanır. Qoşa addımlayan Oğlanla Qızı görürük. Qız tez-tez saatına baxır.

Oğlan: – Niyə belə tez-tez saatına baxırsan? Hara isə gecikirsən?

Qız: – Evə.

Oğlan: – Vacib bir işin var?

Qız: – Yox, amma bu axırda evimizdəkilər dərsdən çıxdığım vaxtla evə çatdığım vaxtı hesablamaqla məşğuldurlar. Hər dəqiqəyə görə danışırlar.

Oğlan: – Bu axırda belə olub ki? Niyə?

Qız: – Əvvəl də var idi. Amma bu qədər də yox. İndi lap ağını çıxarıblar.

Oğlan: – Axı niyə?

Qız: – Elə bilirlər, gizli sevgilim var, onunla görüşürəm dərsdən sonra.

Oğlan: – (gülür) Sənin sevgilin var? (az qala şaqqanaq çəkir) Yox bir nə…

Qız: – (pərtliyi hiss olunur, amma özünü sındırmamaq üçün gülür) Nə bilim e, məni ərə vermək üçün bəhanələr axtarırlar.

Oğlan: – Necə? Sevgilin olduğunu bilsələr, ona ərə verəcəklər səni?

Qız: – (məyus) Ona da olmasa, alan birinə verəcəklər hər halda.

Oğlan: – (gülür) Yazıq səni alan.

Qız: – Sən də nənəm kimi danışmağa başladın?

Oğlan: – Nənən nə deyir ki?

Qız: – Deyir ki, məni alan bədbəxt olacaq, baş-beynini öz axmaq fikirlərimlə dolduracağam o yazığın.

Oğlan: – (ciddi) Nahaq yerə elə düşünür. Nə olub ki sənə? Gözəl, ağıllı, hərəkətlərini bilən, həm də qabiliyyətli bir qızsan. Səni alan oğlan dünyanın xoşbəxti olacaq.

Qız: – Doğrudan deyirsən?

Oğlan: – Əlbəttə.

Qız: – Amma mənə özüm kimisini tapmaq çətin olacaq, deyəsən. Mənim kimi ikinci dəli var görəsən dünyada? Əlbəttə, səni saymasaq.

Oğlan: – Hə, məni saymasan yaxşıdır.

Qız: – (pərt halda, guya söhbəti dəyişir) Sən necə, evlənmək haqqında fikirləşmirsən ki?

Oğlan: – Yox, bilirsən ki, mən başqa ideyalarla yaşayıram. Uşaqlıqdan bu ideyaları özüm üçün yol olaraq seçmişəm.

Qız: – Aydın kimi?

Oğlan: – Aha. (pafosla, aktyorcasına) Mən istəyirdim bütün dünya mənimlə hеsablaşsın, küçələrdən kеçərkən, Aydın gəlir dеyə, хalq məni barmağilə göstərsin. Mən istəyirdim, əyilmədən kimsə yanımdan kеçməsin. Mən istəyirdim bütün bəşəriyyət mənim fikrimə tapınsın…

Qız: – Bilirəm, “Aydın”dandır. Amma doğrudan sənin istəyin də belə idi?

Oğlan: – (hələ də roldan çıxmayıb) Bəli! Böyüdükcə, bu arzu da böyüyürdü. Həyata yanaşınca, içindəki təzadları, birinin varlı, birinin yoхsul, kiminin hakim, kiminin məhkum olduğunu görüncə, bu arzu dəyişib, bir fikrə çеvrildi: bütün yaşayışda bir inqilab yaratmaq. Mən diriliyi yеni əsaslar üzərində qurmaq üçün bütün bəşəriyyəti qan dənizlərində çimdirib, insanlığın çеynənmiş sümükləri üzərində sağ qalacaq bеşyaşlı səbilər üçün, səadət sarayları tikdirmək istəyirdim.

Qız: – Yaxşı, özünə gəl. Bəsdir.

Oğlan: – Ah, necə də Aydını oynamaq istərdim.

Qız: – Mən isə Gültəkini oynamaq istəməzdim.

Oğlan: – Bilirəm.

Qız: – Səbəbini də bilirsən?

Oğlan: – Bəlkə də.

Qız: – Nədir?

Oğlan: – Hər halda, keçən dəfə dediyim deyil.

Qız: – Düz deyirsən. Mən heç səhnədə də səni aldatmaq, xəyanət etmək istəmərəm.

Oğlan: – (duruxur) Bilirəm.

Qız: – (Saatına baxır) Daha gecdir. Mən getməliyəm. Hələlik. (uzaqlaşır)

Beşinci epizod:

Səhnənin ön hissəsi işıqlanır. Qadının üzündəki qrim məyus bir ifadə yaradıb. Özü də doluxsunub.

Qadın: – O gün söhbətimizin başqa cür olacağını düşünmüşdüm. “Səni sevirəm” sözləri dilimin ucunda idi. Amma deyə bilmirdim. Bilməzdim də. Və nə yaxşı ki, demədim də. Axı elə bilirdim ki, bu sözləri o deyəcək. (ağlayır) Evdə isə “hə” deyəcəkləri elçini qarşılamağa hazırlıq işləri gedirdi. Əlbəttə, mənim razılığım da alınacaqdı. Amma bu sadəcə, söz idi. Əsl razılığı artıq vermiş kimi idilər. Mənim heç bir çıxış yolum qalmadığı üçün “hə” deyəcəkdim. Axı nənəmin dediyi vaxt bitmişdi. Həmin günə qədər sonuncu dəfə Onunla danışmaq qərarına gəldim.

Qarşıda işıqlar sönür. Səhnənin arxa tərəfi işıqlanır. Oğlanla Qız skamyada əyləşiblər. İkisinin əhvalı yoxdur.

Oğlan: – Buyur, eşidirəm. Nə idi “ciddi” dediyin söhbət?

Qız: – Sabahdan bura gəlmə.

Oğlan: – Niyə?

Qız: – Çünki mən ərə getməyə hazırlaşıram?

Oğlan: – (gülür) Hazırlaşırsan? Ona necə hazırlaşırlar? Məşq-filan edirsən?

Qız: – (əsəbi) Gülməli deyil. Gələn həftə mənə elçi gəlir. “Hə” deyiləcək.

Oğlan: – Deyiləcək, ya deyəcəksən?

Qız: – Fərqi yoxdur, hər halda məsələ ciddiləşəcək. Ona görə bura gəlməməlisən.

Oğlan: – Niyə? “Qaqaş” çox qısqancdır?

Qız: – Hə, ağır xasiyyəti var.

Oğlan: – Aha… Deməli, yaxşı tanıyırsan onu.

Qız: – (əsəbi) Niyə də tanımayım? Gələcək ərimdir, elə-belə yoldan keçən deyil ki.

Oğlan: – Mənim kimi yoldan keçən?

Qız: – (pərt halda) Nə isə, “əlvida” demək üçün axırıncı dəfə danışmaq istədim.

Oğlan: – Başa düşürəm. Xoşbəxt ol.

Qız: – Olmayacağam. (doluxsunub)

Oğlan: – Niyə? O da mənim acığıma?

Qız: – Çünki mən onu sevmirəm.

Oğlan: – Bəs o?

Qız: – Mən nə bilim? Guya onu tanıyıram? Ya o məni tanıyır? (ağlayır)

Oğlan: – Bəs xasiyyəti ağır oğlan idi…

Qız: – Başqa nə deyərdim ki?

Oğlan: – Hər halda yalan yox.

Qız: – Mən xoşbəxt olmayacağam. Amma sən get və ol.

Oğlan: – (Pafosla, aktyorcasına) Oх, gözəl məlakəm! Nə еtmək ki, özümdə fikrən bütün dünyaya hakim olmaq qüvvəti hiss еdən mən, təkcə səni də хoşbəхt yaşada bilmirəm. Nə еtmək, sən ki mənim fikirlərimi bilirsən, kimsə anlamırsa, barı sən məni anla…

Qız: – Yenə də Aydın…

Oğlan: – (təkrar edir) Barı, sən məni anla.

Qız: – Anlayıram, bilirəm ki, ürəyə hökm etməzlər. Bizimki də buraya qədərmiş.

Oğlan: – (yenə də aktyor kimi, pafosla) Məni darıхdıran bir şеy varsa, o da sənin bеlə ağır günlər kеçirdiyindir.

Qız: – Roldan çıx, sənə axırıncı sözümü demək istəyirəm.

Oğlan: – Nə?

Qız: – Sənə olan hisslərimi. İstəyirəm, hər şeyi bilib, sonra gedəsən.

Oğlan: – (yenə də roldadır) Mən istəyirdim ki, sеvdiyim məni sеvməsin. Ona çatmaq ümidilə yüksəlmək, çırpınmaq, çarpışmaq, yuхusuz gеcələr, qanlı vuruşmalar, əzab, göz yaşları, mübarizə… nəhayət, napolеonvarı, yurduma dönərkən, istiqbalıma çıхmış qızlar tərəfindən başıma səpilən çiçəklər altında məni görməsini və hеsablaşmaq əlaməti olaraq, ancaq gülümsəməsini istəyirdim. Yorulurkən, ümidilə qüvvətlənib durmaqsızın irəli, dayanmaqsızın yüksəklərə! Yеnə iztirab, yеnə göz yaşları. Yalnız ölərkən, son nəfəsdə dodaqlarımı dodaqlarına sıхıb: mən bir həqiqətəm, mən bir hеç dеyiləm! – dеyə, qalibiyyət və iftiхar sеvinclərində boğulub ölmək istəyirdim.

Qız: – Bəsdir, özünə gəl. Mənə qulaq as. Mən səni həqiqətən də…

Oğlan: – (sözünü ağzında qoyur, əli ilə ağzını qapadır, danışmağa qoymur, pafosla davam edir) Siz həyatı anlamırsınız. Sеvdiyini alanlar altun qəfəsə bağlanmış bir bülbüldən başqa hеç bir şеy dеyildir. Halbuki, məncə, səbətlər bucağında yaşayıb hər çiçəkdən bir şəhd alan bir arı kimi olmaqdan, böyük səadət yoхdur. O bir çiçəyi хoşlar, qonar, doyar, qalхar, başqasını bəyənər, ona doğru yönələr. Könül tənəvvə düşkünüdür.

Qız: – Bəsdir! Sən Aydın deyilsən.  Sən… (ağlayır)

Oğlan: – (çılğıncasına, roldan çıxmayaraq) Sən… еy məqsədi qaranlıq həyatın işıqlı Ulduzu! Sən, еy işıqlı Şərqin qaranlıq yavrusu! Bu Allah qədər pak, səmimi hеyətinlə, bu məsum, zavallı görkəminlə səni kim sеvməyə bilər? Fəqət ağla! Bacardıqca ağla! Nə qədər bilsən, bu qara gözlərə ağlamaq yaraşır!

Qız: – (qəti hərəkətlə göz yaşlarını silir, ayağa qalxır) Bilirsən nə var? Əlvida!

Oğlan: – (elə bil birdən ayılır, öz halına qayıdır) Bir bilsən Aydını səhnədə necə oynayardım…

Qız: – Mən isə Gültəkini…

Oğlan: – Oynamazdın…

Qız: – Oynayardım.

Oğlan: – Niyə?

Qız: – Heç olmasa səhnədə sənin qucağında, dodağım dodağında ölmək üçün… (cümləsini bitirən kimi iti addımlarla oradan uzaqlaşır)

Oğlan isə bir müddət şaşqın halda arxasınca baxır. Yenidən arxa tərəf qaranlıqlaşır. Ancaq ön tərəf işıqlanır. Qadın yenidən rənglərlə üzünü boyamaqdadır. Üzündə ağlayan qrim var.

Altıncı epizod

Qadın: – Həmin gün evə gedən kimi gələn elçilərə “hə” demələrini tapşırdım. Onsuz da “hə” deyəcəkdilər. Amma məndən belə qəti cavab da gözləmirdilər. Hər şey istədikləri kimi oldu.

İndi ərli qadınam. Onu da həmin vaxtdan görməmişəm. Neçə vaxtdır bir ümidlə yaşayıram – nə vaxtsa Gültəkini oynamaq. Axı Aydın o olacaq. Ancaq buna görə axtarırdım Aydını. Səhnəyə onunla birgə çıxmaq istəyirdim. Sonuncu səhnədə həqiqətən zəhər içmək kimi bir fikrim var idi. Zəhər içmək, amma ona deməmək. Qoy, səhnədə bilsin bunu. Qoy, dodağım dodağına dəyərkən duyduğu acıdan başa düşsün zəhərləndiyimi… (pauza)

Dünən “Aydın”ın afişasını gördüm. Gözlərim afişadakı adları axtarırdı. Elə bilirdim, rejissor sözlərinin qarşısında “Həyat”, Aydın rolunun qarşısında isə onun adını oxuyacağam. Necə də inanırdım buna…

Yenidən səhnənin ön hissəsi qaralır. Arxada elə Qadını öz qara görkəmində görürük. Amma üzündə rənglər yoxdur. Yanında isə Əri var. Teatr afişaları yerləşdirilmiş stendin yanından keçirlər. Birdən Qadın nə isə görübmüş kimi dayanır. Afişalara baxır.

Qadın: – Aydın… Aydın…

Ər: – Kim?

Qadın: – Aydın da… Gedək, gedək baxaq.

Ər: – Kimdir ki o? Müğənnidir, ya meyxanaçı?

Qadın: – (heyrətlə onun üzünə baxır) Nə?

Ər: – Deyirəm, kimdir? Mən ancaq meyxanaçı Aydın tanıyıram.

Qadın: – Aydın… Aydın daha yoxdur!

Ər: – Necə yəni? Bəs demirsən gedək baxaq?

Qadın: – Gültəkin də yoxdur.

Ər: – O kimdir?

Qadın: – Öldülər onlar? İkisi də öldü.

Ər: – Nə vaxt?

Qadın: – Elə indi. Həyatımın necə olduğunu anladığım gün. Aydını heç vaxt tapmayacağımı, görməyəcəyimi başa düşdüyüm an öldülər.

Ər: – Nə deyirsən… Başa düşmürəm…

Qadın: – Başa düşməzsən. Çünki bu gün mən də öldüm. Bütün arzularımla, xəyallarımla öldüm. Sonuncu səhnədə zəhər içib öldüm.

Ər: – Nə zəhər? Sən nə danışırsan?

Qadın: – Sənin sözlərin… Hər şeydən xəbərsizliyin… Zəhərdən acı oldu bunlar. Mənim bir ömür bunları dadmağım isə ölümdən betərdir.

Ər: – Bu, hansısa kitabdandır? Bilirsən ki, mən kitab-zad xoşlamıram.

Qadın: – (aktrisa kimi) Kimsə məni gözləməz, kimsə də mənə gərək dеyildir. Artıq mən hər şеydən usandım, hər şеydən yoruldum, hər şеydən uzaqlaşdım. Oх, kеçmiş günlərim… O vaхtlar mən nə qədər хoşbəхt, nə qədər gözəl idim! Amma indi!.. Mən nə idim, indi nə oldum!

Ər heç nə başa düşmədən üzünə baxır. Qadın isə dizi üstə düşür, yerdən rəngləri götürüb, üzünə qəmli qrim çəkməyə başlayır.

Pərdə

Qiymətləndirin:

RAMAZAN ŞEİRİ

Posted by Şəbnəm on İyul 25, 2012
Dərc edildi: Uncategorized,Şeirlər. 1 Şərh

Nə yaxşı, xatirələrin orucu olmur,

Yoxsa sənə görə

Gündə yüz kərə,

Orucu pozulan kafir olardım.

Heyf ki, xatiələrin fitrəsi olmur,

Yoxsa sənə görə

Gündə yüz kərə

Qəlblər sevindirən mömin olardım.

25 iyul, 2012

Qiymətləndirin:

SƏN YOXSAN

Posted by Şəbnəm on Noyabr 2, 2011
Dərc edildi: Şeirlər. 2 Şərh

Yatmaq istəyirəm, yuxum gəlmir.

Sayıram…

Nə qoyun, nə ulduz…

Səbəb sayıram – məni qoyan yuxusuz.

Çatmır, əskikdir nə isə,

Bəlkə, bir cüt ümid rəngli göz,

Yaxud bir-iki iynəli, tikanlı söz,

Gülüşüm – bəzən elə-belə, səbəbsiz,

Gözyaşım – kinsiz, qəzəbsiz,

Alimin Şirvan şikəstəsi,

Morikonenin bəstəsi,

Bir əl dama oyunu – ud ya uduz, fərq etməz,

Giley-güzar, uzun-uzadı, bitməz..,

Yatmaq istəyirəm, yuxum gəlmir.

Sayıram, səksən, doxsan…

Aha, deyəsən, tapdım:

Səbəb bir – Sən yoxsan!

Qiymətləndirin:

Yazı naviqasiyaları

← Əski yazılar
  • Kateqoriyalar

  • Ən son yazılar

    • YANĞINDAN SONRA
    • 2012-ci ilin yekunları
    • İŞGÜZAR YUXULAR
    • AYIN ON SƏKKİZİ
    • Əvvəlcə AZADLIQ gəldi
    • QAN PULU
    • “ASSORTI FOR YOU”
    • OYNANILMAMIŞ ROLLAR
  • Ən çox oxunan yazılar

    • MƏLƏK
  • Təqvim

    Mart 2023
    BE ÇA Ç CA C Ş B
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031  
    « Yan    
  • Sonuncu şərhlər

    ARAZ XƏZƏRƏ TÖKÜLÜR üçün Şəbnəm
    ARAZ XƏZƏRƏ TÖKÜLÜR üçün enigmatic22
    YANĞINDAN SONRA üçün Şəbnəm
    YANĞINDAN SONRA üçün Mircelal
    MƏN VƏ ŞAXTA BABA üçün Şəbnəm
  • Elektron poçtla yeniliklər haqqında bildiriş almaq üçün e-mail ünvanınızı bura daxil edin.

    Digər 17 abunəçiyə qoşulun
  • Bloqun ümumi statistikası

    • 9. 959 baxış
  • SAYĞAC

    free counters
  • İLK 10

    ILK-10 Azeri Website Directory
  • Arxiv

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Parament tərəfindən WordPress.com.
Şəbnəmin bloqu
WordPress.com Bloqu. Mövzu: Parament.
Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Şəbnəmin bloqu
    • Already have a WordPress.com account? Log in now.
    • Şəbnəmin bloqu
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...