Tez-tez qəribə yuxular görürəm. Neçə dəfə istəmişəm ki, ayılan kimi qələmi əlimə götürüb, ya da kompüterin arxasına keçib bu yuxuları bir bədii yaradıcılıq nümunəsi halına salım. Sonra da vaz keçmişəm ki, yox, birdən özümdən başqa da oxuyan olsa, mənə nə deyər. Deməzlər ki, mövzu, sujet, hadisə tapmır, nə isə yazmaq naminə keçib yuxulara, sayıqlamalara. Düzdür, ara-sıra müasir ədəbiyyatda yazanların da təxminən elə öz yuxularından və ya yuxudan uzaq getməyən cızmaqaralarından ibarət kitablarına rast gəlirəm. Baxmayaraq ki, onlar bunu etiraf etmirlər, amma, necə deyərlər, “kor-kor, gör-gör”.
“Mən onlardan niyə geri qalım?” prinsipi ilə ötən gecəki yuxumu yazmağa qərar verdim. “Yuxunu suya, Aya danışarlar, kağıza yox” – deyib mənə gülməyin. Əvvəlcə yuxumu diqqətlə oxuyun, sonra deyin görək, bunu hara danışmaq lazımdır. Xətrimi istəyənlər, dostlarım bəlkə də belə deyəcəklər: “Özünə yazığın gəlsin, bunu ümumiyyətlə danışmazlar.”
Deməli belə, görürəm ki…
* * * * * * * * * * * * * *
Tanış mənzərəli bir aləmə düşdüm. Nə qədər xatırlamağa çalışsam da, heç cür bu yerin hara olduğunu təyin edə bilmədim. Ətrafımda gördüyüm böyük bir göl, gölün kənarındakı ucsuz-bucaqsız yaşıllıq və hündür ağaclar nədənsə mənə çox doğma görünürdü. Buranın hara olduğunu müəyyənləşdirmək üçün bir kimsə axtarmağa çalışdım. Çox vurnuxdum, təəssüf ki, gözümə bir nəfər də insan övladı görünmədi. Yorulub əldən düşdüm, gölə yaxınlaşdım ki, əl-üzümə su vurum. Elə əlimi suya toxundurmuşdum ki, gözüm o tərəf-bu tərəfə üzən saysız-hesabsız balıqlara sataşdı. Balıqların qəribə görünüşü məni lap heyrətə gətirdi: boyunlarında qalstuk, gözlərində eynək. Burada nə isə bir sirr olduğunu yəqin etdim. Nə qədər inanılmaz olsa da, Allahın bu dilsiz heyvanlarını sorğu-suala tutdum ki, bu nə görkəmdir, sizə nə olub. Nə qədər sual verdimsə, eynək altındakı gözlərin parıltısından başqa heç bir reaksiya görmədim. Buna baxmayaraq, onlardan əl çəkmir, hələ də nə isə öyrənməyə çalışırdım. Elə bu vaxt qulağıma qəribə bir səs gəldi:
– Özünü yorma, insan, onlar heç vaxt danışmazlar, Allah onları belə yaradıb.
Qəribə o idi ki, bu insan səsindən sonra uzun bir qoyun mələməsi də gəldi. Ətrafıma baxdım. Səs yaxından gəlsə də, heç bir insan övladı görə bilmədim. Əvəzində qarşımda bir qoyun sürüsü durmuşdu. Qoyunlar başını aşağı salıb yaşıl otu ləzzətlə yeyir, mələyir və sevindiklərindən şıllaq da atırdılar.
– Mənimlə danışan kimdir? – deyə qışqırdım. Qoyunlardan biri başını qaldırıb dedi ki, “mən”. Bir az əvvəl eynəkli, qalstuklu balıqlar belə məni bu dərəcədə heyrətə sala bilməmişdilər.
– Bəs siz necə, danışa bilirsiniz ki, – deyə az qala təəccüb qarışıq bir qışqırıqla soruşdum.
– Gördüyün kimi, – sözü elə dedi ki, sanki burada elə bir möcüzə yox imiş.
– O zaman mənə de görüm, bütün bunlar nə deməkdir – sənin danışmağın, balıqların görkəmi…
– Bağışla, heç nə deyə bilməyəcəyəm, çünki mən də düşünə bilmirəm. Allah bizi də belə yaradıb.
– Axı heç olmasa, ucundan-qulağından bir şey deyə bilərsən. Elə deyil?
– Ey insan, məni bəlaya salma, qoy bir tikə çörəyimi qazanım, çörək nədir e, otumu yeyim.
– İndi mən heç nə öyrənmədən, bilmədən qalım?
– O mənim işim deyil, mənim balalarım var, başımın ağrımasını istəmirəm.
Qoyundan bir şey öyrənə bilməyəcəyəmi başa düşdüm. Əllərimi qoşalaşdırıb, başımı yuxarı qaldırdım ki, Allaha bu möcüzəsi üçün dua edim, mənə düz yol göstərməsini istəyim. Elə başımı qaldıran kimi, ağacın hündür budaqlarının birində oturmuş bir neçə tutuquşu gördüm. Tutuquşuların üzündə həyasız bir ifadə var idi, elə bil mənə istehza edirdilər.
– Siz necə, danışa bilirsiniz, – artıq təəccübsüz-filansız tutuquşulardan soruşdum.
– Danışırıq, özü də necə lazımdır, – deyə tutuquşulardan biri aşağı uçub lap çiyin bərabərimdə oturdu.
– Bəs düşünməyi bacarırsınız?
– Onu da bacarırıq, amma düşündüyümüzü deyil, bizə öyrədiləni, təlqin ediləni danışırıq.
– İndi mənə kömək edə bilərsiniz? Başa sala bilərsiniz burada nələr baş verir, – az qala quşa yalvararaq nə isə danışmasını istəyirdim.
– Çalışaram, – deyəsən, tutuquşunun da mənə yazığı gəlmişdi.
– Buyur, mənə bu qəribə görkəmli balıqlar, danışanlar qoyunlar və nəhayət özün haqqında danış.
– Ey, insan, bil ki, biz, yəni burada gördüyün bu canlılar – balıqlar, qoyunlar və tutuquşular bir vaxtlar insan idik. Hamımız bir ölkənin vətəndaşları idik. Təbiətin gözəlliklərindən də görə bilərsən ki, necə qəşəng bir ölkəmiz olub. Amma bu yalnız Allahın bizə bəxş etdikləri idi. Özümüz isə… Heç birimiz özümüzü bu diyara layiq, vətəndaş kimi apara bilmirdik. Ölkədə ədalətsizlik, özbaşınalıq, nadanlıq baş alıb gedirdi. Bax, o gördüyün balıqlar ölkənin ziyalıları idi: alimlər, müəllimlər, şairlər, yazıçılar, jurnalistlər… Əvvəl onların bir hissəsi ölkədə baş verən qanunsuzluğa etiraz etməyə, nə isə deməyə, yazmağa çalışırdı. Başçımız onların ağzını çox tezliklə yumdu. Bəzisini pulla, ad-sanla şirnikləndirdi, bəzisini həbsə saldı, bəzilərinin qətlini sifariş etdi. Nə isə, sonda beş-on nəfər danışan ziyalını da susmağa vadar etdi. Kimi öz canı üçün qorxdu, kimi balalarının.
Biz tutuquşular isə insan olan vaxtı başçının ən yaxın adamları idik. Bəzilərimiz əslində onun siyasətini bəyənmirdik. Bununla belə ona yaltaqlanmaqdan, onun hamıdan yaxşı olduğunu təkrarlamaqdan başqa bir işimiz yox idi. Hərəmiz bir idarənin, təşkilatın, qurumun, nə bilim, daha yüksək yerlərin sahibi idik. Bu mənsəbə də yalnız bir işlə – oturub-durub başçını tərifləməklə çatmışdıq. Əvəzində də istədiyimiz kimi yaşayırdıq.
O danışan qoyunlar isə xalqın əsas hissəsi-sadə camaat idi. İşləri başlarını aşağı salıb haradan oldu bir tikə çörəyini qazanmaq, balalarını böyütməkdən ibarət idi. Ətrafda baş verən ədalətsizliyi görsələr də, heç nəyə etiraz etmirdilər. Hatta etiraz etməyi ağıllarına gətirəndə belə qorxudan birtəhər olurdular. Nə ziyalıların haqqa çağırışı onlara əsər edirdi, nə də bizim başçını mədh edən sözlərimiz.
Ey insan, indi bildin biz kimik?
– Bildim. Amma bəs necə oldu ki, siz bu vəziyyətə düşdünüz? Bunun da bir açıqlaması olar yəqin.
– Hə, əlbəttə. Deməli, belə günlərin birində Allahın bizim ölkəyə, xalqa qəzəbi tutdu. Yurdumuza gördüyün bu bəlanı göndərdi. Bircə əmrlə – “Olduğun kimi görün!” əmri ilə bizi belə görkəmə saldı. Daim susan və ya susdurulan ziyalılar dilsiz, sakit balıqlara, yeməkdən və nəsil verməkdən başqa bir iş bacarmayan əhali qoyunlara, öyrədilmiş bir ifadəni yorulmadan təkrar edən məddah məmurlar isə tutuquşulara çevrildi.
– Yaxşı, bəs sizin başçı necə oldu? O, adam olaraq qaldı?
– Yox, niyə ki, o da dəyişdi. Özü də arzusuna çataraq dəyişdi. O əbədi olaraq bu ölkənin başçısı olmaq arzusunda idi. Əbədi olmasa da, hər halda üç yüz il başçılıq etmək ixtiyarı var. O indi qara bir qarğadır.
– Tutuquşu qardaş, sən mənə çox kömək etdin. Amma bir söz də soruşmalıyam. Yoxsa ürəyim partlayar. Bəs sizin ölkənin adı nə idi?
– Bax, bu çox çətin sual oldu. Bilirsən, əvvəl gözəl, əzəmətli bir adı var idi. Amma sonra biz məddahlar onu dəyişdirdik. Məmləkətimizdə az qala hər şey başçımızın adı ilə bağlı olduğu üçün ölkəni də elə onun adı ilə çağırmağa başlamışdıq. Təəssüf ki, əvvəlki adı demək olar ki, unutmuşam. Bir də ki, ey insan, sən axı ağıllıya bənzəyirsən. Diqqətlə bax, yəni özün bu ölkənin adını xatırlaya bilməzsən?
Tutuquşunun sözündən sonra diqqətlə ətrafıma baxmağa başladım. Birdən nə isə hiss etdim. Bu hissdən qəlbim uçundu. Və… Yuxudan ayıldım…
* * * * * * * * * * * * * *
Yuxumu yazdım, yozmaq bunu oxuyanların işidir. Yenə deyirəm, əslində heç də bu yuxunu yazmaq istəməzdim. Amma nədənsə o yazıq, dilsiz balıqların işıq saçan eynəkli gözləri məni rahat buraxmadı. Özümü elə bir vəziyyətdə hiss etmək istəməzdim. Sizi bilmirəm, amma mən sudan çox qorxuram. O ağacdan bu ağaca uçmaq fikrim də yoxdur. Başımı aşağı salıb otlamağı isə heç düşmənimə də rəva bilmərəm.
Deyirlər ki, bəzən yuxular nəyi isə insana agah etmək məqsədli olurlar. Fikir verməyin, elə-belə, sözgəlişi dedim. Vallah, sözgəlişi dedim. Sadəcə, sözgəlişi…
2009
Hekayənin adını dəyiş, yuxu artıq yozulub 😛
Bəli, bu da yozum:
http://www.axar.az/index.php?option=com_content&view=article&id=288:su-aydnlqdr&catid=11:gnclik&Itemid=31