Ən sevdiyim yazıçının 70 illik yubileyinə həsr olunur
O, Yazıçını çox sevirdi. Yazıçının hər bir əsərini maraqla oxuyur, nədənsə həmişə bu əsərlərdə özünü görürdü.
Eyni zamanda, O, Yazıçını sevmirdi. Yazıçının əsərlərini oxuyan kimi anlayırdı ki, öz yaradıcılıq eşqinin üstündən xətt çəkməli olacaq. Çünki Yazıçıdan gözəl yazmaq Onun üçün sadəcə mümkünsüz görünürdü.
O, paxıl deyildi. Yazıçının yeni kitabının çıxdığını eşidəndə, bəlkə də Ondan çox sevinən olmurdu.
Eyni zamanda, yumşaq desək, bir həsəd hissi heç vaxt onu tərk etmirdi. Hər yeni kitab Onu sevindirdiyi qədər həm də həsədinə səbəb olurdu.
Onun ən böyük arzusu Yazıçı ilə bircə dəfə olsa belə görüşmək, üzbəüz danışmaq idi. Bu arzusuna çatmaq üçün O çox şeyi qurban verərdi.
Eyni zamanda, O, Yazıçı ilə görüşməkdən, danışmaqdan qorxurdu. Çünki O, Yazıçının dahiliyi qarşısında aciz qalacağını, özünü itirəcəyini dəqiq bilirdi. Belə vəziyyətə düşməmək üçün O çox şeyi qurban verərdi.
Yazıçı Onda həmişə əlçatmaz, fövqəlbəşər təəssüratı yaradırdı. Bu hiss Onda Yazıçının istənilən əsərini oxuyub bitirəndən sonra baş qaldırırdı.
Eyni zamanda, Yazıçı Onun üçün o qədər yaxın və adi idi ki… Yazıçının istənilən əsərini oxuduqca, başa düşürdü ki, Yazıçı da Onun kimi insandır, eynən onun kimi.
O, Yazıçıya bənzəmək istəyirdi. Nə yazırdısa, həmin əsərdə Yazıçının ruhu, onun yazı üslubu aydın sezilirdi. Bu onun üçün çox xoş idi.
Eyni zamanda, O, Yazıçıya bənzəməməyə də çalışırdı. Çünki Onun yazdıqlarını oxuyanlar Onu Yazıçının çox pis təkrarı hesab edirdilər. Bu isə onun üçün o qədər də xoş deyildi.
O, Yazıçıya uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırdı.
Eyni zamanda… Yox, zamansız-filansız, şəksiz-şübhəsiz O, Yazıçıya möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır…
14 mart, 2008
İmkan olanda, bunu tap oxu ; )
http://en.wikipedia.org/wiki/Humboldt's_Gift
Təşəkkür, Əli! Artıq oxumağa başlamışam. Maraqlı görünür, hələ ki…