Mən ağacam. Adımı dəqiq bilmirəm, biri Şam deyir, başqa biri Küknar, əksəriyyət isə “Yolka”. Kimin doğru olduğunu da araşdırmaq fikrində deyiləm. Amma digər torpaqdaşlarım kimi oduncağımın şam kimi yanmasından qorxduğum üçün “Şam” adından da diksinirəm. Heç “Küknar” sözünü də bəyənmirəm. Nədənsə, sözün tərkibindəki bu “nar” kəlməsi mənə bar verən ağacları xatırladır. Bu isə sonsuz qadının yanında uşaq əmizdirmək kimi bir şeydir mənim üçün. Məncə, “Yolka” hamısından yaxşıdır, necə olmasa, səslənəndə bayram əhval-ruhiyyəsi yaranır. İndi kimin isə ağız büzdüyünü, məni milli-mənəvi dəyərlərdən uzaq qaçmaqda, dilimizə hörmətsizlikdə ittiham etdiyini təsəvvür edirəm. Amma, çox hay-küy salmayın, xahiş edirəm, mən adam deyiləm, sadəcə, ağacam. Amma danışacaqlarım adamlar haqqında olacaq…
Bəlkə də əksəriyyətiniz məni tanıyırsınız. Məskənim şəhərin mərkəzi küçələrindən biridir. Təxminən on beş gün əvvəl məni bəzədilər. Əlbəttə, buna bəzək demək olarsa… İllərdən qalmış on beş-iyirmi dənə rəngli şar, oyuncaq və işıqlar. Görünüşümdən, xüsusilə yanıb-sönən işıqlardan narazı olsam da, etiraz edə də bilmədim. Necə olmasa, şəhərin mərkəzində il boyu işıqlarla əhatələnmiş ağaclara baxanda mənim halım əlbəttə ki, şükrlüdür. Ümumiyyətlə, mən təbii olan hər şeyə kənar müdaxiləni yaxşı qəbul etmirəm. Bəzək, geyim nə qədər çox olursa, gözəllik də o qədər azalır, məncə. Bax, artıq hiss edirəm, yenə də aranızda üz-gözünü turşudan, məni milli mentalitetdən uzaqlaşmaqda, abırsızlıqda ittiham edənlər oldu. Yəni ağac olduğumu xatırlatmağa bir daha ehtiyac varmı? Həm də onu nəzərinizə çatdırım ki, mən digər ağaclardan fərqli olaraq hətta payızda, qışda da yarpaqlarımdan – geyimimdən ayrılmıram. Bax, amma mətləbdən tamam ayrıldım. Axı mən ağaclardan deyil, adamlardan danışacaqdım. Daha doğrusu, bir adamdan…
Həmin adamla məni bəzədikləri gün tanış oldum. Mənə çox oxşayır. Adını bilən yoxdur, amma hamı “Şaxta baba” çağırır onu. Mənim kimi o da ətrafındakılarda bayram əhval-ruhiyyəsi yaradır. Səhərdən lap gecəyə qədər ətrafımda dolanır. Balaca uşaqlar, lap elə böyüklərlə də salamlaşır, şəkil çəkdirir. Əvəzində isə əlbəttə ki, pul qazanır.
İlk günlər ona etibar etmirdim. Fikirləşirdim ki, mənə çörək ağacı kimi yanaşır. Amma, səhv etdiyimi çox tezliklə anladım. O mənə nə çörək ağacı, nə də sadəcə ağac kimi yanaşdı, məni özünə dost bildi. Əvvəlcə, onun mənimlə bir insan kimi danışması qəribə görünürdü. Amma çox tezliklə buna da öyrəşdim. Hər səhər mənimlə nəzakətlə salamlaşır, sonra da oradan-buradan danışır. Qısa müddətdə həyatı, taleyi ilə tanış olmuşam.
Yaşı əlliyə az qalıb. Professional aktyordur, universitet bitirib. Səhnədə isə çox az çalışıb, o da gənc yaşlarında. Ailə qurandan sonra əksər insanlarda olduğu kimi, onun üçün də “pul problemi” yaranıb və sənətindən ayrılmalı olub. (Sözarası qeyd edim ki, əgər onun pul düzəldə biləcəyinə əmin olsaydım, xammal olaraq bir böyük budağımı kəsib aparmasına məmnuniyyətlə razı olardım.) Sonra müxtəlif işlərlə məşğul olub. Hamısı da öz sənətindən tamamilə uzaq. “Şaxta baba işi”ndə isə birinci dəfədir. Mənə elə gəlir ki, bu işdə o daha xoşbəxtdir. Xüsusilə, uşaqlarla salamlaşıb görüşəndə, onlara xoş arzular diləyəndə bunu hiss edirəm.
O mənə bu günlər ərzində çox şey öyrədib. İndi bilirəm ki, insanlar təkcə pislərdən ibarət olmur. Onların arasında Şaxta baba kimi olanlar da var.
Onun necə insan olduğunu ilk dəfə bir balaca uşaqla söhbətində anlamışdım. Uşaq ona keçən il gətirdiyi hədiyyəyə görə təşəkkür edib yanağından öpəndə gözlərindəki sevinc və utanc hisslərinin qarışığını gördüm. Balacanın “Şaxta baba, bu il də özümü yaxşı aparmışam, yenə də bayramda yolkamın altına hədiyyə qoyarsanmı” sualı qarşısında tutulduğunu görmək necə də qəribə idi. Uşağın nənəsi başı ilə Şaxta babaya “hə” deməli olduğunu işarə edirdi. O isə yalan danışmaq, uşağın valideynlərinin verdiyi hədiyyəni öz adına çıxmaq istəmirdi. Nənənin gözlərində məzəmmət var idi, sanki “sən necə aktyorsan” demək istəyirdi.
Mən isə yalnız məmnunluq duyurdum, bacarsaydım, bircə dəfə “sən necə də İnsansan” deyərdim.
Təxminən bir həftə əvvəl bizə daha bir adam qoşuldu. Cavan bir qızdır, adı da Qar qız. Dərisinin rəngi, saçları Bakı qarı kimi qara olduğu üçün, onu heç kim saxtakarlıqda ittiham edə bilməz.
Şaxta baba Qar qıza həqiqətən bir doğması kimi yanaşır, nəvəsi, ya da qızı kimi. Hətta bu günlərdə onun üstündə davaya da qalxdı. İki cavan oğlan bizimlə şəkil çəkdirməyə yaxınlaşdı. Amma deyəsən onları nə mən, nə də Şaxta babanın Yeni il arzuları maraqlandırmırdı. Şaxta babaya dedilər ki, kənarda dursun, onlar yalnız Qar qızla şəkil çəkdirmək istəyirlər. Sonra isə hər ikisi birdən Qar qızı qucaqlayıb, öpməyə başladı. Şaxta babanın necə hiddətləndiyini danışmağın mənası da yoxdur, məncə. Oğlanlardan birinin qolundan möhkəm yapışıb kənara dartmışdı ki, o biri oğlan da Qar qızdan əl çəkib Şaxta babanın üstünə şığıdı.
– Nədir, ay qoca, niyə imkan vermirsən şəkil çəkdirək? – deyib abırsızcasına qışqırdı.
Şaxta baba nə isə demək istəyirdi ki, o biri oğlan daha ağır bir fikirlə onu lap özündən çıxartdı:
– Sən bu qızla kef çəkə bilərsən, biz yox? Guya bilmirik də, bütün günü bir yerdə nə hoqqalardan çıxırsınız “baba-nəvə”…
Şaxta babanın qalxan yumruğu bu həyasız cümləni yarımçıq qoysa da, ünvanına çatmadan havada o biri oğlan tərəfindən dəff edildi. Oğlanın vurduğu zərbə isə Şaxta babanı yerə çırpdı. Oğlanlar arsız-arsız gülüşüb uzaqlaşdılar. Şaxta babaya isə həmin gün üzünü qızartmaq üçün ucuz pomadanı yanaqlarına, burnuna sürtməyə ehtiyac qalmadı. Çünki ya qəzəbdən ya da yumruğun ağrısından o gün üzü təbii olaraq qıpqırmızı idi.
Onu bir dəfə də pomadasız qızarmış görmüşəm. Balaca bir uşağın şeirindən sonra. Atası ilə bizə yaxınlaşan uşaq şəkil çəkəndən sonra atasının təkidi ilə Şaxta baba haqqında şeir demək istədiyini bildirdi. O da həmişə olduğu təbəssümlə şeiri dinləməyə başladı. Amma şeirin sonundakı söyüş onu pərt elədi. Tərs baxışlarla uşağın atasına baxanda, onun necə bir ləzzətlə qəşş edib güldüyünü, şeirdən həzz aldığını gördü. Ata-oğul şad-xürrəm bizdən uzaqlaşdılar, Şaxta baba isə həmin gün utandığından və içində qalmış qəzəbindən alışıb yandı.
Bu gün yaşadığımız ilin sonuncu günüdür. Qar qız bizimlə deyil. Dedi ki, bu günü evində qeyd etmək istəyir. Şaxta baba açıq bir həsədlə bildirdi ki, əgər bayramı birgə qeyd edəcəyi insanlar mövcuddursa, deməli, Qar qız xoşbəxtdir.
Şaxta baba isə bütün günü iş başındadır. Belə çıxır ki, o bədbəxtdir?
Gün ərzində şəhər həmişəkindən daha səs-küylü olub. İndi isə gecə saatlarıdır. Küçəmizdə insanların sayı xeyli azalıb. Deyəsən, bizim küçənin bütün sakinləri xoşbəxtdir, ailələri, yaxınları ilə birlikdə bayram qeyd edirlər.
Şaxta baba ayaq üstə dayanmaqdan yorulub. Bədənini gövdəmə söykəyərək yerdə oturub. Uzaqdan mahnı oxuya-oxuya bir kişi gəlir. Bizə yaxınlaşanda mahnısını kəsərək:
– Ay Şaxta baba, bayramın mübarək, – deyib əlini Şaxta babanın əlcəkli əlinə uzatdı.
– Nə? Bayram, – təəccüb dolu baxışlarından söhbətin nədən getdiyini anlamadığı hiss olunurdu.
– Hə də, yeni ilin mübarək olsun, ay baba.
– Hə… Sizinlə bahəm…, – birdən maraq dolu baxışlarla həmsöhbətinin gözlərinin içinə baxdı – indi neçənci il gəldi ki?
– Ay səni, Şaxta baba… Sən də vurmusan ha…
– Yox, mən iş başında içmirəm, – Şaxta baba tam ciddiliyi ilə cavab verdi.
– İş başında, – kişi ürəkdən güldü – iş başında e…
Gülərək elə bayaqkı mahnısını qaldığı yerdən davam edən kişi bizdən ayrıldı.
Amma Şaxta babanın üzündəki maraq ifadəsi hələ də keçməmişdi. Üzünə baxanda hiss elədim ki, deyəsən, o həqiqətən neçənci ilin gəldiyini bilmir. Lap mənim kimi.
Yanıb-sönən işıqlarımın altında bir də üzünə baxdım. Gözlərindən yaş süzülürdü. Kimsə fikirləşə bilər ki, o ötüb-keçən daha bir ilə heyfslənir. Amma əslində belə deyil. Onun niyə ağladığını mən bilirəm. Bir neçə gündən sonra şəhərin bayram əhvalı da keçəcək. Deməli, mənim bəzəklərim söküləcək, o isə Şaxta babalıqdan əl çəkməli olacaq. Sonra isə o…
Üzünə bir də baxıram. Gözləri qarşıdakı kafenin pəncərələrinə dikilib. Aydındır, indi o yenə də bundan əvvəlki işi haqda düşünür. Bir neçə gündən sonra yenə o işə qayıdacaq, kafenin qarşısında Cücə geyimində durub, kafeyə gedib-gələnləri əyləndirəcək.
İlk dəfədir ki, bu bəzəklərdən, hətta məni dəhşətli dərəcədə narahat edən işıqlardan azad olmaq istəmirəm.
25 dekabr, 2010
salam şəbnəm mən sizə ugular arzulayıram fatiməyə salam deyin
Təşəkkürlər!