– Deyirlər, dünyanın sonuna az qalıb. Hazırsan?
– Nədir? Dünya mənim hazır olub-olmamağımdan asılıdır ki? Dağılacaqsa, dağılsın.
– Yəni bu qədər soyuq münasibət?
– Əminəm ki, Allah yaratdığını dağıtmaq qərarına gəlibsə, mənim haray-həşir salmağıma o qədər də önəm verməyəcək.
– O da düzdür. Amma bu qədər laqeydlik də yaxşı deyil. Təsəvvür elə ki, dünyamız mayalıların dediyi kimi, düz bir aydan sonra – dekabrın 21-də dağılacaq.
– İnanmasam da, hərdən təsəvvür edirəm.
– Amma heç narahat olmursan.
– Narahat olmaq mənə bir növ ikiüzlülük kimi görünür.
– Necə yəni?
– Ona görə ki, bütün günü dünyanın o bucağını söyüb, bu bucağını lazımsız sayırıq, bir millətini alçaldıb, o birini heç adlandırıq, bir ölkə düşmənimizdir, o biri guya paxıllığımızı çəkir… Amma “dünya dağılacaq” deyəndə birdən-birə “Yer kürəsi hamımızın evi”, “bütün insanlar qardaş” olur. Səncə, bu ikiüzlülük deyil?
– Yox, bu qorxu qarşısında birləşmədir.
– Hansı qorxu? Allahın öz yaratdığını dağıdacağından qorxmaq nə qədər doğrudur?
– Filosof! Bilirəm, deyəcəksən ki, biz dünyamızı sona doğru sürükləyib, uçurumun bir addımında olanda etdiklərimizin nəticəsi haqqında düşünən rəzil məxluqlarıq.
– Görürsən ki, özün də bilirsən.
– Gəl, bir az real danışaq. Bax, təsəvvür elə ki, dünyanın sonuna bircə ay qalıb. Bu bir ayı istədiyin kimi keçirmək imkanın var. Nələr edərsən?
– Bir ayı istədiyim kimi keçirmək? Yox, bu çox böyük zamandır.
– Bir ay?
– Hə, insanın istədiyini etməsi üçün bir ay həddindən çoxdur.
– Bəs nə qədər bəs edər?
– Üç gün.
– Cəmi? Yaxşı, bu üç gündə neyləyərsən?
– O qədər şey var ki… Əvvəlcə, hər gün işdən evə gələndə arxamca bütün yolu gələn küçə itini evimizdə saxlayaram.
– Onu indi eləyə bilməzsən ki?
– Yox, evdəkilər qoymur. Amma dünyanın sonuna üç gün qalacaqsa, onları da birtəhər dilə tuta bilərəm.
– Bəs bundan sənə nə olacaq? Savab qazanacaqsan?
– Dedim axı, istədiyimi edəcəyəm.
– Elə budur istədiyin?
– Yox, bir də “sevirəm” deyəcəyəm.
– Kimə?
– Deyirsən ki, bu fani dünyada 25 il yaşayıb sonunda da heç kimə “sevirəm” demədən ölək?
– Elə bircə buna görə “sevirəm” demək istəyirsən?
– Yox, sevdiyim üçün.
– Nədir, indi o sözü deməyə də evinizdəkilər icazə vermir?
– Yox, abır-həya deyilən bir şey var ki, o, yol vermir.
– Əgər dünyanın sonuna üç gün qalmış abır-həyanı itirəcəksənsə, elə bu gün dağılsın dünya.
– Yaxşı, yaxşı, hirslənmə. Ancaq bircə kəlmə deyəcəyəm və gözdən itəcəyəm.
– Başa düşmədim, necə yəni gözdən itəcəksən?
– Yəni həmin adamın gözündən itəcəyəm, daha işə getməyəcəyəm. Hər halda o vurhavurda üç gün işə getməməyimi kimsə qəbahət bilməz.
– Deməli, o adam iş yoldaşındır?
– Hə…
– Bəlkə elə bu gün deyəsən?
– Yox, mən bir ay bu zülmü çəkə bilmərəm. Üç gün isə birtəhər çəkiləcək vaxtdır.
– Başa düşmürəm, niyə buna zülm deyirsən? Axı sevgi xoş bir şeydir.
– Ayın 18-i onun nə qədər xoş olduğunu öyrənəcəyəm. Sonra isə dünyanın sonuna kimi o üç günü yaşamağa çalışacağam.
– Başa düşmürəm, niyə sevgi etirafın haqqında belə danışırsan?
– Çünki ölümdən başqa yolu yoxdur. Qarşılıqlı olsa, xoşbəxtliyimdən öləcəyəm, qarşılıqsız olsa, utanc hissimdən. Heç nə başa düşməsə, onsuz da öləcəyəm. Axı cəmi üç gün sonra dünyanın sonu olacaq.
– Amma sən dünyadan rahat gedəcəksən.
– Hə, ayın on səkkizini gözləmək lazımdır, on səkkizini… Mən də, küçə iti də, o da gözləməlidir.