
İştirak edirlər:
Qadın – 28-35 yaşlarında, qara geyimli, üzü görünməyən
Qız: – 20-25 yaşlarında, bədən quruluşuna görə Qadına oxşayır, səsləri də bəznərdir
Oğlan: – 23-28 yaşlarında, hündürboy, idmançı görkəmində
Bukinist – 50-50 yaşlarında kişi
Nənə: – 65-75 yaşlarında, Qızın nənəsi
Ər: – 30-35 yaşlarında
Birinci epizod:
Səhnə qaranlıqdır. Lap ön hissədə yuxarıdan yalnız bir yer işıqlandırılıb. Orada qadın əyləşib. Əynində qara rəngdə geyim var. Əlində güzgü və qrim var. Əvvəlcədən də rəngli olan üzünə müxtəlif boyalar çəkir.
Qadın: – O günü indi də yaxşı xatırlayıram. Kitab kimi, roman kimi başlayan sevgilər deyirlər ha, bizdə də elə olmuşdu. Amma sözün əsl mənasında. (Danışdıqca üz-gözünü rəngləyir. ) Yox, yolda nə qədər keçiləsi yer olduğu halda gəlib bir-birimizlə toqquşub əlimdən kitabları salmamışdım. Hər şey başqa cür olmuşdu. Başqa cür… (Son sözlər təkrarlandığı vaxt qarşıdakı işıq sönür. Arxa tərəf işıqlanır. Orada qarşısına çoxlu kitab yığmış qoca Bukinisti görürük. Fikizi görünüşünə görə həmin qadına bənzər, amma daha gənc görkəmdə bir qız yaxınlaşıb maraqla kitabları nəzərdən keçirir. Bukinistin onu tanıdığı hiss olunur.)
Bukinist: – (gülümsünərək) Qızım, yenə hansı məsələni araşdırmaq istəyirsən?
Qız: – Hə, əmi, budəfəki lap ciddi məsələdir.
Bukinist: – Ciddi? Yenə müəlliminiz nə danışıb elə?
(Söhbətin bu yerində Oğlan onlara yaxınlaşır. Diqqətlə gah qıza, gah da Bukinistə baxır)
Qız: – Dərsimiz Əhməd Cavadın həyat və yaradıcılığı olub. Hamımızı maraqlandıran bir sual var idi ki, o vaxt hansı şairimiz Əhməd Cavada qarşı çıxışlar edib, onun haqqında danoslar yazıb.
Bukinist: – Yəni müəlliminiz bu suallara cavab verdi?
Qız: – Yox, demək istəmirdi. Amma biz də əl çəkmək istəmirdik.
Oğlan: – Axırı nə oldu?
Qız: – (təəccüblə Oğlana baxır) Başa düşmədim.
Oğlan: – Deyirəm, Əhməd Cavadın qatilini müəyyənləşdirə bildiniz?
Qız: – Qatili deyəndə ki, onu hamı bilir də.
Oğlan: – Kim?
Qız: – Rejim. Bizə maraqlı olan “sapı özümüzdən olan baltalar” idi.
Oğlan: – Hər şeyi adı ilə çağırmaq, daha yaxşı olmazmı? Elə “sapı özümüzdən olan balta” dedikləriniz də qatildir. Qatil sadəcə tapançanın tətiyini çəkənə demirlər ki. Həmin silahı işə salmağa təhrik edən bircə kəlmə söz deyən də “qatil”dir.
(Qız cavab verə bilmir, tutulur. Bukinist bunu hiss edib, müdaxilə edir.)
Bukinist: – Hə, indi bu sualına cavab tapmaq üçün sənə hansı kitab lazımdır?
Qız: – (çətin vəziyyətdən çıxdığına sevinirmiş kimi) Hə, müəllim bircə bunu dedi ki, 90-cı illərin əvvəllərində Əhməd Cavadla bağlı bir kitab çap olunub. Həmin kitabda adlar göstərilməsə də, Cavadın əleyhinə çıxışların tam mətni verilib. Dedi ki, diqqətli oxucu onları oxuyub kimliklərini müəyyənləşdirə bilər. İndi həmin kitabı axtarıram.
Oğlan: – (şaqqanaq çəkib gülür) Əladır ki…
Qız: – (hiddətlə) Başa düşmədim, nəyə gülürsünüz?
Oğlan: – Sən demə, qarşımda əsl detektiv dayanıb.
Bukinist: – (gülümsünür) Hə, bu balaca xanım heç vaxt elə-belə kitab almır. Həmişə nə isə məqsədi olur. Keçən dəfə Ərtoğrol Cavidin “9 variasiya” kitabını almışdı. Onu da xüsusi məqsəd üçün.
Oğlan: – Xüsusi məqsəd e. (gülür) Yox bir, xüsusi tapşırıq.
Qız: – (hirslə oğlanı göstərir) Əmi, tanışınızdır?
Bukinist: – Yox, sənin kimi alıcıdır. İntəhası, birinci dəfədir görürəm.
Oğlan: – Xanım, alış-verişinizə mane oluramsa, gedə bilərəm.
Qız: – Yox, istəmərəm, mənə görə əminin alverinə ziyan dəysin. (kinayə ilə) Qalın, bəlkə siz də bir kitab aldınız.
Oğlan: – Desəm ki, ehtiyacım yoxdur?
Qız: – İnanaram. Adətən başqalarına lağ edənlərin oxumağa ehtiyacı olmur.
Oğlan: – Mən alsam, xüsusi tapşırıqsız, məqsədsiz alacağam ha.
Bukinist: – Oğlum, bax, burada kitabların hamısı deyil. Maraqlandıran bir şey varsa, de, tapa bilərəm.
Oğlan: – Maraqlandıran şey bu xanımın Ərtoğrol Cavidin “9 variasiya” kitabını hansı məqsədlə almasıdır.
Bukinist: – (xatırlamış kimi) Hə, onu deyirdim axı… Deməli, keçən dərslərində Hüseyn Cavidi keçibmişlər.
Oğlan: – (sözünü kəsir) Nədir, siz repressiya ədəbiyyatı keçirsiniz?
Qız: – Nəzərinizə çatdırım ki, mən universitetin filologiya fakültəsinin tələbəsiyəm. Ədəbiyyatımızı bütünlüklə keçirik.
Oğlan: – Aha… Maraqlıdır. Demək ki, qarşımdakı elə-belə adam deyil. Nə isə… Harada qalmışdıq? Hə, Cavidi keçmisiniz.
Qız: – (maraqla danışmağa başlayır) Hə, deməli, söhbət Cavid ailəsindən düşəndə müəllimimiz maraqlı bir fikir işlətdi. Ərtoğrol Cavidin bəstəkarlıq fəaliyyətindən danışdı.
Oğlan: – Bunu hələ keçən dərs öyrənmisiniz?
Qız: – İmkan verin, sözümü bitirim də. Əlbəttə, Ərtoğrolu tanıyırdım. Amma müəllimimiz dedi ki, onun əsərləri bizim tanıdığımızdan daha çox olub. Ölümündən sonra vəziyyətdən istifadə edən tələbə yoldaşlarından hansısa Ərtoğrolun əsərlərini öz adına çıxıb.
Oğlan: – Nədənsə heç təəccüblənmədim. Amma həmin bəstəkarın adını bilmək istərdim.
Qız: – Müəllim demədi. Ancaq bunu dedi ki, hazırda hamımızın çox hörmətlə adını çəkdiyimiz bir şəxsdir, artıq dünyada da yoxdur, ona görə də kimliyini bilməyimiz vacib deyil.
Oğlan: – Qəribə müəlliminiz var. Əgər bir sözü deməyəcəksə, əvvəlini niyə danışır?
Qız: – Görürsünüz ki, sizdə də maraq yarandı.
Bukinist: – Qızımızda da maraq yarandığı üçün Ərtoğrolun kitabını almışdı.
Oğlan: – Siz filoloqsunuz, ya musiqiçi?
Qız: – Musiqi təhsilim də var. Fortepiano sinfini fərqlənmə ilə bitirmişəm.
Oğlan: – Deyirəm də, qarşımdakı elə-belə adam deyil.
Qız: – (əsəbi) Yenə də lağ etməyə başladınız.
Oğlan: – Yox, ciddi deyirəm. Hə, indi isə deyin görək, araşdırmanızın nəticəsi nə oldu? Plagiatla məşğul olan hörmətli bəstəkarımız kim olub?
Qız: – Düzü, bəzi nəticələrə gəldim. Amma dəqiq olmadığı üçün deməyəcəyəm. Günaha girmək istəmirəm.
Bukinist: – Heyf… Mən də elə bilirdim, bu gün böyük bir sirrin üstünü açacağıq.
Oğlan: – Əmi, yox, bu qız təriflədiyiniz qədər də qoçaq deyil. İnanmıram ki, indi alacağı kitabdan da bir şey araşdırıb çıxara bilsin.
Bukinist: – (əlində qəhvəyi üzlü bir kitab tutub) Deyəsən, müəllimin bu kitabı deyib, qızım.
Qız: – (kitabı alır) Qoy, baxım.
Oğlan: – Bir kitabdan ki, heç nə öyrənə bilməyəcəksən, oxumağın nə faydası?
Qız: – (diqqətini kitabdan ayırıb hirslə oğlana baxır) Hə, deməli, siz buna görə kitab oxumursunuz?
Oğlan: – Onu kim dedi sizə?
Qız: – (sualı qulaqardına vurub, üzünü bukinistə tutur) Əmi, hə, bu kitabdır. Neçəyədir?
Bukinist: – Sənin üçün bir manata.
Oğlan: – (qıza) Bir sual verəcəyəm, amma düşünmədən cavab verin.
Qız: – (Çantasından pul çıxarır) Buyurun.
Oğlan: – Sevdiyiniz pyes hansıdır?
Qız: – Cəfər Cabbarlının “Aydın”ı.
Oğlan: – Hm… Onda yəqin ki, Şillerin “Qaçaqlar”ını da bəyənirsiniz. Düz tapdım?
Qız: – Hə, düzdür.
Oğlan: – İstəsəniz, bunlara əsasən xasiyyətinizi də deyə bilərəm.
Qız: – Psixoloqsunuz?
Oğlan: – Yox, iqtisadçıyam. Amma psixologiyanı psixoloqlardan daha yaxşı bilirəm.
Qız: – Ədəbiyyat kimi?
Oğlan: – Elə də demək olar. Amma sizdən sonra. (pauza) Hə, nə deyirsiniz, xasiyyətinizi deyim?
Qız: – Əgər “Aydın”a və “Qaçaqlar”a görə romantik olduğumu deyəcəksinizsə, səhviniz var. Mən əsərləri oxucu kimi deyil, peşəkar kimi qiymətləndirirəm.
Oğlan: – Yəni romantik deyilsiniz?
Qız: – Bəli!
Oğlan: – Yaxşı, belə olsun. Amma yadda saxlayın ki, mən də səhv eləmirəm.
Qız: – (pulu Bukinistə uzadır) Əmi, bu da sizin pulunuz. Çox sağ olun.
Bukinist: – Sağ ol, qızım. Tez-tez gəl.
Qız: – Baş üstə. (oğlana) Siz də sağ olun, hörmətli psixoloq! (uzaqlaşır)
Qız səhnədən tam uzaqlaşmamış oğlan da tez-tələsik Bukinistlə vidalaşır, qızın arxasınca qaçıb, ona çatır.
Oğlan: – Yolunuz uzaqdır?
Qız: – Bəs siz kitab almayacaqdınız?
Oğlan: – Dedim axı, almağa ehtiyacım yoxdur.
Qız: – Hə, doğrudan, yenə də unutdum ki, sizin kimilərin oxumağa ehtiyacı olmur.
Oğlan: – Oxumağa yox, almağa. (bu sözləri deyə-deyə pencəyinin iç hissəsindən bir kitab çıxarıb göstərir və göz vurur)
Qız: – Başa düşmədim, nədir ki bu? Almısınız?
Oğlan: – Almamışam, götürmüşəm. Mən həmişə belə eləyirəm.
Qız: – Yəni, oğurlamısınız?
Oğlan: – Kitab götürmək oğurluq sayılmadığı üçün sadəcə, “götürmüşəm” deyək.
Qız: – Necə yəni oğurluq sayılmır? Siz nə danışırsınız?
Oğlan: – Bəs eşitməmisiniz ki, kitabı oğurlamaq günaha yazılmır?
Qız: – O qoca əmidən oğurlamaq günahdan da artıqdır. Heç utanırsınız? Verin o kitabı. (oğlanın əlindən kitabı alır)
Oğlan: – Neyləyirsiniz?
Qız: – Geri verəcəyəm. (Bukinistə doğru qaçır. Oğlan da biixtiyar onun arxasınca düşür)
Bukinist: – Qızım, nə oldu?
Qız: – Əmi, bu kitab… (cümləni necə bitirəcəyini bilmir, Oğlana tərs-tərs baxır) Bu kitab… Bayaq baxırdım, elə yadımdan çıxıb, yerinə qoymamışam, əlimdə qalıb. Yolda yadıma düşdü.
Bukinist: – (kitaba baxır) Cəfər Cabbarlının pyesləri. Yəqin bayaq “Aydın” haqqında danışanda əlinə almısan. Çox sağ ol, qızım. Səninkimiləri azdır. İstəyirsənsə, sənə hədiyyə edərəm bu kitabı.
Qız: – Yox, əmi, sağ olun. O kitaba daha artıq ehtiyacı olanlar var yəqin ki. (xüsusi vurğu ilə) Pulunu verib, alıb oxuyarlar. Bir daha sağ olun. (oğlana doğru çevrilir) Arxamca düşməyi heç ağlınıza da gətirməyin. (pıçıltı ilə) Yoxsa sizi polisə verərəm.
Oğlan: – (pərt halda) İnanıram. (Qız səhnədən uzaqlaşır)
İkinci epizod:
Yenidən səhnənin ön hissəsi işıqlanır. Biz bayaq əlində güzgü və rənglər tutmuş qadını görürük. Üzündə gülüş ifadəsinə bənzər bir qrim var.
Qadın: – O gün elə bilirdim ki, daha onu görməyəcəyəm. Niyə də görməliydim? Adi bir yoldan keçən müştəri idi. Özü də oğru. (gülür) Qəribədir, əlindən o qədər əsəbiləşsəm də, sonradan onu pərt etdiyim üçün özümü qınayırdım. Baxmayaraq ki, Bukinist əmiyə onu satmamışdım. “Düz eləmişdim, ya yox” – yəqin ki, ilk dəfə idi etdiyim hərəkət haqqında bu qədər düşünürdüm. (pauza) Bu sualın cavabını onunla növbəti görüşümdə tapdım. Hə, növbəti görüşdə… Növbəti…
Yenidən səhnənin ön hissəsi qaralır, arxa tərəfi görürük. Adi bir yol kənarı, səkidir, ətraflarında mağazalar var. Tələbələrin səs-küyü, maşın səsləri eşidirik. Arada insanlar o tərəf-bu tərəfə keçir. Oğlan divara söykənib, keçənlərə diqqətlə baxır. Birdən Qızın gəldiyini görür. Cəld üst-başını düzəldib, ona tərəf gedir. Qız onu görüncə çaşır.
Oğlan: – Bu, yaşadığım mühit və həyat şərtlərinin mənə vеrdiyi tərbiyədir. Mən çocuqkən yеtim qaldığımdan, bircə bacımdan başqa kimsə mənə baхmazdı. Bacımın əri və günüsü həmişə məni və mənim üstümdə yazıq bacımı danlayar,kimsə məni insan bilməzdi.
Qız: – (çaşqın halda) Başa düşmədim, indi hərəkətinizə bəraət qazandırmaq fikrinə düşmüsünüz? Bunları mənə niyə danışırsınız?
Oğlan: – (şaqqanaq çəkib gülür) Tanış gəlmədi? Bu ki sizin sevdiyiniz əsərdən – “Aydın”dandır. Dram elə bu sözlərlə də başlayır. Bu da bizim filoloq…
Qız: – (pərt kimi) Hə… Deyirəm axı, sizdən belə sözlər çıxmaz.
Oğlan: – Siz məni tanıyırsınız ki, necə sözlər deyə biləcəyimi də deyəsiniz?
Qız: – Məncə, tanıyıram. Özünü bütün elmləri bilən hesab edən, özündənrazı, başqalarını lağa qoymağı xoşlayan birisiniz. Üstəlik də… (sözünü bitirə bilmir)
Oğlan: – Üstəlik də oğruyam. Çəkinməyin, üzümə deyin. (kinayə ilə) Siz ki qoçaq qızsınız. Yalanı qəbul eləmirsiniz…
Qız: – (bir müddət söz tapa bilmir) Bura niyə gəlmisiniz? Deməyin ki, təsadüfən keçibsiniz.
Oğlan: – Yox, niyə ki, mən də sözün düzünü deyə bilirəm. Bura sizi görməyə gəlmişəm.
Qız: – Niyə?
Oğlan: – (haradansa kitab çıxarır) Bunu sizə verməyə.
Qız: – (təəccüb və hirslə) Necə? Yenə həmin kitab?
Oğlan: – Hə, Cəfər Cabbarlının pyesləridir. “Aydın” da var. Yenidən oxusanız, pis olmaz. Görürəm, yadınızda qalmayıb.
Qız: – (ehtiyatla) Kitabı yenə də götürmüsünüz?
Oğlan: – “Götürmək” nədir, “oğurlamaq” deyin də. Yox, bu dəfə oğurlamamışam. Pulla almışam, 3 manata. İstəsəniz, Bukinist əmidən soruşa bilərsiniz.
Qız: – Lap yaxşı. Amma mən istəmirəm. Siz oxusanız yaxşıdır.
Oğlan: – Mən? Mən lap uşaq yaşlarından Cabbarlının bütün yaradıcılığını əzbər bilirəm. Ona görə ehtiyacım yoxdur.
Qız: – Elədirsə, o gün niyə bu kitabı götürmüşdünüz?
Oğlan: – Oğurlamışdım. Sizin üçün.
Qız: – Niyə?
Oğlan: – İstəyirdim ki, mənim necə biri olduğumu biləsiniz. Beləcə, tanış olaq.
Qız: – Deyəsən, heç də yaxşı yol deyildi.
Oğlan: – Əksinə, ən düzgünü idi. Sizə əvvəldən kim olduğumu göstərdim. Çünki… Çünki (aktyorlara bənzər bir vəziyyət alır) Mən kimsə üçün görünməz qala bilmərəm. Məni hər kəs görməli, tanımalıdır. Çünki mən bir həqiqətəm, mən bir hеç dеyiləm, mən bir divar da dеyiləm.
Qız: – Yenə də “Aydın”dan?
Oğlan: – Bəli, “Aydın”dandır. Bir bilsəniz, mən necə də böyük səhnədə Aydın rolunu oynamaq istərdim…
Qız: – Siz hələ aktyorluq da bacarırsınız?
Oğlan: – Bilmirəm. Yoxlamamışam da. Amma Aydını oynayardım.
Qız: – Mən isə Gültəkini yox.
Oğlan: – Bilirəm niyə.
Qız: – Niyə?
Oğlan: – Mənim sevgilim rolunu oynamaq istəməzdiniz. (gülür)
Qız: – Haqlısınız. Bu dəfə psixoloqluq qabiliyyətiniz köməyinizə çatdı. (gülür)
Oğlan: – Amma nə еtmək ki, əsrimizdə şöhrət və böyüklük qapalı bir еvdədir ki, yiyəsi altun, açarı təsadüf, qorucusu isə ölümdür.
Qız: – Aydın, Aydın…
Üçüncü epizod:
Yenə səhnənin arxa tərəfi qaralır, ön tərəfdəki hissə işıqlanır. Həmin qadın yenə də güzgü və rənglərlə qarşımızdadır. Üzündə tam bir gülüş ifadəsi var.
Qadın: – O gündən görüşlərimiz adi bir həyat qaydasına çevrildi. Günüm kitablarsız və onsuz boş bir şey idi. Artıq hər gün universitetin qarşısına gəlib məni gözləməyinin səbəbini də soruşmurdum. Axı nə mənası vardı bunun? Əsas o idi ki, bizə birlikdə maraqlıdır, yaxşıdır. Bu sevgi idi? Bilmirəm. Nə o sevgidən danışırdı, nə mən. Bizim daha maraqlı mövzularımız var idi: ədəbiyyat, incəsənət, musiqi, teatr, kino. Hərdən siyasət, hərdən də din. Hər görüşümüzdə məni öz ağlı, dərrakəsi ilə təəccübləndirirdi. Evdə isə… Evimizdə yeni dostum haqqında heç nə bilmirdilər. Klassik azərbaycanlı ailəsi olaraq onların bir oğlanla dostluğumu yaxşı qarşılamayacaqlarını bilirdim. Buna görə də onu, onunla olan görüşlərimi hər kəsdən gizləyirdim. Mən bunları gizlətdiyim vaxt evimizə gələn elçilər, onların aldıqları rədd cavabları da bir-birini əvəzləyirdi.
Səhnənin ön tərəfi qaralır. Arxada sadə bir həyət evi görünür. Daha doğrusu, həyət hissəsi və evin qapısı görünür. Həyətdə stol, stullar, yelləncək var. Qız yelləncəkdə yellənir. Üzündə təbəssüm var, hiss olunur ki, xoşbəxtdir. Evin qapısından Nənə çıxır. Qızın xoşbəxtcəsinə yelləndiyini görür.
Nənə: – Yenə də Gülçöhrə kimi yellənirsən?
Qız: – (gülür, sanki acıq verirmiş kimi, Gülçöhrənin ariyasını oxuyur) Aşiq oldum, aşiq oldum…
Nənə: – Hə? Hanı o aşiq olduğun? Heç görmürəm.
Qız: – Kim? (gülür)
Nənə: – Hələ bir soruşur da. Ay qız, elçilərə “yox” deməkdən dilimiz tük götürdü e. Sən əvvəl-axır birinə gedəcəksən?
Qız: – (Gülçöhrə sayağı) Nənə, mən görməsəm, sevməsəm, ərə getmərəm.
Nənə: – Ay qız, kimdir sənin qabağını alan? Gör, sev, get də. Bizim vaxtımız deyil ki. Şükür Allaha, gözüaçıq qızsan, hər gün dərsə, şəhərə gedirsən. Yəni bir bəyəndiyin yoxdur?
Qız: – Nənə, səncə, ərə getmək üçün görüb sevmək bəs edər?
Nənə: – Başqa nə istəyirsən ki?
Qız: – Bəs mənim görüb sevdiyimin sevməsi lazım deyil?
Nənə: – O adamın gözü kordur ki, sənin kimi qızı sevməsin?
Qız: – (ah çəkir) Bilmirəm, ay nənə.
Nənə: – Doğrudan, ay qız, kimdir o bəxtəvər?
Qız: – Bəxtəvər? Bəs deyirdin ki, məni alan adam bədbəxt olacaq? Əlimdən iş gəlmir, bütün günü kitab-dəftərdən danışacağam, baş-beynini siyasətlə-zadla xarab edəcəyəm. (gülür)
Nənə: – Orası elədir. Amma yəqin ki, sən bəyənmisənsə, özünə uyğunu olar da. Doğrudan, kimdir o? Haralıdır? Biz tanıyırıq?
Qız: – Sən də ki, nə tez inandın mənim sevdiyimə. Zarafatdır da eləyirəm. Yoxsa mən hara, sevmək hara?
Nənə: – Yəni deyirsən, heç kim yoxdur?
Qız: – Yox!
Nənə: – Onda nə özünü naza qoymusan? Bu gələnlərdən birinə “hə” de, qurtarsın da. Yoxsa kənddə söz-söhbət gəzir ki, qız niyə hamıya “yox” deyir. Şəhərdə gəzdiyi-zad var yəqin.
Qız: – (hirslə) Kim deyir onu?
Nənə: – Daha gəlib sənin üzünə deməyəcəklər ki? Bu gün bir-iki nəfər pıçıltı ilə deyirsə, sabah hamı danışacaq. Boş-boş şeylərə görə hamıya yox deməzlər axı.
Qız: – Səncə, mənim dediklərim boş səbəblərdir? Axırıncı gələn hansısa özəl universitetin hüquq fakültəsinə pulla daxil olmuşdu. Səncə, eləsi ilə mənimki tutardı?
Nənə: – Sən də lap ağını çıxarırsan e. İndi işləyir ki. Heç kim də demir, pulla oxuyub. Həm də ki, pulun olmağının nəyi pisdir?
Qız: – Ağıl olmayandan sonra nə qədər olsa da, heç nəyə lazım deyil o pul.
Nənə: – Yaxşı, bunu başa düşdük. Bəs ondan əvvəlki? Həm qohum idi, həm də universitet oxumuşdu.
Qız: – (gülür) Gördüm də oxumağını. Şairi nasirdən ayıra bilmirdi.
Nənə: – Axı o sənin kimi ədəbiyyatçı deyil.
Qız: – Belə şey üçün universiteti qurtarmaq lazım deyil. Elə adamlar var ki, iqtisadiyyatı qurtarıblar, amma ədəbiyyatı məndən yaxşı bilirlər.
Nənə: – Onda get, elələrini tap. Özü də tez. Bax, bu ilin axırına kimi bəyəndiyin biri gəlib səni bizdən istəməsə, öz bildiyimiz adama verəcəyik.
Qız: – Məcburən?
Nənə: – Məcburən niyə? Hələ iki ayın var, gör də nə fikirləşirsən.
Dördüncü epizod:
Səhnənin ön hissəsi işıqlanır. Qadın yenə də üzünü rəngləməkdə davam edir. İndi üzündə təşvişi xatırladan bir qrim var.
Qadın: – Nənəmin nə qədər ciddi olduğunu bilirdim. Bilirdim ki, qərarının arxasında atamın da fikri durur. Amma bir kişiyə qızı ilə belə məsələləri danışmaq yaraşmadığı üçün iş başına nənəm keçmişdi. Demək olar, hər gün evimizdə eyni söhbətlər gedirdi. “Filankəsin qızı məndən kiçikdir, ərə getdi, mən isə hələ də evdəyəm”. “Keçmiş sinif yoldaşlarımın uşaqları bu gün-sabah məktəbə gedəcəklər, mən isə hələ də dərs oxumaq haqqında fikirləşirəm.” Gizli-gizli öz bəyəndikləri, bir neçə dəfə evimizə xəbər göndərmiş namizədin də tərifi gedirdi. Bunları vecimə almırdım. Axı o var idi. Elə bilirdim, o bütün bunlardan xəbər tutsa, hər şey dəyişəcək. Necə də inanırdım… Uşaq kimi…
Yenidən səhnənin arxa hissəsi işıqlanır. Qoşa addımlayan Oğlanla Qızı görürük. Qız tez-tez saatına baxır.
Oğlan: – Niyə belə tez-tez saatına baxırsan? Hara isə gecikirsən?
Qız: – Evə.
Oğlan: – Vacib bir işin var?
Qız: – Yox, amma bu axırda evimizdəkilər dərsdən çıxdığım vaxtla evə çatdığım vaxtı hesablamaqla məşğuldurlar. Hər dəqiqəyə görə danışırlar.
Oğlan: – Bu axırda belə olub ki? Niyə?
Qız: – Əvvəl də var idi. Amma bu qədər də yox. İndi lap ağını çıxarıblar.
Oğlan: – Axı niyə?
Qız: – Elə bilirlər, gizli sevgilim var, onunla görüşürəm dərsdən sonra.
Oğlan: – (gülür) Sənin sevgilin var? (az qala şaqqanaq çəkir) Yox bir nə…
Qız: – (pərtliyi hiss olunur, amma özünü sındırmamaq üçün gülür) Nə bilim e, məni ərə vermək üçün bəhanələr axtarırlar.
Oğlan: – Necə? Sevgilin olduğunu bilsələr, ona ərə verəcəklər səni?
Qız: – (məyus) Ona da olmasa, alan birinə verəcəklər hər halda.
Oğlan: – (gülür) Yazıq səni alan.
Qız: – Sən də nənəm kimi danışmağa başladın?
Oğlan: – Nənən nə deyir ki?
Qız: – Deyir ki, məni alan bədbəxt olacaq, baş-beynini öz axmaq fikirlərimlə dolduracağam o yazığın.
Oğlan: – (ciddi) Nahaq yerə elə düşünür. Nə olub ki sənə? Gözəl, ağıllı, hərəkətlərini bilən, həm də qabiliyyətli bir qızsan. Səni alan oğlan dünyanın xoşbəxti olacaq.
Qız: – Doğrudan deyirsən?
Oğlan: – Əlbəttə.
Qız: – Amma mənə özüm kimisini tapmaq çətin olacaq, deyəsən. Mənim kimi ikinci dəli var görəsən dünyada? Əlbəttə, səni saymasaq.
Oğlan: – Hə, məni saymasan yaxşıdır.
Qız: – (pərt halda, guya söhbəti dəyişir) Sən necə, evlənmək haqqında fikirləşmirsən ki?
Oğlan: – Yox, bilirsən ki, mən başqa ideyalarla yaşayıram. Uşaqlıqdan bu ideyaları özüm üçün yol olaraq seçmişəm.
Qız: – Aydın kimi?
Oğlan: – Aha. (pafosla, aktyorcasına) Mən istəyirdim bütün dünya mənimlə hеsablaşsın, küçələrdən kеçərkən, Aydın gəlir dеyə, хalq məni barmağilə göstərsin. Mən istəyirdim, əyilmədən kimsə yanımdan kеçməsin. Mən istəyirdim bütün bəşəriyyət mənim fikrimə tapınsın…
Qız: – Bilirəm, “Aydın”dandır. Amma doğrudan sənin istəyin də belə idi?
Oğlan: – (hələ də roldan çıxmayıb) Bəli! Böyüdükcə, bu arzu da böyüyürdü. Həyata yanaşınca, içindəki təzadları, birinin varlı, birinin yoхsul, kiminin hakim, kiminin məhkum olduğunu görüncə, bu arzu dəyişib, bir fikrə çеvrildi: bütün yaşayışda bir inqilab yaratmaq. Mən diriliyi yеni əsaslar üzərində qurmaq üçün bütün bəşəriyyəti qan dənizlərində çimdirib, insanlığın çеynənmiş sümükləri üzərində sağ qalacaq bеşyaşlı səbilər üçün, səadət sarayları tikdirmək istəyirdim.
Qız: – Yaxşı, özünə gəl. Bəsdir.
Oğlan: – Ah, necə də Aydını oynamaq istərdim.
Qız: – Mən isə Gültəkini oynamaq istəməzdim.
Oğlan: – Bilirəm.
Qız: – Səbəbini də bilirsən?
Oğlan: – Bəlkə də.
Qız: – Nədir?
Oğlan: – Hər halda, keçən dəfə dediyim deyil.
Qız: – Düz deyirsən. Mən heç səhnədə də səni aldatmaq, xəyanət etmək istəmərəm.
Oğlan: – (duruxur) Bilirəm.
Qız: – (Saatına baxır) Daha gecdir. Mən getməliyəm. Hələlik. (uzaqlaşır)
Beşinci epizod:
Səhnənin ön hissəsi işıqlanır. Qadının üzündəki qrim məyus bir ifadə yaradıb. Özü də doluxsunub.
Qadın: – O gün söhbətimizin başqa cür olacağını düşünmüşdüm. “Səni sevirəm” sözləri dilimin ucunda idi. Amma deyə bilmirdim. Bilməzdim də. Və nə yaxşı ki, demədim də. Axı elə bilirdim ki, bu sözləri o deyəcək. (ağlayır) Evdə isə “hə” deyəcəkləri elçini qarşılamağa hazırlıq işləri gedirdi. Əlbəttə, mənim razılığım da alınacaqdı. Amma bu sadəcə, söz idi. Əsl razılığı artıq vermiş kimi idilər. Mənim heç bir çıxış yolum qalmadığı üçün “hə” deyəcəkdim. Axı nənəmin dediyi vaxt bitmişdi. Həmin günə qədər sonuncu dəfə Onunla danışmaq qərarına gəldim.
Qarşıda işıqlar sönür. Səhnənin arxa tərəfi işıqlanır. Oğlanla Qız skamyada əyləşiblər. İkisinin əhvalı yoxdur.
Oğlan: – Buyur, eşidirəm. Nə idi “ciddi” dediyin söhbət?
Qız: – Sabahdan bura gəlmə.
Oğlan: – Niyə?
Qız: – Çünki mən ərə getməyə hazırlaşıram?
Oğlan: – (gülür) Hazırlaşırsan? Ona necə hazırlaşırlar? Məşq-filan edirsən?
Qız: – (əsəbi) Gülməli deyil. Gələn həftə mənə elçi gəlir. “Hə” deyiləcək.
Oğlan: – Deyiləcək, ya deyəcəksən?
Qız: – Fərqi yoxdur, hər halda məsələ ciddiləşəcək. Ona görə bura gəlməməlisən.
Oğlan: – Niyə? “Qaqaş” çox qısqancdır?
Qız: – Hə, ağır xasiyyəti var.
Oğlan: – Aha… Deməli, yaxşı tanıyırsan onu.
Qız: – (əsəbi) Niyə də tanımayım? Gələcək ərimdir, elə-belə yoldan keçən deyil ki.
Oğlan: – Mənim kimi yoldan keçən?
Qız: – (pərt halda) Nə isə, “əlvida” demək üçün axırıncı dəfə danışmaq istədim.
Oğlan: – Başa düşürəm. Xoşbəxt ol.
Qız: – Olmayacağam. (doluxsunub)
Oğlan: – Niyə? O da mənim acığıma?
Qız: – Çünki mən onu sevmirəm.
Oğlan: – Bəs o?
Qız: – Mən nə bilim? Guya onu tanıyıram? Ya o məni tanıyır? (ağlayır)
Oğlan: – Bəs xasiyyəti ağır oğlan idi…
Qız: – Başqa nə deyərdim ki?
Oğlan: – Hər halda yalan yox.
Qız: – Mən xoşbəxt olmayacağam. Amma sən get və ol.
Oğlan: – (Pafosla, aktyorcasına) Oх, gözəl məlakəm! Nə еtmək ki, özümdə fikrən bütün dünyaya hakim olmaq qüvvəti hiss еdən mən, təkcə səni də хoşbəхt yaşada bilmirəm. Nə еtmək, sən ki mənim fikirlərimi bilirsən, kimsə anlamırsa, barı sən məni anla…
Qız: – Yenə də Aydın…
Oğlan: – (təkrar edir) Barı, sən məni anla.
Qız: – Anlayıram, bilirəm ki, ürəyə hökm etməzlər. Bizimki də buraya qədərmiş.
Oğlan: – (yenə də aktyor kimi, pafosla) Məni darıхdıran bir şеy varsa, o da sənin bеlə ağır günlər kеçirdiyindir.
Qız: – Roldan çıx, sənə axırıncı sözümü demək istəyirəm.
Oğlan: – Nə?
Qız: – Sənə olan hisslərimi. İstəyirəm, hər şeyi bilib, sonra gedəsən.
Oğlan: – (yenə də roldadır) Mən istəyirdim ki, sеvdiyim məni sеvməsin. Ona çatmaq ümidilə yüksəlmək, çırpınmaq, çarpışmaq, yuхusuz gеcələr, qanlı vuruşmalar, əzab, göz yaşları, mübarizə… nəhayət, napolеonvarı, yurduma dönərkən, istiqbalıma çıхmış qızlar tərəfindən başıma səpilən çiçəklər altında məni görməsini və hеsablaşmaq əlaməti olaraq, ancaq gülümsəməsini istəyirdim. Yorulurkən, ümidilə qüvvətlənib durmaqsızın irəli, dayanmaqsızın yüksəklərə! Yеnə iztirab, yеnə göz yaşları. Yalnız ölərkən, son nəfəsdə dodaqlarımı dodaqlarına sıхıb: mən bir həqiqətəm, mən bir hеç dеyiləm! – dеyə, qalibiyyət və iftiхar sеvinclərində boğulub ölmək istəyirdim.
Qız: – Bəsdir, özünə gəl. Mənə qulaq as. Mən səni həqiqətən də…
Oğlan: – (sözünü ağzında qoyur, əli ilə ağzını qapadır, danışmağa qoymur, pafosla davam edir) Siz həyatı anlamırsınız. Sеvdiyini alanlar altun qəfəsə bağlanmış bir bülbüldən başqa hеç bir şеy dеyildir. Halbuki, məncə, səbətlər bucağında yaşayıb hər çiçəkdən bir şəhd alan bir arı kimi olmaqdan, böyük səadət yoхdur. O bir çiçəyi хoşlar, qonar, doyar, qalхar, başqasını bəyənər, ona doğru yönələr. Könül tənəvvə düşkünüdür.
Qız: – Bəsdir! Sən Aydın deyilsən. Sən… (ağlayır)
Oğlan: – (çılğıncasına, roldan çıxmayaraq) Sən… еy məqsədi qaranlıq həyatın işıqlı Ulduzu! Sən, еy işıqlı Şərqin qaranlıq yavrusu! Bu Allah qədər pak, səmimi hеyətinlə, bu məsum, zavallı görkəminlə səni kim sеvməyə bilər? Fəqət ağla! Bacardıqca ağla! Nə qədər bilsən, bu qara gözlərə ağlamaq yaraşır!
Qız: – (qəti hərəkətlə göz yaşlarını silir, ayağa qalxır) Bilirsən nə var? Əlvida!
Oğlan: – (elə bil birdən ayılır, öz halına qayıdır) Bir bilsən Aydını səhnədə necə oynayardım…
Qız: – Mən isə Gültəkini…
Oğlan: – Oynamazdın…
Qız: – Oynayardım.
Oğlan: – Niyə?
Qız: – Heç olmasa səhnədə sənin qucağında, dodağım dodağında ölmək üçün… (cümləsini bitirən kimi iti addımlarla oradan uzaqlaşır)
Oğlan isə bir müddət şaşqın halda arxasınca baxır. Yenidən arxa tərəf qaranlıqlaşır. Ancaq ön tərəf işıqlanır. Qadın yenidən rənglərlə üzünü boyamaqdadır. Üzündə ağlayan qrim var.
Altıncı epizod
Qadın: – Həmin gün evə gedən kimi gələn elçilərə “hə” demələrini tapşırdım. Onsuz da “hə” deyəcəkdilər. Amma məndən belə qəti cavab da gözləmirdilər. Hər şey istədikləri kimi oldu.
İndi ərli qadınam. Onu da həmin vaxtdan görməmişəm. Neçə vaxtdır bir ümidlə yaşayıram – nə vaxtsa Gültəkini oynamaq. Axı Aydın o olacaq. Ancaq buna görə axtarırdım Aydını. Səhnəyə onunla birgə çıxmaq istəyirdim. Sonuncu səhnədə həqiqətən zəhər içmək kimi bir fikrim var idi. Zəhər içmək, amma ona deməmək. Qoy, səhnədə bilsin bunu. Qoy, dodağım dodağına dəyərkən duyduğu acıdan başa düşsün zəhərləndiyimi… (pauza)
Dünən “Aydın”ın afişasını gördüm. Gözlərim afişadakı adları axtarırdı. Elə bilirdim, rejissor sözlərinin qarşısında “Həyat”, Aydın rolunun qarşısında isə onun adını oxuyacağam. Necə də inanırdım buna…
Yenidən səhnənin ön hissəsi qaralır. Arxada elə Qadını öz qara görkəmində görürük. Amma üzündə rənglər yoxdur. Yanında isə Əri var. Teatr afişaları yerləşdirilmiş stendin yanından keçirlər. Birdən Qadın nə isə görübmüş kimi dayanır. Afişalara baxır.
Qadın: – Aydın… Aydın…
Ər: – Kim?
Qadın: – Aydın da… Gedək, gedək baxaq.
Ər: – Kimdir ki o? Müğənnidir, ya meyxanaçı?
Qadın: – (heyrətlə onun üzünə baxır) Nə?
Ər: – Deyirəm, kimdir? Mən ancaq meyxanaçı Aydın tanıyıram.
Qadın: – Aydın… Aydın daha yoxdur!
Ər: – Necə yəni? Bəs demirsən gedək baxaq?
Qadın: – Gültəkin də yoxdur.
Ər: – O kimdir?
Qadın: – Öldülər onlar? İkisi də öldü.
Ər: – Nə vaxt?
Qadın: – Elə indi. Həyatımın necə olduğunu anladığım gün. Aydını heç vaxt tapmayacağımı, görməyəcəyimi başa düşdüyüm an öldülər.
Ər: – Nə deyirsən… Başa düşmürəm…
Qadın: – Başa düşməzsən. Çünki bu gün mən də öldüm. Bütün arzularımla, xəyallarımla öldüm. Sonuncu səhnədə zəhər içib öldüm.
Ər: – Nə zəhər? Sən nə danışırsan?
Qadın: – Sənin sözlərin… Hər şeydən xəbərsizliyin… Zəhərdən acı oldu bunlar. Mənim bir ömür bunları dadmağım isə ölümdən betərdir.
Ər: – Bu, hansısa kitabdandır? Bilirsən ki, mən kitab-zad xoşlamıram.
Qadın: – (aktrisa kimi) Kimsə məni gözləməz, kimsə də mənə gərək dеyildir. Artıq mən hər şеydən usandım, hər şеydən yoruldum, hər şеydən uzaqlaşdım. Oх, kеçmiş günlərim… O vaхtlar mən nə qədər хoşbəхt, nə qədər gözəl idim! Amma indi!.. Mən nə idim, indi nə oldum!
Ər heç nə başa düşmədən üzünə baxır. Qadın isə dizi üstə düşür, yerdən rəngləri götürüb, üzünə qəmli qrim çəkməyə başlayır.
Pərdə