Şəbnəmin bloqu

Şəxsi xarakterli ədəbiyyat bloqu

  • HAQQIMDA
  • KEÇİDLƏR

TUT (pyes)

Posted by Şəbnəm on Sentyabr 28, 2011
Dərc edildi: Dramaturgiya. Bakı bağları,bağ mövsümü,dram,pyes,Shabnam,Tut,Şəbnəm ilə etiketləndi. Bir şərh yazın


İştirak edirlər:

Qoca                                  60-65 yaşlarında nurani qoca

Qonşu                                60-65 yaşlarında qoca

Rəsmi şəxs                        25-30 yaşlarında cavan, rəsmi, işgüzar geyimli

Oğlan                                 10-12 yaşlarında uşaq

Traktorçu                            30-35 yaşlarında

 BİRİNCİ PƏRDƏ

(Hadisələr köhnə görünüşlü bir bağda cərəyan edir. Səhnənin mərkəzində qollu-budaqlı tut ağacı var. Bir tərəfdən köhnə daxmanın qapısı, o biri tərəfdə isə üzüm tənəklərinin başı görünür. Tut ağacından bir az aralıda su quyusu, daxmanın qapısı yanında 2 dənə balaca kətil var.

Qoca tut ağacının budaqlarını sığallaya-sığallaya asta səslə danışır)

Qoca: – Daha bir bağ mövsümü… Mənim həyatımda bu altmış dördüncü yaydır. Sənin üçün neçəncidir, Allah bilir. Gözümü açandan səni belə qollu-budaqlı görmüşəm. Bax, indi mən lap qocalmışam, sən isə elə olduğun kimi də qalmısan. Nə bilim, bəlkə sən də qocalmısan, amma mən hiss eləmirəm.

(Bu zaman səhnəyə Qonşu daxil olur. Qoca qonşunun gəldiyini hiss edən kimi danışığını kəsir və ona doğru addımlayır)

Xoş gəldin, qonşu!  Həmişə bağlarda!

Qonşu: – Xoş gördük! Həmişə bağlarda! Hə, yenə də bu tut ağacı ilə danışırdın?

Qoca: – (sanki bu sözdən utanır) Yox, elə özüm-özümlə danışırdım. Deyirəm, daha bir yay gəldi də…

Qonşu: – Hə, neyləyəsən e, görürəm bu il də tək köçmüsən bağa. Oğul-uşaq gəlmək istəmir, deyəsən. Sən də kimlə danışasan e…

Qoca: – Düz deyirsən, (danışa-danışa kətillər olan tərəfə keçib hərəsi bir kətildə oturur) bu günün uşaqları belə köhnə bağları istəmirlər ki. Onlar deyir, gərək bağ başqa cür ola. Nə bilim, (əli ilə daxmanı göstərir) bu daxmanın yerində iki-üç mərtəbəli villa olsun, həyətdə hovuz, bağı da hündür hasarlarla hamıdan gizlədəsən…

Qonşu: – Hə, bilirəm. Mənimkilər də bağı dəyişdilər də. Düzdür, lap o yekə villalardan tikə bilmədilər. Amma hasarlayıblar, yeri asfaltlayıblar. Nə isə, təzə bağlara oxşadıblar da. Amma, qonşu, belə baxanda, rahatlıq üçün onların dediyi də düzdür axı.

Qoca: – Nə bilim, bəlkə də düz deyirlər. Amma mən bağı belə görmüşəm, belə öyrəşmişəm. İndi bu yaşımda əlim gəlməz, babalarımdan qalan bu düzəni dağıdıb başqa şeylər eləyim.

Qonşu: – Səni elə başa düşürəm ki… Hərdən mənim də burnumun ucu göynəyir köhnə bağlar üçün. Bəlkə də sənin bağına tez-tez gəlib-getməyim də ondandır. Gəlib uşaqlıq illərimi yada salıram. Səni də başını ağrıdıram.

Qoca: – O nə sözdür, nə vaxt istəsən, gəl, gözüm üstə yerin var. Yoxsa ki, sən demişkən, təklikdən başıma hava gəlir, ağaclarla danışıram.

Qonşu: – Ağaclar yox, təkcə bu tut ağacı ilə. Doğrudan e, deyirlər ki, sən bu tut ağacına, əstəğfurullah, lap Allah kimi inanırsan.

Qoca: –  Hə, qonşular arasında məni dəli kimi tanıyırlar, başa düşürəm. Özüm də eşitmişəm, mənə “kafir” deyən də var, “xurafatçı” deyən də.

Qonşu: – Xətrinə dəyməsin e, ay qonşu. Amma bir söz ki çıxdı, hərə üstünə bir şey qoyub danışır. Nə bilim, deyirlər ki, sən bu ağaca pir kimi baxırsan. Dualarını, arzularını da bu ağacdan istəyirsən.

Qoca: – (ah çəkir) Kim də olmasa, sən bilirsən axı, mən niyə bu ağacı çox istəyirəm. Bu ağaca baxanda elə bilirəm ki, keçmişdən xəbərdaram, baba-nənələrimin səsini eşidirəm. Bu ağac illərdir, tutları ilə həm bağın adamlarının, həm də elə-belə, yoldan keçənlərin qarnını doyurub, kölgəsi ilə istidən qoruyub.

Qonşu: – Bilirəm, bilirəm… Elə mən özüm lap balaca vaxtlarımdan nə qədər bu tutdan yemişəm. (bir az duruxur) Amma, sən də məni pis başa düşmə e, hər meyvə verən ağaca da müqəddəs kimi baxmazlar axı, günahdır.

Qoca: – (qətiyyətlə) Hər ağac yox, amma mənim tutum müqəddəsdir. Sən ki, özün bizim ailə əhvalatlarından xəbərdarsan. Yəqin bilməmiş deyilsən ki, mən özüm də məhz bu tuta olan duaların nəticəsində dünyaya gəlmişəm. Məndən böyük altı bacım olub, anam bu tuta dualar edib, nəzir deyib ki, bir oğula sahib olsunlar. Bir də ki, hansı tut ağaclarına “pir” deyildiyini bilirsən heç? O ağaca “pir” deyilir ki, onun  budağı əyilərək yerə dəyib yenidən göyə qalxsın. Bu əlamət onu göstərir ki, ağac artıq Allahın qarşısında səcdə edib…

Qonşu: – (sözünü kəsir) Hə, keçmişdə belə inanclar çox olub. Elə indinin özündə də var. Amma mən bütün bunları yaxşı qəbul eləmirəm. Xətrinə dəyməsin, amma, heç ağaca da nəzir deyərlər?

Qoca: – Bu sənin bildiyin nəzirdən deyil, ay qonşu. Gedib, hansısa pirlərə verdiyin nəzirin hansı cibə getdiyini bilmirsən. Amma bu tamam başqadır. Mənim pirimə edilən nəzir yalnız onun qulluğunda durmaq, onu alaqlardan təmizləmək, qurd-quşdan qorumaqdır, vəssəlam.

Qonşu: – Hə, (gülümsüyür) sənin tutunun da bu mənada bəxti yaman gətirib. Heç vaxt nəziri gecikmir. Nə vaxt baxırsan, elə səni ağaca qulluq edən görürsən.

(Bu zaman səhnəyə qaçaraq Oğlan daxil olur. Danışanlara yaxınlaşıb ayaq saxlayır.)

Oğlan:- Salam!

Qonşu: – Salam, a bala! Necəsən?

Oğlan:- Çox sağ olun, yaxşıyam. (üzünü Qonşuya tutub) Baba, məni evdən göndərdilər. Deyirlər ki, təcili evə gələsən.

Qonşu: – (həyacanla) Nə isə olub?

Oğlan:- Hə, bir nəfər qalstuklu, əli kağız-kuğuzlu kişi gəlib. Deyir ki, bağın sahibi ilə danışmaq istəyir.

Qonşu: – (fikirli halda) Deyəsən, deyilənlər doğrudur axı.

Qoca: – Hansı deyilənlər?

Qonşu: – Bəs eşitməmisən? Deyirlər ki, bu ətrafda bağı olanlara pul verib köçürəcəklər.

Qoca: – Nə danışırsan? Yəni, məcburən köçürəcəklər? Axı elə şey olmaz.

Qonşu: – Nə bilim, deyirlər, bizim bağları hansısa vəzifəli şəxs alıb burada öz biznesini quracaq.

Qoca: – (qəzəblə) Başa düşmürəm, indi kim isə pul qazanmaq istəyir deyə, gərək zorla torpaqlarımız əlimizdən alınsın?

Qonşu: – Zorla deyəndə ki, bağımızın əvəzində pul verirlər.

Qoca: – Bəs əgər mən satmaq istəməsəm?

Qonşu: – Vallah, daha orasını deyə bilmərəm. (Qonşu ayağa qalxır) Qoy, gedim, bir danışım o gələn adamla. Yəqin elə səninlə də danışmağa gələrlər.

Qoca: – Qoy, kim gəlir-gəlsin. Mənim cavabım onsuz da birdir.

(Qonşu və Oğlan birlikdə səhnəni tərk edirlər. Qoca da ayağa qalxır və yenidən ağaca yaxınlaşır. Ağacı sığallaya-sığallaya danışmağa başlayır. )

Qonşum düz deyir, sənin nəzirini heç vaxt gecikdirməmişəm. Həmişə qulluğunda durmuşam. (fikrə dalaraq) Bircə səkkiz il əvvəl özümü sənin yanında çox günahkar  hiss etdim. Həmin yay Abşeronun bütün tut ağacları üçün dəhşətli olmuşdu. Amerikadan gələn o həşəratlar yadıma düşəndə hələ də birtəhər oluram. O əcaib ağ kəpənəklər, onların yaşıl, tüklü tırtılları ağaclara necə zərbə vurdu. Nə qədər qocaman tut ağacları məhv oldu. Elə sənin nə qədər iri budaqların qurudu. (fəxrlə) Amma sonunda dözdün, durdun. O boyda Amerikanın həşəratlarına qalib gəldin! Sən mübarizə apara, hər kəsə qalib gələ bilərsən. Mənə gülən, ələ salan qohum-qonşuya da…

(Səhnəyə əlində qovluq tutmuş ciddi geyimli Rəsmi şəxs daxil olur. Qocanın hərəkətlərinə maraqla baxır. Qoca onun gəlişini duyur və susur.)

Rəsmi şəxs: – Hər vaxtın xeyir, dayı!

Qoca: –  (gələnin kim olduğunu duyduğu üçün quru şəkildə) Hər vaxtın xeyir!

Rəsmi şəxs: – Dayı, bilmirəm, mənim kim olduğumu bilirsən ya yox…

Qoca: – Deyərsən, bilərik.

Rəsmi şəxs: – Əslində, heç vacib də deyil bu. Əsas odur ki, məqsədimi biləsən.

Qoca: – Buyur, onda məqsədini de.

Rəsmi şəxs: – İş ondadır ki, bu ərazilər bizim plana düşür…

Qoca: – O nə plandır elə?

Rəsmi şəxs: – Bu ərazilərdə böyük bir müəssisə tikilməyinə qərar verilib. Ona görə də kimin burada bağı varsa, pul verilib ərazi ondan alınır. Belə bəxtəvərlərdən biri də sən olacaqsan, ay dayı.

Qoca: – Ev-eşiyindən ayrı düşmək nə vaxtdan bəxtəvərlik sayılır ki?

Rəsmi şəxs: – Ay dayı, əvəzində pul alacaqsan da. Həmin pula gedib başqa yerdə torpaq da ala bilərsən. Hələ əməlli-başlı bir ev də tikdirərsən. (əli ilə Qocanın daxmasını göstərir) Yoxsa, belə daxmada yaşamaqdan yəqin özün də bezmisən…

Qoca: – (qəzəblə) Sən heç nə danışdığını bilirsən? Yadında saxla ki, sənin bu daxma dediyin min dənə villadan daha doğma, daha rahat, daha əzizdir.

Rəsmi şəxs: – (təəccüblə) Yaxşı, dayı, görürəm, indi isti başla bir şey fikirləşə bilmirsən. Bəlkə sənə vaxt verək, oğul-uşağınla da məsləhətləşəsən, sonra fikrini deyərsən. (üzünü çevirib səhnəni tərk edir)

Qoca: – (gedənin arxasınca qışqırır) Mənim oğul-uşağım da, doğmam da bu bağdır, bu yerlərdir. Başqa heç kimin fikrinə ehtiyacım yoxdur. Qərarım da ki, budur: Mən bağımı satmıram!

PƏRDƏ

İKİNCİ PƏRDƏ

(Yenə də əvvəldə gördüyümüz bağ şəraiti. Amma bu dəfə bir az fərqli görkəm var. Yerdə saralmış yarpaqlar var, tənəklərin yarpaqları da sarımtıl rəngdədir. Quyunun yanında isə üzümlə dolu səbət var. Pərdə qalxan kimi səhnəyə Qonşu daxil olur.)

Qonşu: – (ətrafına boylanır) Ay qonşu, haradasan?

(Daxmanın görünən qapısı açılır və Qoca bayıra çıxır. Geyimi bu dəfə birinci pərdədə olduğundan fərqlənir.)

Qoca: – Xoş gəldin! Üzünü görək! (yaxınlaşıb əlini sıxır) Unutmusan deyəsən məni.

Qonşu: – Xoş gördük! Unutmusan deyəndə ki, bilirsən də yəqin, mən axı bağımı satdım.

Qoca: – (kefi pozulmuş halda) Hə, bildim…

Qonşu: – Ona görə də getməli oldum buralardan. Bu gün fikirləşdim ki, bağ mövsümü bitir, birdən köçüb-eləyərsən, sonra Allah bilir, bir də nə vaxt görüşərik.

Qoca: – Hə, əslində köçmək vaxtı yetişib. Amma elə vəziyyətdir ki, indi köçmək olmaz.

Qonşu: – Hansı vəziyyət?

Qoca: – Nə bilim e, bu əli kağız-kuğuzluların biri gəlir, biri gedir.

Qonşu: – Bağı almaq istəyənlər?

Qoca: – Hə, onlar. Qorxuram ki, mən köçəndən sonra icazəsiz-filansız girib dağıtsınlar buraları. Ona görə də bu payız köçməməyəcəyəm deyəsən.

Qonşu: – Amma görürəm ki, sən hələ də möhkəm durmusan, satmaq fikrin yoxdur bu bağı.

Qoca: – Bu üç ayda polisə, bələdiyyəyə, nə bilim, daha haralara getmişəm. Vallah, hərə bir söz deyir. Guya nə bilim, əslində bu torpaqların kağızı mənim adıma deyil, mən ancaq icarədaram-nəyəm. Əslində heç başım da çıxmır bu şeylərdən.

Qonşu: – Uşaqlara de, həll eləsinlər də.

Qoca: – Uşaqlar qarışsa, bilirəm axırı nə olacaq da…

Qonşu: – (ah çəkir) Məndə olduğu kimi… Gəlib baxıram buralara, bağımı tanımadım. Dağıdıblar…

Qoca: – (gərginliyi aradan götürmək üçün) Ay qonşu, bayaq üzüm dərmişəm. (gedib səbəti götürür) Bax, bu da sənin payın. (səbəti Qonşuya uzadır)

Qonşu: – Bu nə xəcalətdir, ay qonşu…

Qoca: – Xəcalətli düşmənin olsun, o nə sözdür. Bağ payıdır da, adətimiz belədir…

Qonşu: – Çox sağ ol, ay qonşu. (kövrəlmiş kimi olur)

(Bu vaxt yenidən Rəsmi şəxs səhnəyə qayıdır. Qoca onu görən kimi diksinmiş kimi olur)

Qoca: – Yenə də sən?

Rəsmi şəxs: – Məni görmək istəmirsənsə, tezliklə buranı boşalt.

Qoca: – Mən fikrimdə qətiyəm: bağ satılmayacaq!

Rəsmi şəxs: – Mən də elə axırıncı dəfə sözümü demək üçün bura gəlmişəm. Tapşırıblar ki, bu dəfə hər şeyi həll etməmiş qayıtmayım.

Qonşu: – Çox təəssüf, amma yenə də əliboş qayıtmalı olacaqsan.

Rəsmi şəxs: – (yüksək səslə) Sən elə bilirsən ki, bu inadınla işimizə mane ola biləcəksən? Ay dayı, yadında saxla, bu pulu sənə nə bu sınıq-salxaq daxmana, nə də ki, bu on-on beş ağacına görə vermirik. Bunların heç biri bizə lazım deyil. Biz torpağa pul veririk ki, o da əslində heç sənin də deyil. Sən Allahına şükür et ki, hələ sənə bu qədər pul veririk. Biz başqa cür də hərəkət edə bilərik. Yaxşı-yaxşı fikirləş.

Qoca: – (inadla) Ancaq meyidimin üstündən keçib bu bağa sahib ola bilərsiniz.

Rəsmi şəxs: – Ay dayı, cəmi üç aylıq vaxtımız var. Əgər belə bir işin varsa, elə bu üç ayda həll et. Gələn dəfə bura traktorla gələcəyik. (sözünü deyib, arxasını Qocaya çevirərək səhnədən çıxır.)

Qonşu: – (gedənin arxasınca qışqırır) Bu nə deməkdir? Ağsaqqala qarşı belə hörmətsizlik eləmək olar?

(Qoca bu soyuqqanlılıqdan heyrətə gəlmiş şəkildə duruxub)

Qoca: – Belə görünür ki, mənim seçimim qalmır… (ah çəkib kətildə əyləşir)

Qonşu: – Vallah, deyəsən, onlar da çəkilənə oxşamırlar.

Qoca: – Gələn dəfə traktorla gələcəklər… Yəni, üzümlüyü, evimi, tut ağacımı, hər şeyimi məhv edəcəklər. Bütün bunlara qarşı necə dura bilərəm axı?

Bunları görməkdənsə, ölmək yaxşıdır. Ya da mübarizə aparmaq! Sona qədər… Mən mübarizəni seçirəm.

Qonşu: – Vallah, sənin möhkəmliyinə həsəd aparıram. Amma hələ də başa düşmürəm, sən necə mübarizə aparacaqsan.

Qoca: – Amma mən artıq bilirəm.

Qonşu: – (sual dolu baxışlarla Qocanın üzünə baxır. Amma ondan cavab gəlmədiyini hiss edir) Yaxşısı budur, səni fikirlərinlə baş-başa qoyum. Yəqin evdə də indi nigaran olarlar. Gedim daha…

Qoca: – (ayağa qalxır, qonşunun əlini sıxır) Yaxşı yol, qonşu! Uşaqlara adımdan salam deyərsən. Səbəti də unutma.

Qonşu: – Çox sağ ol! Payın artıq olsun!

(Qonşu səhnəni tərk edir. Qoca isə quyuya yaxınlaşır. Quyunun yanında bənd edilmiş kəndiri açmağa başlayır. Nəyi isə xatırlayırmış kimi danışır) Neçə illərdir bu kəndirin köməyi ilə quyudan su – həyat mənbəyi çıxarmışam.  İndi isə bu kəndir mənə başqa həyatın dadını göstərməlidir. (kəndiri açıb bir az əvvəl oturduğu kətilə yaxınlaşır. Kətili götürüb ağacın altına qoyur. Üstünə çıxıb kəndiri ağacın budağına bərkitməyə başlayır) Mən səni xilas etməliyəm. Həm səni, həm də özümü. (kəndirin möhkəmliyini yoxlayır. Kəndirin digər ucunu da ilgək formasına salır. Bu işləri edə-edə danışır) Bilirəm, bilirəm ki, mən ölsəm, sən sağ qalacaqsan. Mən bunu hiss edirəm. (boynunu ilgəkə keçirir) Mən sıxılmıram, mən azadam. (başını göyə qaldırır) Məni Sən yaratdın. Sən də öldür!

PƏRDƏ

ÜÇÜNCÜ PƏRDƏ

(Yenə də həmin bağ görünür. Amma indi nə tənəklər, nə də daxma var. Mərkəzdə təkcə yarpaqsız tut ağacı var. Tut ağacının Qoca özünü asan budağından ağlasığmaz ölçüdə tut asılıb. Uzaqdan traktor səsi gəlir. Rəsmi şəxs dağılmış bağı heyranlıqla seyr edir)

Rəsmi şəxs: – (öz-özünə) Qəribədir, bu bağın sahibi hara yoxa çıxdı, görəsən? Yəni, o qoca boş inadkarlığın mənasız olduğunu başa düşdü? Çıxıb gedib, özü də ona düşən pulu da almadan. Hm, o inadkarlıq hara, belə səssiz yoxa çıxmaq hara?

(Səhnəyə isti geyimli, başı papaqlı Traktorçu çıxır.)

Traktorçu: – (Rəsmi şəxsə) Az qalıb deyəsən, qurtarıram.

Rəsmi şəxs: – Belə tez-tez fasilələr eləsən, çətin qurtarasan. Bir işini qurtar, sonra düş də o traktordur-buldozerdir, nədir ondan. Yaxşı ki arada gəlib burada gedən işlərə nəzarət eləyirəm. Başsız qalsanız, Allah bilir, neyləyərsiniz.

Traktorçu: – (günahkarcasına) Bağışlayın, amma gözümə parıltı dəydi, ona görə düşdüm, görüm nədir.

Rəsmi şəxs: – (kobudcasına) Parıltı nədir? Bəlkə deyəsən, xəzinə tapmaq iştahasındasan. Deyirəm də, işləməmək üçün bəhanə axtarırsan elə bil.

Traktorçu: – (özünə bəraət qazandırırmış kimi) Niyə elə deyirsiniz, buraları altını-üstünə çevirmişəm. O boyda bostan elə düpbədüz olub ki… Hələ neçə ilin ağacları… Hamısını kökündən çıxarmışam. Adam özünü lap qatil kimi hiss edir. Allah bilir, nə qədər günah yazılır ayağıma…

Rəsmi şəxs: – (narazı) Yaxşı, yaxşı, özünü canıyanan adam kimi aparma. İşinin adı budur da.

Traktorçu: – Düz deyirsiniz, bağ sahibləri öz əlləri ilə bu bağları satmayıb ki? Onların öz bağlarına yazığı gəlmirsə, mən niyə fikir eləyim ki?! Necə deyərlər, “ağa deyir, “sür dərəyə”, sür dərəyə.”

Rəsmi şəxs: – Ay sağ ol, bax, bu başqa məsələ. Keç iş başına. Növbədə bu tut ağacıdır. Amma deyəsən, çətin olacaq, qoca ağaca oxşayır.

Traktorçu: – (məyus halda ağaca baxır) Hə, yazıq… (birdən çaşqın halda ağaca tərəf gedir) Bax, bu da parıltı.

Rəsmi şəxs: – (dili topuq çalır) Parıltı? Hanı?

Traktorçu: – (əlini tuta tərəf aparır) Bu tutdur!

Rəsmi şəxs: – ( özü də ağaca lap yaxınlaşır) Nə danışırsan? Noyabrda da tut olar?

Traktorçu: – (elə bil Rəsmi şəxsi eşitmir) Tutdur. Özü də belə iri! Heç vaxt ağlıma  gəlməzdi ki bu vaxt, həm də belə ölçüdə tut ola bilər. (aşmış kətili dikəldib üstünə çıxır)

Rəsmi şəxs: – Neyləyirsən?

Traktorçu: – Dərmək istəyirəm. (hər iki əli ilə tutdan dartsa da, qopara bilmir) Bu niyə qopmur axı? Belə də möhkəm saplaq olar? (əlini saplaq olan hissəyə aparır, heyrət dolu səslə) Bu saplaq deyil!

Rəsmi şəxs: – Bəs nədir?

Traktorçu: – Kəndirdir! Kəndir!

Rəsmi şəxs: – (heyrət içində təkrar edir, sanki nəyi isə anlayır) Kəndir… Kəndir…

Traktorçu: – (heyrətlə kətildən düşüb diz çökür. Əllərini göyə qaldırır) İlahi, bağışla məni. Bilirəm, bu sənin möcüzəndir. Mən bu ağaca toxunmaram! (qışqırır) Mən bu ağaca toxunmaram!

Rəsmi şəxs: – (biixtiyar o da diz çökür, pıçıltı ilə) Heç kəs, heç kəs toxuna bilməz…

Qiymətləndirin:

ALLAH, MƏNİ ÇAĞIR, GƏLİM

Posted by Şəbnəm on Sentyabr 2, 2011
Dərc edildi: Şeirlər. 2 Şərh

Daha dünyadan bezaram,
Allah, məni çağır, gəlim.
Özüm tək gəlsəm, azaram,
Göstər bir yol, cığır, gəlim.

Nə olsa, deyil eynimə,
Kəfən biçmişəm əynimə,
Əməllərim sol çiynimə
Yüklənibdir, ağır gəlim.

Dünyanın dadı qalmırsa,
Əzrayıl canım almırsa,
İsrafil, surun çalmırsa,
Heç olmasa, bağır, gəlim.

Bu duadır, deyil üsyan,
Çətindirmi almaq bir can?
Azad olub bu dünyadan,
Hüzuruna fağır gəlim.

2 sentyabr, 2011

Qiymətləndirin:

LABİRİNT

Posted by Şəbnəm on İyul 5, 2011
Dərc edildi: Şeirlər. Bir şərh yazın


Mən deməmiş, sən özün get,
Qonaqsan, qova bilmirəm.
Nə etiraz, nə üsyan et,
Mən yazıq dava bilmirəm.

Yoxsa azmısan yolunu?
Anlamıram, nə kələkdir.
Özün gəlmişdin axı, bu,
Labirint deyil, ürəkdir.

4 iyul, 2011

Qiymətləndirin:

ARAZ XƏZƏRƏ TÖKÜLÜR

Posted by Şəbnəm on İyun 17, 2011
Dərc edildi: Nəsr. 2 Şərh

– Araz Xəzərə tökülür… Araz Xəzərə tökülür…
Radiodakı sonuncu “Xəbərlər” buraxılışını eşidəndən sonra bu cümləni təkrar-təkrar deməyə başlamışdı. Əlindəki təsbehin muncuqları bir-birinə dəydikcə yaranan “çıq-çıq” cümlənin avazına qoşulub ahəngdar bir musiqi kimi səslənirdi. Amma bu “musiqi” artıq oğlundan tutmuş hələ heç nə anlamayan balaca nəticələrinə kimi hamının əsəbini korlamaqda idi. Dəfələrlə “ay məmə, bu nədir e deyirsən, Araz nədir, Xəzər nədir?”, – soruşsalar da, bir cavab ala bilməmişdilər. İki il əvvəl “mirvari suyu” gəlmiş gözləri indi də göz yaşı ilə dolub-boşalırdı. Həmişə mərdliyi ilə seçilən bu yetmiş səkkiz yaşlı qarının birdən-birə, səbəbsiz yerə ağlaması təkrarladığı cümlədən daha qəribə görünürdü.
Yaddaşı uşaqlığından yadigar qalmış yeganə xatirəsini oyatmışdı. Həmin xatirədə o cəmi dörd-beş yaşında idi. Sonralar öyrənmişdi ki, bu, 1918-ci ilə təsadüf edib.
*****
Evlərindən bayram düzəni hələ yığılmamışdı. Amma uşaq ağlı ilə başa düşürdü ki, ondan və özü ilə həmyaşıd olan əmisi oğlu Əlidən başqa heç kimi bayram maraqlandırmır. Artıq neçə gün idi ki, ata-anasının, əmilərinin üzündən narahatçılıq çəkilmirdi. Həm Əli, həm də özü bir neçə dəfə valideynlərindən bu narahatçılığın səbəbini öyrənmək istəsələr də, düz-əməlli cavab ala bilməmişdilər.
Bu gün atası və əmiləri evə həmişəkindən daha tez qayıtmışdılar.
– Yığışın, elə bu gün bağa köçürük, – bunu əmilərindən yaşca daha böyük olan atası dedi.
Qadınlar sorğu-sualsız hazırlığa başladılar. Hələ subay olan kiçik əmiləri də əl-ayağa düşüb onlara kömək edirdi.
Yayda şəhərdəki evlərini qoyub bağlara köçmək bakılıların adəti idi. Onların ailəsi də hər il bu qaydaya riayət edərdi. Əslində bu adətdən daha çox həyati tələbat idi. Heç olmasa yayda burunları adət etdiyi neft qoxusunu dəniz ətri ilə əvəzləməliydi. Köçə hazırlaşmağın da öz dəm-dəstgahı olardı.
Bu il isə birinci dəfə idi ki, belə vaxtından əvvəl və hövlnak köç görürdülər. Qadınlar elə sandıqları açıb boğçalarını götürmək istəyirdilər ki, atasının amiranə səsi yenə gəldi:
– Çox şey götürmək lazım deyil. Elə bir dəst pal-paltar götürün, bəs edər. Araba artıq gözləyir. Çıxırıq.
Arabanın gəlişinə sevinən də elə yalnız Əli və özü oldu. Böyüklərdən hərəsi əlinə bir şey alıb birtəhər arabaya doluşdular. Ailə üzvlərinin üzlərinə çökmüş kədər qoca arabaçı üçün də yad deyildi. Danışıqları da uşaqlar üçün çox qarma-qarışıq görünürdü. Söhbətə arabaçı başlamışdı.
Sərnişinlərinə qınayıcı nəzər salıb, – Bu iki gündə az qala bütün şəhər camaatı ev-eşiyini buraxıb bağlara köçür. Bəs bu dığalar ora çatsa, neyləyəcəksiniz? Dənizdən o tərəfə necə keçəcəksiniz?, – dedi.
– Biz heç kimdən qorxmuruq!, – arabaçının sözlərindən mənliyi sarsılmış atası az qala qışqırdı, – Bir də ki, bağa ancaq uşaqları qoyacağıq. Özümüz bacardığımız qədər döyüşəcəyik.
– Dayı, bizi qınama, – daha təmkinli görünən əmisi – Əlinin atası sanki özünə bəraət qazandırırdı, – top-tüfəng görməyən sadə adamlarıq. Evlərimizi axtarsan, onundan birində köhnə qoşalülə tapılsa, böyük işdir. Amma o dığalar başdan-ayağa silahlıdırlar. Həm də gözlərini qan tutub, ağına-bozuna baxmırlar, qadın-uşaq bilmirlər. Elə bil, süfrəmizin artığı ilə yaşayan bunlar deyildilər.
Həmin gün qardaşlar qadınları və uşaqları bağda qoyub elə o araba ilə də geri – şəhərə qayıtdılar. Dünyadan xəbərsiz uşaqlar isə ancaq analarının gözlərindəki yaşı görüb, “Allahsız ermənilər”ə qarğış eşitdilər.
Evin kişiləri bir neçə gün sonra əvvəlkindən də pis əhvalda bağa qayıtdılar. Heç kim heç nə danışmasa da, vəziyyətin yaxşı olmadığını hamı hiss edirdi. Hətta uşaqlar da. Atalarının əlindəki silahlar onları qorxutmuşdu, amma səslərini çıxarıb bir şey soruşa da bilmirdilər.
Maraq isə güclü hissdir. Xüsusilə də, özləri yaşda uşaqlar üçün. Maraq naminə böyüklərin gizli söhbətinə qulaq asmaq da olardı. Onlar da məhz belə etdilər. Amma bu hərəkətlərinin peşmanlığını o, uzun illər çəkdi. Yəqin ki, elə Əli də.
Qardaşlar evin arxasına çəkilib görəcəkləri işləri ciddi şəkildə müzakirə edirdilər. Uşaqların da bir kənarda gizlənib onların söhbətini dinlədiyini nə hamıdan əsəbi və çılğın görünən atası, nə gözləri dolmuş kiçik əmiləri, nə də bacardıqca təmkinini qorumağa çalışan Əlinin atası görürdü.
– Qardaş, yəni qonşu kənddə gördüklərimizdən sonra neyləyəcəyimizi heç bilmirəm. Bir çıxış yolu da görünmür, – bunu atası deyirdi.
– Bəlkə heç bura gəlib çıxmayacaqlar? Allah kərimdir, – Əlinin atası ümidini üzmürdü.
Atası yenə də etiraz edirdi: – Bəs gəlsələr necə? Bu silahsız camaat, arvad-uşaq nə qədər kəsə biləcək onların qabağını?
– Bacardığımız qədər döyüşərik. Əlimizdən daha nə gəlir ki, – bu da kiçik əmiləri idi.
– Biz döyüşdük, bəs arvadlarımız, uşaqlar? Onları qoyub öləcəyik? Özün gördün ki, o biri kəndlərdə arvad-uşağın başına nə oyunlar açıb köpəkdən törəmişlər, – bunu deyən də atası idi.
– Yaxşı, onda fikrin nədir?, – Əlinin atası soruşdu.
– Hər nə olur-olsun, ermənilərin əlinə keçməməlidirlər.
– Necə?
– Dənizdə boğacağıq onları, – bu hökmü də ağır bir pıçıltı ilə atası verdi.
– Sən nə danışdığını bilirsən? Arvadlarınızı, uşaqlarınızı öz əllərinizlə öldürmək istəyirsiz?, – kiçik əmiləri qardaşının verdiyi hökmdən dəhşətə gəlmişdi.
Əlinin atası da bu fikirlə həmrəy olduğunu bildirdi: – Başqa nə təklif edirsən? Verək dığaların əlinə, başlarına min oyun açıb sonra öldürsünlər?
Kiçik əmiləri hələ də etiraz etməkdə davam edirdi: – Deməli, sən də razısan. Axı əliniz necə qalxacaq belə şeyə? Öz ailənizi öldürə biləcəksiz?
– Mən də ondan qorxuram. Fikirləşəndə ki, qızım məndən kömək gözlədiyi vaxtda mən onun başından basıb…, – atası qəhərləndi, cümləsini bitirə bilmədi.
– Görürsən ki, sözdə desən də, belə iş görə bilməzsən, – qardaşının sözündən sonra kiçik əmiləri bir az rahatlanmışdı sanki.
– Ona görə də bu işi bizim əvəzimizə sən edəcəksən, -yox, atası fikrindən dönməmişdi.
– Sən nə danıışırsan? Mən sizin üçün nəyəm? Qatil?, – əmisi qışqırdı.
– Bir az sakit danış, eşidə bilərlər, – Əlinin atası kiçik qardaşlarını sakitləşdirməyə çalışırdı.
– Bizi başa düş, elə vəziyyətdə zəiflik edə biləcəyimizdən qorxuruq. Necə olmasa, biz atayıq. Amma sən…, – atası sanki qardaşlarının ürəyini almaq istəyirdi.
– Deməli, siz bacarmazsız, amma mən hə? Sizin ürəyiniz var, mənim yoxumdur? Sizin üçün o uşaqlar doğmadır, mənə yad? Nə danışdığınızı bilirsiz?, – əmilərinin səsi titrəyirdi.
– Bəs sən öz doğma qardaşın uşaqlarını erməni nizəsində görməyə nə deyirsən? Bəlkə qardaşlarının qeyrətinin erməni oyuncağına çevrilməsinə sakit baxa biləcəksən? Bütün bunları götürə bilərsən?
Əmiləri susurdu. Uzun çəkən sükutu yenə də atası pozdu, – Qərarımız budur. Elə ki vəziyyətin çıxılmaz olduğunu başa düşdük, sənə işarə edəcəyik. Bağların arası ilə onları aparıb dənizə çıxarırsan. Sonra nə etməli olduğunu da özün bilirsən…
Əmiləri daha etiraz etmirdi, müti bir səslə, – Mən… Axı necə edəcəyəm… Bəlkə arvadlarınıza deyəsiniz? Başa salın onlara ki, bu mənim qərarım deyil…, – dedi.
– Yox, lazım deyil. Vaxtı çatanda özləri başa düşəcəklər. İndidən qorxmasınlar. Həm də ki, can şirin şeydir. Arvad tayfası da ki…
Qardaşların daha nədən danışdığını uşaqlar bilmədilər. Bir-birinin əlini möhkəm sıxmışdılar. Dodaqları da beləcə möhkəm sıxılmışdı. Sanki ağızlarını açınca səslə bərabər canlarının da çıxacağından qorxurdular. Amma göz qapaqlarını nə qədər sıxmağa çalışsalar da, göz yaşlarını saxlaya bilmirdilər. Bir-birinə baxır, nə isə demək istəyirdilərsə də, bacarmırdılar. Axı nə deyəydilər, hər ikisi deyə biləcəklərini əvvəlcədən bilirdi. Onları dənizə aparacaq, orada da suya basıb öldürəcəklər. Özü də bunu doğma atalarının tapşırığı ilə istəkli əmiləri edəcək!
– Gizlənmək lazımdır, – bunu Əli təklif etmişdi.
Canını xilas etmək, həyatını qorumaq uşaq-böyük bilməzmiş. Ağlın kəsdi-kəsmədi, özünü qorumaq istəyirsən. Fərq etməz, düşməndən ya da öz doğma atandan.
Əncir ağacının altında gizlənmişdilər. Daha etibarlı yer tapa bilməmişdilər. Həyətlərindəki əncir elə sıx idi ki, ağacdan çox kola bənzəyirdi. Həm də hələ alaqlardan təmizlənmədiyi üçün daha da qalın və keçilməz görünürdü. Uşaqlar da sığınacaq üçün məhz onu seçmişdilər. O əncir ağacını ki, anaları heç vaxt onun altında dayanmağa icazə verməz, “əncir ağacının altında cinlər yaşayır” deyib uşaqları qorxudardı. Bu gün “cin” onlar üçün qorxusuz görünürdü. Əsas olan atalarından qorunmaq idi. Bir də dənizdən…
Həmin gün valideynləri uşaqları çox axtarıb, yalnız hava qaralanda yatmış halda əncir ağacının altından tapmışdılar.
Bağlarına heç bir erməni gəlməmişdi. Əmiləri də onları dənizə aparmalı olmamışdı.
Xatirələrində bir də Qurban bayramı qalmışdı. Qələbə bayramı kimi qeyd etdikləri bayram. Bütün qonşular kimi onların da valideynləri həmin gün qəşəng geyimli, qırmızı bayraqlı əsgərlərin qabağına bağ sovqatları – əncir-üzümlə çıxmışdılar. O bayramdakı sevinci daha heç vaxt görmədi. Elə bil hər kəs ürək dolusu ilə qeyd edə bilmədiyi Novruzun ləzzətini də həmin gün çıxarmaq istəyirdi.
İllər keçdikcə hamı hər şeyi unudurdu. Ağrılı günləri, düşmən fitnəsini, dost yardımını, qorxunu…
O da böyüdükcə çox şeyi başa düşdü, çox şeyi unutdu. Atasını da bağışlamışdı. Amma Xəzəri yox!
Bütün ömrünü Xəzərin sahilində yerləşən doğma, sevimli şəhərində keçirdi. Amma Xəzəri sevə bilmədi.
Xəzər ömrü boyu ona görə ölən ümidlərin qəbristanlığı kimi bir şey oldu. Hər hansı bir işdə çıxılmaz vəziyyətə düşən kimi dəniz gözlərinin qabağına gəldi.
Xəzərin ətrini uddu, ondan gələn küləkləri nəfəs kimi çəkdi. Amma sularını qəbul edə bilmədi, bircə dəfə də ayağı o sulara toxunmadı.
Yox, o, dənizdən qorxmurdu. Xəzərə nifrət etməyə, söyməyə də haqqı çatmırdı. Bilirdi ki, nə vaxtsa hər şeydən, hər kəsdən əli üzülsə, bir sığınacağı var və bu, Xəzərdir. Can alıb, ad, namus qoruya bilən sığınacaq.
*****
Hələ də göz yaşlarının və təsbeh muncuqlarının səsinin müşayəti ilə heç kəsin anlamadığı sözləri pıçıldayırdı:
– Araz Xəzərə tökülür… Araz Xəzərə tökülür…
Radioda isə bir az əvvəlki xəbərlərin təkrarı gedirdi:
– …Müxbirimizlə söhbətləşən kənd camaatı bu döyüşün 1992-ci ilin ən qızğın və ağır döyüşü olduğunu deyiblər… Ermənilərdən canını qurtarmaq istəyən qadınlar öz uşaqlarını qucaqlarına alaraq Araz çayına baş vurublar. Çayın axını güclü olduğu üçün az sayda qadın canını xilas edə bilib. Əksəriyyət isə suda boğularaq həlak olublar…

aprel, 2011

Qiymətləndirin:

BİR SUALA ÜÇ CAVAB

Posted by Şəbnəm on İyun 13, 2011
Dərc edildi: Nəsr. Bir şərh yazın

– Uğrunda canını verməyə hazır olduğun biri varmı?
– Var. Amma canımı vermərəm. Çünki o mənim yarımdır. Mənim mövcud olmadığım bu həyatda onun varlığı mənasız bir şeydir.
***********************************************
– Uğrunda canını verməyə hazır olduğun biri varmı?
– Var. Heç nə düşünmədən canımı onun yolunda fəda edərəm. Çünki o elə mənəm, demək olar. O varsa, o xoşbəxtdirsə, bu mənə yetər.
***********************************************
– Uğrunda canını verməyə hazır olduğun biri varmı?
– Var. O, nə vaxt istəsə, onda da canımı alacaq. Çünki o mənim Yaradanımdır. Bu canı o verib, o da ala bilər. Baxmayaraq ki, onun heç nəyə, elə mənim fədakarlığıma da ehtiyacı yoxdur!

Qiymətləndirin:

ŞEİR YAZARDIM

Posted by Şəbnəm on İyun 6, 2011
Dərc edildi: Şeirlər. Bir şərh yazın

Bacarsaydım, şeir yazardım,
Torpağa,
Yağışa,
Torpağın yağış ilə görüşündən yaranan qoxuya…
Sənə,
Mənə,
Sənlə mənim görüşməyəcəyimiz fikrindən doğan qorxuya…
06.06.2011

Qiymətləndirin:

QARA (virtual söhbət)

Posted by Şəbnəm on May 19, 2011
Dərc edildi: BUTA,Nəsr. 2 Şərh

Bu gündən “Buta- virtual aləm” silsiləsindən yazılar yerləşdirmək qərarına gəlmişəm. İlk yazını təqdim edirəm.

– Səni görmək istəyirəm.
– Hm…
– Nə oldu?
– Heç. Cavab tapmadım sözünə.
– Niyə ki?
– Çünki lap əvvəldən görüşməyəcəyimizi sənə demişdim. İndi birdən durub belə deməyin…
– Ürəyimdən keçdi, dedim. Belə yazmağına inanmıram, bilirəm ki, indi sən də məni görmək istəyirsən.
– Axı bu haqda danışmışdıq.
– O danışıq əvvəl olmuşdu, məni elə də yaxşı tanımadığın vaxtlarda. İndi isə başqa cür fikirləşirsən. Düz deyirəm?
– Nə isə…
– Həmişəki kimi. Yenə də sualımdan yayınmaq üçün bu “nə isə”ni atdın ortaya.
– Yaxşı da, bəsdir…
– Gəl, görüşək. Elə indi, bu dəqiqə.
– Dəlisən? Saata bax, gecəyarıdan bir saat keçib.
– Nə olsun ki? İstəsən alınar.
– Bu vaxt? Həm də hərəmiz şəhərin bir tərəfində yaşayırıq axı.
– Dedim ki, alınar. Təki, sən istə. Nə deyirsən, istəyirsən?
– Yaxşı, tutaq ki, istəyirəm.
– Bax, indi ikimiz də eyni anda eyvana çıxırıq.
– Sonra?
– Səmaya diqqətlə baxıb ən parlaq ulduzu tapırıq.
– Və?
– O ulduzda mən sənin üzünü görəcəyəm. Əgər ürəkdən istəsən, sən də məni görə bilərsən.
– Yaxşı da, güldürmə məni.
– Gülməlidir ki?
– Zəhləm gedir bu Şekspir variantlı ay-ulduz romantikasından da.
– Bunun Şekspirə nə aidiyyatı? O da belə görüşə çıxırdı?
– Orasını dəqiq bilmirəm. Amma hər dəfə belə romantik sözlər görəndə Şekspirin sona qədər oxuya bilmədiyim “Romeo və Cülyetta”sı gəlib durur gözümün qabağında.
– Niyə oxuya bilməmisən o əsəri?
– Oxuyanda hiss elədim ki, sonuna çatsam, gülməkdən ölə bilərəm.
– “Romeo və Cülyetta”nın komediya olduğunu da səndən öyrəndim.
– Komediyadır da. Adam bir neçə saat əvvəl gördüyünə vurulub elə axmaq sözlər deyə bilər?
– Adam hətta heç görmədiyinə də vurula bilər.
– Məsələn, bizim dastanlarda olduğu kimi? Oğlan yatır, yuxuda ona “buta” verilir. O da “buta”sını tapmaq üçün diyar-diyar gəzir.
– Sən dastan danışırsan. Mən isə müasir dövrün məhsulu olan virtual sevgini nəzərdə tuturdum.
– Hə, aydındır…
– Nə deyirsən, görüşək?
– Sən hələ də ay-ulduz halındasan?
– Hə.
– Eyvana çıxım indi?
– Tənbəlliyini kənara qoy. Dur kompyuterin qabağından.
– Oldu. Daha sənsən də.
– Getdik…

*****
– Eh… Alınmadı.
– Sizin tərəfdə də ulduz yoxdur?
– Lənətə gəlsin Qara Keşiş!
– Bu gecə vaxtı Qara Keşiş haradan düşdü yadına? Yoxsa sən hələ də dastandasan?
– O vaxt “qaratikan” oldu, indi də “qara bulud”. Görə bilmədim səni…

Qiymətləndirin:

BİR YUMRUQLUQ

Posted by Şəbnəm on May 2, 2011
Dərc edildi: Şeirlər. Bir şərh yazın

Bir yumruqluq canı var bədbəxtin,
Bir yumruqluq da eşqi.
Bəlkə nə vaxtsa bir yumruq onu yerə yıxacaq.
Bəlkə də elə bir yumruqla canı çıxacaq.
Sinəsindən bir yumruqluq səs azalacaq,
Dünyadan bir yumruqluq eşq.
Səssiz bədəni udan acgöz torpaq
O bir yumruqluq eşqi sığdıra bilməyəcək özünə…
Bir yumruq eşq yayılacaq göy üzünə…

1 May, 2011

Qiymətləndirin:

ÖLÜMDƏN YAZMASAM…

Posted by Şəbnəm on Mart 16, 2011
Dərc edildi: Şeirlər. Bir şərh yazın

“Ölümdən yazma” deyirlər.
Mən yazmasam, ölüm gəlməyəcək sanki.
Ölüm də ilk sevgi deyil ki,
Unutmağa çalışdıqca güclənsin…
Ey Siz, kor şeytan üçün bir də “qulağı kar olsun” deyənlər!
Nə deyirəm, olsun təki.
Amma bircə onu bilin ki,
Şeytandan daha qüdrətlisi var:
Hüzuruna günah dolu yüklə tələsdiyim ALLAH!
Və yükümün bir hissəsi – Sevgi!

15.03.2011

Qiymətləndirin:

TORPAQ ÇƏRŞƏNBƏSİ

Posted by Şəbnəm on Mart 16, 2011
Dərc edildi: Şeirlər. Bir şərh yazın

(Həyataxır çərşənbələr)

Paralanmış,
Yaralanmış,
Yurd,
Vətən,
Bir “Ol” nidası ilə mənə çevrilən
Torpaq!
Bu gün hamı səni öyür, səndən danışır,
Məndən savayı.
Amma ki,
Nə çıxar sözlərdən – boş, mənasız, havayı…
Bu gün səndən yaza bilmirəm,
Məni bağışla.
Çünki göylərdəyəm, səndə yox.
Yalnız bir günlük…
Tezliklə enəcəyəm, gözlə,
Qarşıla,
Alqışla.
Səni vəsf edəcəyəm…
Sözlə?
Təbii ki, yox!
Qoy, hamı səni öysün, səndən danışsın,
Şəbnəm isə ölsün, sənə qarışsın…

15.03. 2011

Qiymətləndirin:

Yazı naviqasiyaları

← Əski yazılar
Yeni Yazılar →
  • Kateqoriyalar

  • Ən son yazılar

    • YANĞINDAN SONRA
    • 2012-ci ilin yekunları
    • İŞGÜZAR YUXULAR
    • AYIN ON SƏKKİZİ
    • Əvvəlcə AZADLIQ gəldi
    • QAN PULU
    • “ASSORTI FOR YOU”
    • OYNANILMAMIŞ ROLLAR
  • Ən çox oxunan yazılar

    • YANĞINDAN SONRA
    • 2012-ci ilin yekunları
    • İŞGÜZAR YUXULAR
    • AYIN ON SƏKKİZİ
    • Əvvəlcə AZADLIQ gəldi
    • QAN PULU
    • “ASSORTI FOR YOU”
    • OYNANILMAMIŞ ROLLAR
    • RAMAZAN ŞEİRİ
    • SƏN YOXSAN
  • Təqvim

    Fevral 2023
    BE ÇA Ç CA C Ş B
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728  
    « Yan    
  • Sonuncu şərhlər

    ARAZ XƏZƏRƏ TÖKÜLÜR üçün Şəbnəm
    ARAZ XƏZƏRƏ TÖKÜLÜR üçün enigmatic22
    YANĞINDAN SONRA üçün Şəbnəm
    YANĞINDAN SONRA üçün Mircelal
    MƏN VƏ ŞAXTA BABA üçün Şəbnəm
  • Elektron poçtla yeniliklər haqqında bildiriş almaq üçün e-mail ünvanınızı bura daxil edin.

    Digər 17 abunəçiyə qoşulun
  • Bloqun ümumi statistikası

    • 9. 931 baxış
  • SAYĞAC

    free counters
  • İLK 10

    ILK-10 Azeri Website Directory
  • Arxiv

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Parament tərəfindən WordPress.com.
Şəbnəmin bloqu
WordPress.com Bloqu. Mövzu: Parament.
Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Şəbnəmin bloqu
    • Already have a WordPress.com account? Log in now.
    • Şəbnəmin bloqu
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...