Yuxular görürəm,
Qarmaqarışıq,
Filmlər kimi,
Əvvəli-sonu bilinməyən…
Fonda qırmızı işıq,
Kadr, bəlkə də gözlərim əyri, köndələn.
Üç günlük körpə danışar:
“Məni gəzməyə apar”,
Sonra da durub özü gedər gəzməyə,
Qorxusu qalar, canına hopar.
Fonda Keiko Matsui səslənər ağır-ağır,
Ekranda balaca gölməçə – qan.
Bu qanın içində bir qız bağlı gözləri ilə baxar fağır-fağır.
Bir gənc asıb özünü tavandan,
Masanın üzərində iki yanan siqaret
Və kiçik vida məktubu:
“Əzrayılın arxasınca get!”
Bir də sakitcə ürəyini tutub ölən var,
Bu sakitlikdən əsir
Ürəklər,
Dodaqlar,
Kadrlar…
Qorxudan “stop”u basmaq istəyirsən,
Amma yuxudan ayılmaq olmur,
Və ya hamısını işarələyib “delete”-i sıxmaq…
O da alınmır – insan istədiyi vaxt ölmür.
Kadrda göy dənizdir,
Orada da kimsə boğulur…
“Eybi yox, su aydınlıqdır” –
Yuxudaca ümid doğulur.
Və qəbrlər görünür,
Rəngbərəng, cürbəcür…
Fonda musiqi kəsir,
Qəfil “Külək” səslənir, əsir:
“O deyir astaca “sevmirəm səni””
Və sən gəlirsən o anda,
Final maraqlı olsun deyə,
Ala gözlər iri planda,
Pıçıldayırsan:
“Sevirəm səni.”
Bu etirafdan tüklərim biz-biz olur,
Özümə gəlməmiş gülürsən:
“Amma bu yuxudur, yuxular tərs yozulur.”
Ardınca da titrlər…
Saxlamaq istəyirəm onları,
Amma çətin…
Yarımçıq qalır son kadrarxası mətn,
Deyə bilmirəm:
“Nolar, yuxuda mənə nifrət et…”
27 noyabr, 2012